NAXÇIVAN :

10 May 2026, Bazar

Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb

...

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olaraq “Aşıq Ələsgərin anım tədbirləri” adlı layihənin icrasına başlayıb.
İctimai Birlikdən bildirilib ki, layihənin əsas məqsədi aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Ələsgərin zəngin yaradıcılıq irsinin, xüsusilə gənc nəsil arasında geniş təbliğinə töhfə vermək, milli poeziya və aşıq sənətinə marağı artırmaq, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsini təşviq etməkdir.
Azərbaycan xalqının mənəvi yaddaşında mühüm yer tutan Dədə Ələsgər yaradıcılığı əsrlər boyu xalqın düşüncə tərzini, mənəvi dünyasını və milli kimliyini yaşadan əsas ədəbi-mədəni qaynaqlardan biri olub. Müasir dövrdə qloballaşma və xarici mədəni təsirlərin artdığı bir şəraitdə milli irsin təbliği və gənclərin aşıq sənətinə marağının artırılması xüsusi aktuallıq daşıyır. Layihə də məhz bu istiqamətdə maarifləndirici və mədəni fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.
Layihə çərçivəsində Naftalan, Goranboy, Göygöl və Samux rayonlarında Aşıq Ələsgərin xatirəsinə həsr olunmuş silsilə anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində aşıq sənəti nümunələrinin təqdimatı, ustad sənətkarın həyat və yaradıcılığına dair çıxışlar, eləcə də gənc aşıqların iştirakı ilə bədii proqramlar təşkil ediləcək.
Anım tədbirləri vasitəsilə iştirakçılar Dədə Ələsgər poeziyasının fəlsəfi dərinliyi, milli-mənəvi dəyərlərə bağlılıq ruhu və Azərbaycan aşıq sənətinin inkişafındakı rolu barədə ətraflı məlumat əldə edəcəklər.
Layihə iyulun 31-dək davam edəcək.

Nəşr edilib : 09.05.2026 22:52