Astanada Azərbaycan mədəniyyəti və qastronomiyası ...
22:44 28.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Xalqımız zəngin mədəniyyətə, yüksək mənəvi dəyərlərə sahibdir. Bu dəyərlərin qorunması, illərin sınağından üzüağ çıxması, müxtəlif dönəmlərdə antimilli rejimlərə sinə gərməsi Azərbaycan mədəniyyətinin köklü ənənələrinin, xalqın öz ənənələrinə sahib çıxmaq əzminin göstəricisidir. Mədəniyyətə, mədəniyyətin daşıyıcılarına ən yüksək qiyməti isə Ulu Öndər Heydər Əliyev vermişdir. Onun rəhbərliyi ilə hələ ötən əsrin 70-80-ci illərində mədəni və ədəbi irsimizə, rəssamlıq, heykəltəraşlıq, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmış, bu isə, öz növbəsində, mədəniyyət və incəsənət sahələrinin şaxələnməsinə, bu sahəyə marağın artmasına böyük töhfə ilə nəticələnmişdir.
Dahi şəxsiyyət yaxşı bilirdi ki, bir xalqın var olması, məxsus olduğu dövlətin dünyada tanıdılmasında əsas sütunlardan biri də mədəniyyətdir, onun adət-ənənələrinin qorunması, gələcək nəsillərə ötürülməsidir. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dönəmlərində bu sahənin inkişafını diqqətdə saxlamış, bir çox mədəniyyət xadimlərinin yubileylərində özü şəxsən iştirak etmiş, gözəl ənənələrin təşəbbüskarı olmuşdur. Dahi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğulduğu Naxçıvan torpağına gətirilməsi isə bir xalqın mənəviyyatına, ədəbi mühitinə, şəxsiyyətinə göstərilən sayğının ən bariz nümunəsi idi. 1956-cı ildə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü bir dövrdə bu, olduqca müşkül məsələ idi. 1982-ci ilin oktyabrın 3-də Heydər Əliyev Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı göstəriş verdi. Beləliklə, Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi. Böyük çətinliklər bahasına da olsa, həmin il Hüseyn Cavidin nəşi Naxçıvana gətirildi və evinin qarşısında torpağa tapşırıldı. Şairin doğulub boya-başa çatdığı evin muzey kimi fəaliyyətə başlaması da məhz Ulu Öndərin Azərbaycan muzeyşünaslığına, eləcə də görkəmli şəxsiyyətlərin irsinin toplanıb qorunmasına, təbliğinə xidmət edən məsələlər sırasında idi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il iyul ayının 21-də “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul olunan Qərardan sonra böyük şair və dramaturqun uşaqlıq və gənclik illərini yaşadığı evdə muzeyi yaradılıb. Bu tədbirlərin hər biri, xüsusən də Hüseyn Cavidin onilliklərdən sonra doğma torpağa tapşırılması tarixi hadisə idi.
Yaradıcılığa, quruculuğa, mədəni intibaha böyük önəm verən və qərarlarında prinsipial mövqe göstərən Ulu Öndərin, əslində, hədəfi Azərbaycanın müstəqil gələcəyinə hesablanmışdı. Rəhbərliyi dövründə Azərbaycan hərtərəfli inkişafa nail olmuş, milli dəyərləri, tarixi abidələrin qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. 1981-ci ildə “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarın qəbul edilməsi Heydər Əliyevin sovet hakimiyyəti dövründə maddi-mədəni irsimizə vətənpərvər yanaşmasını əks etdirən və abidələrimizin tədqiqi və mühafizəsi üçün böyük əhəmiyyət kəsb edən dövlət sənədi idi. Qərarda Azərbaycandakı dini abidələrin, o cümlədən Naxçıvandakı Qarabağlar türbəsinin təmir-bərpa işlərinin vacibliyi qeyd edilmişdir.
Sovet ideologiyasının tüğyan etdiyi bir zamanda mənəvi və milli dəyərləri özündə ehtiva edən abidələri qorumaq, bu məqsədlə əməli işlər görmək cəsarət tələb edirdi. Qərarda həm də abidələrin tədqiqi, aparılan elmi işlərin genişləndirilməsi və bu istiqamətdə təbliğat işlərinin aparılması üçün bütün nəşriyyat orqanlarına, kütləvi informasiya vasitələrinə tarixi abidələrin təbliği ilə bağlı müvafiq işlərin gücləndirilməsi, Azərbaycan və xarici dillərdə nəşrlərin artırılması məsələləri öz əksini tapmışdır. Belə bir dövrdə Ulu Öndər bütün maneələrə sinə gərərək əsl rəhbər və vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, abidələrin qorunması istiqamətində səylərini artırmışdır. Digər şəhərlərlə yanaşı, Naxçıvanın da tarixi-memarlıq irsinin mühafizəsini daim diqqətdə saxlayan Ulu Öndər 1999-cu ildə Möminə xatun məqbərəsini ziyarət edərkən demişdir: “Məni incidən odur ki, bizim xalqımız öz zəngin tarixini, zəngin mədəniyyətini, zəngin tarixi köklərini keçən əsrlərdə də, ondan sonrakı dövrdə də, indi XX əsrdə də birincisi öz xalqına göstərə bilməyib, ikincisi də dünyaya göstərə bilməyib. Dağılanlar dağılıb, amma qalanlar içərisində Möminə xatun məqbərəsi XII əsrdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu göstərir. Ancaq bu abidənin memarlıq qiyməti ilə bərabər daha böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu göstərir”.
