NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Milli azadlıq mübarizəsi

...

Azərbaycanın tarixində unudulması mümkün olmayan, bütövlükdə, xalqın qəlbində dərin iz salan elə hadisələr də vardır ki, heç zaman xalqın qan yaddaşından silinmir. Ermənilərin törətdikləri Xocalı soyqırımı da belə dəhşətli hadisələrdəndir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Vətən müharibəsində tarixi Zəfərdən sonra Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Azərbaycan xalqı son iki yüz il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından dəfələrlə qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş, on minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Hələ XIX əsrin ilk onilliklərində rus çarizmi tərəfindən əzəli Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər dəfələrlə fitnəkarlığa, xəyanətə əl atmış, öz havadarlarına arxalanaraq 1905-ci, 1918-1920-ci illərdə və digər vaxtlarda xalqımıza qarşı qanlı qırğınlar törətmişlər.

Tarixi faktlar təsdiqləyir ki, “dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar.

Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Soyuq, qarlı fevral gecəsində qız-gəlinlərimiz əsir düşmüş, girov götürülmüşdür. İnsanlar meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.

Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazısında Xocalıda baş verənlərin qabaqcadan hazırlanmış ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, burada məqsəd, bütövlükdə, bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizminin dünyanı məhz bu yolla “ram etməyə” çalışdığını göstərmək istəmişdir.

Faciənin baş verməsində əsas məsuliyyətin bilavasitə o zaman ölkəyə rəhbərlik edən qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü də açıq deməliyik. Hadisələrin ilkin dövrlərində ozamankı iqtidar Xocalı şəhərinin mülki əhalisinin xilası naminə vaxtında qətiyyətli tədbir görməmişdir. Dövlətin başında duranlar hadisədən sonra xalqın qəzəbindən qorxaraq onun miqyasını kiçiltməyə çalışmış, rəsmi məlumatlarda isə Xocalıda, guya “iki nəfərin öldüyü” bildirilərək əsl həqiqət barədə ictimaiyyətə yalan məlumat verilmişdir.

Xocalı faciəsi dünyada törədilən bir çox soyqırımı hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı Günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 1700-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Ulu Öndər Heydər Əliyev demişdir: “Bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət!” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalı qətliamını kəskin pisləyirlər. 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatı “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir.

Prezident İlham Əliyevin: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir” sözləri Zəfər salnaməmizin yazılmasında hər kəsin birliyini bir daha nümayiş etdirirdi.

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və ermənilər tərəfindən işğal edilmiş ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi isə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Tarixi zəfərə imza atıldı, Azərbaycan Qarabağa qovuşdu, Xocalıda bu gün Azərbaycan Bayrağı dalğalanır, şəhidlərimizin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Bu qələbəni, zəfəri bizə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 26.02.2025 09:10