Futzal turnirində növbəti mərhələyə yüksələn koman...
19:31 07.06.2025
0
0
1
NAXÇIVAN :
08 Iyun 2025, Bazar
Azərbaycan xalqının mənəvi mədəniyyətini özündə əks etdirən dini bayramlardan biri də Qurban bayramıdır. İslаm аləmində Qurbаn bаyrаmı böyük bаyrаm (eyd-əlkəbir) аdlаnır. Müqəddəs kitаbımız “Qurаni- Kərim”də buyurulur: “Biz hər bir ümmət üçün qurbаngаh (yахud məbəd) müəyyən etdik (və yа hər bir ümmətə qurbаn kəsməyi lаzım bildik ki, Аllаhın оnlаrа ruzi verdiyi (dördаyаqlı) heyvanlаrın üstündə (оnlаrı kəsdikləri zаmаn) Аllаhın аdını çəksinlər (bisimillаh desinlər)”.
Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə on ikinci ay olan Zülhiccə ayının 10- cu günündən başlayır və adətən, bir neçə gün davam edir. Zülhiccə, adından da göründüyü kimi, həcc ayıdır. Qurban kəsmə isə Həcc ibadətlərinə daxil edilmişdir.
Dini Qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaran-mışdır. Müqəddəs kitаbımız “Qurаni-Kərim”də yаzılır ki, İbrаhim Peyğəmbər Şаmа yetişdikdən sоnrа duа edib dedi: “Ey rəbbim! Mənə sаlehlərdən оlаn bir övlаd bəхş et!” İbrahim qoca yaşında olmasına baxmayaraq, Ulu Tаnrı оnа həlim хаsiyyətli bir оğlаn uşаğı, İsmаyılı müjdə verdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması, peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.
Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Qurban bayramının İslama uyğun adı isə “yoxsula, imkansıza, yetimə yardım bayramı” olmalıdır.
Qurban adətlərinə görə qurban kəsiləcək heyvan sağlam olmalı, heç bir şikəstliyi olmamalı idi. Adətən, qurban kəsiləcək heyvan əvvəlcə seçilib bəslənilər. İslami qaydaya görə, əgər qurban xırdabuynuzlu və erkəkdirsə yaş həddi 7 aylıqdan böyük olmalı, əgər qaramaldırsa bir ili tamam olub ikinci ilə keçməlidir, dəvədirsə mütləq 7-ci yaşa keçməsi vacib hesab olunur. Bundan əlavə, qurbanlıq heyvan həm də hökmən eyibsiz, yəni kar, kor, buynuzu kəsik, yaralı olmamalı və sağlam olmalıdır. Bütün müsəlmanlar kimi bizim xalqımıza da əziz olan bu bayramda yalnız ev heyvanları: xırdabuynuzlu heyvanlar ( qoç, qoyun, toğlu, keçi və sair ), dana, dəvə, öküz və ya bu cinsdən olan heyvanlar kəsilir. Digər heyvanların və quşların qurban kəsilməsi İslam dinində məqsədəuyğun hesab edilmirdi.
Qurbanlıq heyvanı kəsməmişdən qabaq bir sıra adət və inac sisteminə əməl edirlər. Kənd yerlərində kəndin mollası bir kiloqram duz alıb ona qurban duası oxuyub evinə qoyar. Hər kəs (qurban kəsənlər) gedib ondan bir qaşıq tutanı duz alıb gətirər axşamdan evində hazır tutar. Sabah qurban kəsiləndə həmin duzu qurbanlıq heyvanın ağzına atıb sonra kəsərlər. Qaydaya görə, qurban ətinin üç yerə bölünməsi vacib sayılmışdır və bu qaydaya Naxçıvan bölgəsində tam mənasında əməl olunmuş və indi də əməl olunmaqdadır.
Qurban bayramı günü gəlinə və ya nişanlı qıza “qurban payı” aparmaq adəti geniş yayılmışdır. “Qurban payı” ailənin maddi vəziyyətindən çox asılı idi. Bəzən bir şaqqa (heyvanın bir tərəfi), bəzən də bir neçə kiloqram ət aparırdılar. İmkanlı ailələr isə bir buynuzlu qoçu bəzəyib qız evinə, gəlin evinə götürərdilər. Ordubad şəhərində nişanlı qızlara aparılan tabağa “qurban tabağı” deyərlər.
Naxçıvanda qurbana 2-3 ay qalmış, at-qatır və dəvə ilə Məkkəyə gedər, Həcc əməllərini yerinə yetirərək ziyarətinin 10-cu günü Həcc əməllərindən biri olan qurbankəsmə əməlini də yerinə yetirərdilər. Toplanmış etnoqrafik materiallara görə, Naxçıvandan Məkkə şəhərinə Həcc ziyarətinə getmək çox çətin idi. XX əsrin əvvəllərinə qədər isə maşınlı texnika yox dərəcəsində idi, həm də əhalinin yaşam tərzi də pis idi. Həcc ziyarətinin qaydasına görə, Həcc ziyarətinə gedənin evdə birillik ruzisi olmalı idi, eləcə də qohumunun, qonşusunun dolanışığı yaxşı olmalı idi, yəni ehtiyacı olmamalı idi. Bütün bunlar digər tərəfdən Həccə getmə işini çətinləşdirirdi. Sovet dönəmində isə Həcc ziyarətinə getmək qadağan olunmuşdur.
Böyük iftixar hissi ilə qeyd etmək olar ki, ölkəmiz müstəqillik əldə edəndən sonra, Qurban bayramının da keçirilməsinə böyük imkanlar yarandı. Artıq nəinki yerli şəraitdə qurbankəsmə sərbəst surətdə həyata keçirildi, hətta bu milli bayram dövlət səviyyəsində həyata keçirilməyə başlanıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə xalqın milli-mənəvi və dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşırdı. Ulu Öndər Heydər Əliyev dini bayramlar zamanı həmişə xalqın yanında olmuş, rəsmi olaraq təbrik etmiş, təşkil olunmuş mötəbər dini tədbirlərdə iştirak etmişdir.
Bu gün bu ənənə Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident cənab İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident cənab İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir. Ölkə Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu müqəddəs bayramı belə xarakterizə etmişdir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir”.
Artıq beş ildir ki, Qurban bayramını 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızda da keçiririk. Artıq bu torpaqlarda məskunlaşma prosesi sürətlə gedir. Yeni inşa edilən fərdi evlərə köçürülən soydaşlarımız bu bayramı doğma yurdlarında qeyd edir.
Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə, adətən, aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.
Bir sözlə, Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri və Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir.
Qurban bayramınız mübarək olsun!
Asəf Orucov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent
Digər xəbərlər