NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Moldova portalı: Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış etdi

...

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir.
"Şərq qapısı" xəbər verir ki, Moldovanın “Noi.md” xəbər portalında rus və rumın dillərində nəşr edilən “Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış edib” sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib.
Məqalədə bildirilir ki, hətta gecə vaxtı aparılan mürəkkəb danışıqların nəticəsi artıq “Bakı sıçrayışı” adlandırılan razılaşma oldu: inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək iqlim maliyyəsi üçün ildə ən azı 300 milyard dollar ayrılacaq. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş tədbirin təşkilatçılarının peşəkarlığını xüsusilə yüksək qiymətləndirdi və onun uğurunda könüllülərin mühüm töhfəsini vurğuladı. Yekun bəyanatında Quterreş COP29-da əldə olunan razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğuna diqqət çəkdi.
“COP29 irəliyə doğru mühüm addım idi. İndi biz hamımız əldə edilmiş razılaşmaları uğura çevirməliyik”, - deyə o fikirlərini yekunlaşdırıb. Söhbət, ilk növbədə, Bakı Maliyyə Məqsədi üzrə sazişdən - inkişaf etməkdə olan ölkələrə ildə 1,3 trilyon dollar məbləğində iqlim maliyyələşdirilməsi üzrə yeni öhdəlikdən gedir. 2035-ci ilədək inkişaf etmiş iqtisadiyyatlar qlobal iqlim dəyişikliyinə və ətraf mühitə dəyən ziyana qarşı xüsusilə həssas dövlətlərə ən azı 300 milyard dollar ayıracaq.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev COP29-da əldə olunan razılaşmanı “epoxal mərhələ” adlandırdığı qeyd edilib. Eyni zamanda, vurğulanıb ki, Azərbaycan müstəmləkəçilik nəticəsində daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi”.
Yazıda xarici ölkələrin dövlət başçılarının COP29 və onun nəticələrinə dair fikirləri də yer alıb.

Nəşr edilib : 30.11.2024 18:57