ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezlik...
16:59 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Uzun illərdir ki, Naxçıvan Dövlət Universitetində çalışan Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov ədəbiyyatımızın korifey sənətkarı Cəlil Məmmədquluzadə, onun naşiri olduğu “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə bağlı araşdırmalar aparır, dəyərli elmi nəticələrlə bu qiymətli sahələri zənginləşdirir. Qeyd olunmalıdır ki, İman Cəfərovun tədqiqatları Mirzə Cəlil dahiliyinə, “Molla Nəsrəddin” yanğısına böyük sevgi və məhəbbətdən yaranıb. Hər araşdırmasında Mirzəcəlilşünaslara məlum olmayan hər hansı kiçik bir nüans tədqiqatçının məhsuldar fəaliyyətinin bəhrəsi kimi diqqəti çəkir.
Bu günlərdə İman Cəfərovun “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktoru, Əməkdar elm xadimi İsa Həbibbəylinin, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hikmət Mehdiyev və Şəhla Şirəliyevanın rəyçiliyi ilə çapdan çıxmış “Molla Nəsrəddin” jurnalı və Şərq ədəbiyyatı” adlı monoqrafiyası müəllifin bu istiqamətdəki fəaliyyətinin davamı kimi təqdir olunmalıdır.
Bu Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə böyük töhfə və mətbuat araşdırmaçıları üçün maraq və faktlarla dolu bir mənbədir. Kitabda “Molla Nəsrəddin” jurnalının Şərq ədəbiyyatı ilə əlaqələri, bu jurnalın ideya-estetik prinsipləri və klassik Şərq ədəbiyyatının onun məzmununa təsiri geniş şəkildə araşdırılmış, konkret olaraq jurnalda çalışan müəlliflərin orta əsrlər Şərq ədəbiyyatına münasibəti, Əbülqasim Firdovsi, Ömər Xəyyam, Sədi Şirazi, Hafiz Şirazi kimi qələm sahiblərinin yaradıcılığında materialların bədii-publisistik xüsusiyyətləri dəyərləndirilib.
Kitaba ön söz yazan müəllifin bir qənaəti ilə şəksiz razılaşırıq: ...Azərbaycan ədəbiyyatşünaslığının ən inkişaf etmiş sahələrindən biri Mollanəsrəddinşünaslıqdır. Bu qənaət sonrakı səhifələrdə bir daha təsdiq olunur. Belə ki, beş fəsildən ibarət olan monoqrafiyanın “Azərbaycan ədəbiyyatşünaslığında “Molla Nəsrəddin” jurnalı və Şərq ədəbiyyatı problemi” adlı birinci fəslində Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalına Sədi Şirazinin “Gülüstan” və “Bustan”, Şərq ədəbiyyatının digər dəyərli qələm sahiblərinin əsərlərinin təsirindən bəhs edən müəllif çox doğru olaraq belə qənaətə gəlir ki, digər tədqiqatçıların əsərlərinin əksinə olaraq Nikolay Qoqoldan daha çox məhz Şərq mütəfəkkirlərinin dünyagörüşü və satirik üslubu bu jurnalın ideyalarının formalaşmasına təsir göstərmişdir. Bu baxış Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” məktəbinin daha geniş kontekstdə öyrənilməsinə imkan yaradır.
İkinci fəsildə “Molla Nəsrəddin”də Firdovsi sənətinə münasibətin ədəbi-estetik prinsipləri təhlil olunur. Üçüncü və dördüncü fəsillərdə isə Ömər Xəyyam optimizmi ilə “Molla Nəsrəddin” realizmi arasındakı ortaq məqamlar və Mollanəsrəddinçilərin sənət məktəbi ilə Sədi Şirazinin yaradıcılığı arasındakı əlaqələr araşdırılır. Müəllif göstərir ki, satirik jurnalın ideyaları ilə Şərq klassiklərinin fəlsəfi baxışları arasında mühüm oxşarlıqlar mövcuddur.
Kitabın beşinci fəslində məhkum Şərqə münasibətdə Hafiz Şirazi şeiri və “Molla Nəsrəddin” tənqidi realizmi mövzusuna diqqət yetirilib. Müəllif bu fəsildə jurnalın Şərqin intellektual və ictimai problemlərinə necə yanaşdığını, Hafiz Şirazinin qəzəllərindəki romantika və fəlsəfi fikirlər ilə “Molla Nəsrəddin” və Cəlil Məmmədquluzadə yaradıcılığındakı realizminin ortaq məqamlarını oxucuya təqdim edir.
İman Cəfərov öz tədqiqatında mollanəsrəddinçilərin sənət məktəbinə dair aparılmış əvvəlki araşdırmalara istinadən bu sahədə tanınmış tədqiqatçıların, qələm sahiblərinin fikirlərini təhlil edərək yeni nəticələr ortaya qoyur. Bununla yanaşı, müəllif Cəlil Məmmədquluzadənin təhsilində və dünyagörüşünün formalaşmasında böyük rol oynamış yazıçı və mütəfəkkirlər haqqında da məlumat verir.
Əsərin elmi və praktiki əhəmiyyəti xüsusilə Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün mühüm vəsait olması ilə də seçilir. Monoqrafiya təkcə ədəbiyyatşünaslıq sahəsində deyil, həm də mətbuat tarixinin öyrənilməsində əhəmiyyətli mənbə rolunu oynayır. Müəllifin analitik yanaşması, müqayisəli tədqiqat aparması və tarixi kontekstdə məsələləri izah etməsi əsərin dəyərini daha da artırıb.
Yeni nəşr “Molla Nəsrəddin” jurnalının Şərq ədəbiyyatı ilə əlaqələrini dərin tədqiq edən və bu sahədə yeni elmi nəticələr ortaya qoyan sanballı bir monoqrafiyadır. Əsər gələcək tədqiqatlar üçün də istiqamətverici bir nəşr, həmçinin jurnalistika və filologiya sahəsində çalışan mütəxəssislər, tələbələr və ümumiyyətlə, Azərbaycan ədəbi-mədəni irsi ilə maraqlananlar üçün əhəmiyyətli hədiyyədir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər