NAXÇIVAN :

18 Iyul 2026, Şənbə

Mənsum İbrahimov: Naxçıvan tamaşaçısının sevgisi mənə hər zaman xüsusi enerji verir

...

“Duzdağ” Hoteldə keçirilən açıq hava konserti tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Musiqi gecəsində səslənən muğamlar və xalq mahnıları tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Konsertdən sonra təəssüratlarını bölüşən Xalq artisti Mənsum İbrahimov Naxçıvana olan sevgisindən, bu səfərinin məqsədindən və gələcək planlarından danışıb:
“Mən Naxçıvana tez-tez gəlirəm və bu dəfə, əslində, istirahət üçün gəlmişdim. Açığı, insanlar burada konsert verməyimi istədilər. Mən də onların çoxsaylı istəklərini nəzərə alaraq bunu məmnuniyyətlə qəbul etdim. Gördüyünüz kimi, həm Naxçıvan tamaşaçıları, həm də “Duzdağ” Hotelin qonaqları bu musiqi gecəsində iştirak etdilər. Düşünürəm ki, bu gün həm mənim, həm də tamaşaçılar üçün çox gözəl və yaddaqalan oldu".
Sənətkar qeyd edib ki, Naxçıvan tamaşaçısı ilə hər görüş onun yaradıcılığında xüsusi yer tutur və burada gördüyü səmimiyyət ona yeni layihələr üçün əlavə stimul verir: “Naxçıvana hər gəlişim mənim üçün böyük sevincdir. Burada insanlarla görüşmək, onların sevgisini hiss etmək mənə böyük mənəvi zövq verir. İnanıram ki, tezliklə yenidən Naxçıvana gələcəyəm və bu dəfə daha böyük auditoriya qarşısında gözəl konsert proqramı təqdim edəcəyik".
Mənsum İbrahimov onu da diqqətə çatdırıb ki, konsert zamanı yağan yağış nə sənətçilərin çıxışına, nə də tamaşaçıların yüksək əhval-ruhiyyəsinə təsir göstərib. Onun sözlərinə görə, tamaşaçıların musiqiyə olan sevgisi və alqışları bütün çətinlikləri arxa planda qoyub: “Yağış yağmasına baxmayaraq, bu, konsertin gedişinə mane olmadı. Tamaşaçıların sevgisi və alqışları hər şeydən üstün idi. Vətənimizin hər guşəsi gözəldir, amma Naxçıvan tamam fərqlidir. Buraya hər dəfə böyük sevgi və məmnuniyyət hissi ilə gəlirəm.”

Nəşr edilib : 18.07.2026 00:12