Ölkəmizdə muzeyşünaslığın inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində onun rəhbərliyi ilə Azərbaycanda muzey şəbəkəsi genişləndirilmiş, tarix və ədəbiyyat profilli muzeylər, həmçinin görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi və təbliği məqsədilə zəngin ekspozisiyalara malik xatirə və ev-muzeyləri yaradılmışdır. Belə ki, 1981-ci ildə Ulu Öndərin təşəbbüsü ilə milli hərb tariximizin görkəmli nümayəndəsi Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar Naxçıvanda ev-muzeyi yaradılmışdır. Bununla belə M.S.Ordubadi,Yusif Məmmədəliyev, C.Məmmədquluzadə kimi görkəmli şəxsiyyətlərin ev-muzeylərinin fəaliyyətə başlaması, Şərur, Babək, Şahbuz, Culfa, Ordubad rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması da həmin dövrə təsadüf edir. Ulu Öndərin rəhbərliyi ilə muzeylərin sayı ölkə üzrə 29-dan 111-ə yüksəlmişdir. 1974-cü ildə Naxçıvan MSSR-in 50 illik yubileyinin keçirildiyi günlərdə dahi şəxsiyyət Ədəbiyyat Muzeyini ziyarət etmiş, muzey quruculuğunun mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin təbliğində və tanıdılmasında mühüm rolunu bir daha önə çəkmişdir.
Ümummilli Lider Heydər Əliyev 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illik yubileyi ilə əlaqədar doğma diyara səfər etmiş, yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin açılışı mərasimində iştirak etmişdir. Həmçinin Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində, Hüseyn Cavidin məqbərəsində və ev-muzeyində olmuş, 2002-ci ildə Naxçıvana növbəti səfəri zamanı Bəhruz Kəngərli Muzeyinin açılışında iştirak etmişdir. O, Kəngərlinin əsərlərini Azərbaycan mədəniyyətinin incisi adlandırmış, muzeyin yaradılmasını sənətə verilən dəyər kimi qiymətləndirmişdir.
90-cı illərdə mövcud vəziyyətlə əlaqədar yaşanan durğunluq mədəniyyət sahəsinə də təsirsiz ötüşməmişdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər öz tarixi xilaskarlıq missiyasını inamla, qətiyyətlə həyata keçirdi. Gələcək inkişafın əsasını qoyan böyük iqtisadi layihələrlə yanaşı, digər sahələrdə də canlanma müşahidə edildi. Xüsusilə mədəniyyət sahəsində qəbul edilən qərarlar, Dövlət proqramları, Azərbaycan mədəniyyətinin beynəlxalq təşkilatlarda təmsil olunması, UNESCO və ISESCO ilə əlaqələrin qurulması milli mədəniyyətimizin dünyaya açılan pəncərəsi oldu. Sənətə, sənətkara qiymət verildi. Görkəmli mədəniyyət xadimləri fəxri adlara, Prezident təqaüdünə, müxtəlif mükafatlara layiq görüldü.
Müstəqil Azərbaycanın memarı olan və bu yolda ömrünü şam kimi əridən dahi rəhbər ölkənin gələcəyini etibarlı əllərə əmanət etdi. İllərlə qurulanlar, yaradılanlar qorunmalı, xalqın müqəddəratı, gələcəyi aydın və işıqlı olmalı idi. Ulu Öndərin yolunu əzm və inamla davam etdirən ölkə başçısı İlham Əliyevin Azərbaycan dövlətinin dayaqlarının möhkəmlənməsi, sülhün, sabitliyin qorunması yolundakı səyləri ictimai həyatın bütün sahələrinin, o cümlədən mədəniyyətin inkişafında yeni səhifə açdı. Dahi rəhbərin mədəniyyət sahəsində başladığı islahatları uğurla davam etdirərək milli mədəniyyətimizin qorunması, təbliği istiqamətində daha böyük nailiyyətlərə imza atdı. Son illər keçirilən musiqi festivalları, yüksək səviyyəli mədəni tədbirlər, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri və digər tədbirlər bu sahəyə olan dövlət qayğısının bariz nümunələridir.
Ölkə başçısının diqqət və qayğısı ilə xalqımızın qədim və zəngin mədəniyyəti ölkəmizdən çox-çox uzaqlarda uğurla təbliğ olunur. Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri sayəsində zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrimiz dünyada tanıdılıb. Azərbaycan muğam sənəti ilk olaraq UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edilib. Eləcə də tarixin dərin qatlarından süzülüb gələn neçə-neçə irs nümunələrimiz, o cümlədən “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” təşkilatın müvafiq siyahılarına salınaraq bəşəri status qazanıb. Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2024-cü il fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. 2026-cı ildə qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.
Ölkə başçısının Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncamı, 2026-cı ilin martın 16-da “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında” Sərəncamı milli mədəniyyətimizin, tarixi irsimizin, memarlıq abidələrimizin qorunub saxlanılmasına qayğının bariz nümunəsidir.
Ölkə başçısının 2026-cı il 14 yanvar tarixli “Azərbaycan mədəniyyəti-2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı ölkəmizin mədəni inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Konsepsiya qlobal və daxili çağırışlar nəzərə alınmaqla Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin formalaşdırılması, inkişaf etdirilməsi və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi daşıyan strateji planlaşdırma sənədidir.
Bu gün həyata keçirilən məqsədyönlü, davamlı mədəniyyət siyasətimiz Azərbaycanı dünya arenasına çıxarır və ölkəmizin dünyaya mədəni inteqrasiya prosesi uğurla davam edir. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər