Serbiya mediası Azərbaycan Prezidentinin təyyarə q...
23:14 06.01.2025
0
0
0
NAXÇIVAN :
07 Yanvar 2025, Çərşənbə axşamı
31 dekabr - Azərbaycan tarixi üçün çox önəmli və şərəfli günlərdən biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu günü böyük qürur hissi ilə qeyd edir.
XIX əsrin əvvəllərindən başlayaraq tariximizdə baş verən hadisələr milli faciələrlə, müharibələrlə, soyqırımlarla, tarixi torpaqlarımızın işğalı, bölünməsi, soydaşlarımızın bir-birindən ayrı düşməsi, eləcə də tarixi torpaqlarımızdan, öz dədə-baba yurdlarından zorla köçürülməsi, habelə deportasiya olunması kimi tarixi ədalətsizliklərlə xarakterizə olunur. Müəyyən dövrlərdə Azərbaycan torpaqlarını parçalamaq, xalqı bölərək zəiflətmək, mübarizə əzmini qırmaq üçün bir sıra vasitələrdən istifadə edilmişdi. Xüsusilə də müxtəlif dövrlərdə erməni etnik pruplarının tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə xalqımız bir çox faciələrlə üzləşməli olmuşdu. Heç vaxt dövləti olmayan bu etnik qrup müəyyən dövrlərdə Azərbaycanın tarixi torpaqları hesabına dövlət yaradaraq məkrli niyyətlərinin müəyyən bir qismini həyata keçirmişdilər. Soydaşlarımızın öz dədə-baba yurdlarından, tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınması və deportasiyaya məruz qalması, habelə soydaşlarımıza qarşı tarixin müəyyən dövrlərində soyqırımlar törədilməsi ermənilər və onların havadarlarının hiyləgər planlarının nəticəsi idi. Düşmənin həyata keçirdiyi məkrli siyasət xalqımızın mübarizə əzmini heç vaxt qıra bilməmiş, milli birliyini poza bilməmişdir.
Bunun bariz nümunəsi 31 dekabr 1989-cu ildə başlanan və xalqımızın tarixinə “Sərhəd hərəkatı” kimi düşən milli birliyimizi və bölünməzliyimizi göstərən gündür. Həmin gündən bizi 35 il ayırır. Həmin gün xalqımızın mübarizə əzmi və güclü iradəsi ilə SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər və istehkam qurğuları sökülmüş, bir-birindən ayrı salınmış soydaşlarımızın qovuşması üçün tarixi şərait yetişmişdi. SSRİ-nin dağılmasından iki il əvvəl baş verən bu hərəkat bir-birindən ayrı düşmüş soydaşlarımızın qovuşmaq arzuları olsa da, həm də SSRİ-nin müstəmləkəçilik siyasətinə qarşı başlanmış hərəkat idi.
Xalqın çətin və ağır günlərində dahi siyasətçi, xalqın ümid yeri olan Ümummilli Lider Heydər Əliyev milli birlik, Azərbaycanın inkişafı və müdafiəsi naminə xidmət göstərmiş, Vətəni qorumaq üçün səfərbər olmuş, bütün dünya azərbaycanlılarının müstəqil Azərbaycan uğrunda çalışması və mübarizə aparması üçün fəaliyyət göstərmişdi. Ulu Öndər Heydər Əliyev 1991 – ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilərək müstəqil Azərbaycan uğrunda, eləcə də dövlət quruculuğu sahəsində ən mühüm fəaliyyətlərini sovet hakimiyyətinin hələ də mövcud olmasına baxmayaraq Naxçıvanda həyata keçirirdi. Azərbaycanın müstəqilliyinin və inkişafının əsasını təşkil edən xalqın milli birliyi üçün bir sıra mühüm addımlar atılırdı. Ulu Öndər Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasına, azərbaycanlı diasporunun təşəkkül tapmasına xüsusi əhəmiyyət verirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ümummilli Liderin sədrliyi ilə keçirilən iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmişdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qərar qəbul etmişdi. Bütün Dünya azərbaycanlıları bu günü böyük qürur hissi ilə bayram günü kimi qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqələr qurmaq və həmrəylik yaratmaq fəaliyyətində çox mühüm əhəmiyyətə malikdir.
Ulu Öndərin xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsində, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsi işində əsasını qoyduğu və həyata keçirdiyi siyasət müstəqil Azərbaycanın dayaqlarının möhkəmlənməsində mühüm rol oynamış, həmin siyasət Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində xalq-iqtidar-ordu birliyinin təntənəsinə çevrilmişdi. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində, eləcə də dövlət suverenliyimizin bərpa edilməsində milli birliyimizin rolu mühüm əhəmiyyət kəsb etmişdir.
Zəfər Qurultayı olaraq tarixə düşən Dünya Azərbaycanlılarının V Qurultayının 2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilməsi bu zəfərlərin xalqımıza bəxş etdiyi xoşbəxtlik və sevinc hisslərinin təzahürü idi. Şuşa mədəniyyət paytaxtı olaraq xalqımız üçün həm də zəfər, milli birlik, həmrəylik rəmzinə çevrilibdir.
Qazanılmış zəfərlər xalqımızın milli birliyi, həmrəyliyi və mütəşəkilliyinin möhkəmlənməsi istiqamətində həyata keçirilən siyasət və fəaliyyətlərin əhəmiyyətini bir daha göstərdi. Möhkəm təməllərlə əsası qoyulan bu siyasət xalqımızın birliyini, həmrəyliyini daha da gücləndirərək Vətənimizin bütövlüyünün, müdafiəsinin və inkişafının təmin edilməsində xüsusi əhəmiyyətə malik olacaqdır.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər