Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılan şəxs...
13:00 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Naxçıvanın qədim məhəllələrindən birindəki balaca bir emalatxanada 45 ilə yaxındır ki, İsmayıl kişi papaq tikir. Sənətini ürəkdən sevən sənətkar gördüyü işdən həm pul qazanmağı, həm də zövq almağı bacarır. Onun tikdiyi papaqlar gözəlliyi, keyfiyyəti ilə seçilir. Ömrünü bu sənətə həsr edən usta hazır papaq nümunələri ilə yanaşı, sifarişçinin zövqünə, sənətinə uyğun papaqlar da tikir. Papaqçılıq sənətini bu gün də qoruyub saxlayan usta deyir ki, istənilən sənətdə olduğu kimi, ömrünü bu sənətə həsr etmiş insanda gərək həvəs, istək olsun. Bunlar olmasa, keyfiyyətli iş də ortaya çıxmaz. İsmayıl kişi deyir ki, papaq başa yaraşıq verir, ümumiyyətlə, Azərbaycan kişilərinə papaq çox gözəl yaraşır. Həm də papaq xalqımız üçün ta qədimdən cəsarət, ləyaqət, şərəf rəmzi olub, hörmət simvolu sayılıb.
İsmayıl usta bizə bu sənətin tarixi barədə də məlumat verir. Deyir ki, tarixboyu ölkəmizdə papağın bir çox növlərindən istifadə edilib. Onların müxtəlif formaları və özünəməxsus adları mövcud olub. Məsələn, oğlan uşaqları üçün hazırlanan papaqlara “tərlik” deyirlər. Ancaq tərlik papaq qədər qalın olmur və açıq-qırmızı rəngdə bir qat toxunan formaya malikdir. Bu papaq formasının Səfəvi hökmdarlarının “Qızılbaş” ordusundan qalması zənn edilir. Milli geyimlərimizin mühüm elementlərindən biri olan araqçını isə ictimai yerlərdə papaqsız taxmaq ədəbsizlik hesab olunurdu. Belə baş geyimlərinin forması həm də onun daşıyıcısının sosial vəziyyətinin göstəricisi sayılırdı. Məsələn, xalqımız arasında ən geniş yayılan papaqlardan biri də motal papağı olub. Ondan, əsasən, yoxsul təbəqəyə mənsub insanlar və çobanlar istifadə edərdi. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqə isə buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya itiuclu formada hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa “şiş papaq” və ya “bəy papaqları” da deyilirdi.
Papaqçı onu da diqqətimizə çatdırır ki, papaqların hazırlanmasında müxtəlif növ materiallardan istifadə edilsə də, dəridən hazırlanan papaqlar daha çox üstünlük təşkil edir. İndi müasir dövrün tələblərinə uyğun olaraq yeni papaq növləri yaradılır. Əvvəllər kişilər daha çox buxara, çapma, şiş, sarıq kimi papaq növlərinə üstünlük verirdilər. Bu gün isə, əsasən, kepka tipli papaqları daha çox sifariş edirlər. Təbii ki, günümüzün dəb və zövqünə uyğun olaraq bu növlərin bir çoxu istifadə edilmir. Bununla belə yaşlılar arasında buxara papaqları tikdirmək istəyənlər də az deyil.
Qeyd edək ki, min illərlə yaşı olan papaqlarımız bu gün də öz dəyərini saxlayır. Hər il muxtar respublikamızda keçirilən xalq yaradıcılığı günlərində papaqçılıq pavilyonlarının açılması, tamaşaçıların bu nadir sənət nümunələrinə böyük maraq göstərməsi, el məclislərində milli geyimlərimizdən, o cümlədən baş örtüklərindən geniş istifadə edilməsi xalqımızın milli dəyərlərinə olan ehtiramından xəbər verir. Papaqlar məişət mədəniyyətimizdə elə dərin izlərlə kök salıb ki, ondan istifadə bu gün də aktualdır.
İsmayıl kişinin sözlərinə görə, papaqçılıq həmişə çətin olub, dünən də, elə bu gün də. Düzdür, qış aylarında işimiz pis olmur, şükür Allaha, özümüzü dolandırırıq, amma yay aylarında bir az çətindir.
İsmayıl usta hərdən yorulsa da, papaqçılıq sənətini seçdiyinə görə peşman deyil. Usta deyir ki, indi çox az adam papaq tikir, çünki çox az adam papaq qoyur. Amma nə yaxşı olardı ki, milli adət-ənənələrimizi, qədim papaqçılıq sənətini yaşatmaq üçün hər kəs ömründə bir dəfə özünə papaq tikdirib həm qarderobunu zənginləşdirərdi, həm də papaqlı babalarımızın ruhunu şad edərdi.
Gülcamal TAHİROVA
Digər xəbərlər