Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Cənnətməkan yurdumuzun hər bir qarış torpağında minillik tarixin izləri vardır. Təsadüfi deyildir ki, ölkəmizin ağsaçlı Qafqazdan başlayaraq xan Araza, qocaman Xəzərə, ordan da Zəngəzur və Dərələyəzə qədər uzanan sərhədləri boyunca türk xalqının qurub-yaratdığı mədəniyyətin isti nəfəsi duyulur. Sevindirici haldır ki, bu qədim mədəniyyətin – əsrlərdən bizlərə miras qalan dəyərlərin qorunması, yaşadılması elimizin qədir-qiymət bilən insanları tərəfindən daim diqqət mərkəzində olub. İnkişafın, müasirləşmənin geniş vüsət aldığı günümüzdə, hələ də kəndlərdə milli mədəniyyətimizi qoruyub-yaşadan, adət-ənənələrimizin keşiyində dayanan zəhmətsevər insanlar, torpağa, halal duz-çörəyə ehtiram bəsləyən həmvətənlər var. Onlardan muxtar respublikamızda, xüsusən də diyarımızın qədim kəndlərində də az deyil…
Naxçıvanın ən qədim yaşayış məskənlərindən biri də Babək rayonunun Vayxır kəndidir. Şahbuz-Babək magistral yolunun üstündə, daha dəqiq desək, yolun sağ tərəfində, Naxçıvançayın sahilində yerləşən bu kəndin, deyilənlərə görə, nə az, nə çox, düz minillik tarixi vardır. Vayxır kəndini fərqləndirən cəhət onun qədim tarixi ilə yekunlaşmır, təbii ki. Kəndi yurdumuzun digər yaşayış məskənlərindən ayıran cəhət onun özünəməxsus adət-ənənələrinin olması, o cümlədən maraqlı təbiət abidələrinin kənddə qorunub saxlanılması və kənd əhalisinin dini dəyərlərə bağlılığıdır…
Sakinlərin söylədiyinə görə, kənddə, təxminən, əlliyə yaxın ailə yaşayır. Ümumilikdə, mindən çox sakini olan Vayxır kəndinin adının həm də maraqlı bir tarixçəsi vardır. Əvvəla onu qeyd edək ki, kəndin adı ilə bağlı iki fərziyə irəli sürülür. Birinci fərziyəyə görə, təqribən, min il bundan öncə Naxçıvançay boyunca hərəkət edən karvan uzun qışı yola vermək üçün bu yerdə, yəni, Vayxır kəndinin olduğu ərazidə özlərinə yurd-yuva salıb. Uzun, qayğılı keçən qanlı qışın ardından baharın gəlişini sevinclə qarşılayan oba sakinləri belə bir qərara gəlirlər ki, yola davam etməzdən öncə əkin-biçin işi ilə məşğul olsunlar, uzun yol üçün tədarük görsünlər. Lakin onların bu niyyətləri gözlədikləri kimi olmur. Belə ki, kənd ərazisindəki əkinəyararlı torpaqların hansı hissəsinə qazma, bel vururmuşlarsa, yerdən xırlı torpaq çıxırmış. Oba sakinləri bunu kəndin müxtəlif yerlərində etsələr də, nəticə yenə də eyni olurmuş. Və əkin üçün başlıca mane olan xırlı torpağı hər gördükcə insanlar təəssüf hissi keçirərək deyirmiş: “vay, xır!” Zamanla bu ifadə insanların dilində ümumişlək söz kimi işlənərək kəndin toponiminə çevrilmişdir…
Bir digər yanaşmaya görə isə kəndin adı yaxınlıqda yerləşən eyniadlı mineral bulağın – Vayxır mineral suyunun adı ilə bağlıdır. Bulağın adı isə orta fars dilində vah – “yaxşı”, “xeyirxah” (müasir “beh, bəh” sözünün qədim halı) və xvar – “yer” sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır. Kənd sakini 70 yaşlı Bəyim Seyidovanın verdiyi məlumata əsasən də, kəndin adı “Sulu dərə” deyilən yerdən çıxan üç müxtəlif növdə, fərqli dadda və keyfiyyətdə olan mineral suyun adı ilə bağlıdır. Onun sözlərinə görə, bu su hələ sovet dövründən əhalinin əsas tələbat göstərdiyi mineral bulaq kimi böyük şöhrət qazanıb. Onu digər təbii sulardan fərqləndirən əsas cəhət isə qeyd etdiyimiz kimi, bir məkanda – “Sulu dərə”də çıxmasına baxmayaraq, üç dadda (şor su, şirin su, qazlı su) və fərqli keyfiyyətlərdə olmasıdır. Mütəxəssislərin fikrinə görə Vayxır mineral suyu minerallığına görə bu gün marketlərdə satılan yerli suların içində ən zəngin tərkibli sudur. Minerallıq dərəcəsi isə 7 qram/litrdir. Bununla yanaşı, Vayxır mineral suyu osmotik qatılığı insanın qan plazmasına yaxın olan yeganə sudur. Tərkibində hidrokarbonatlar, natrium, kalium, kalsium, yod, dəmir, mis, sink, arsen, stronsium və digər zəngin maddələr vardır ki, bunlar da insan sağlamlığı üçün çox əhəmiyyətlidir…
Mineral su ilə bağlı araşdırma apararkən, onu da öyrəndik ki, Vayxır suyunun qəbul edilməsi hepatitlər, qaraciyər çatışmazlığı, xroniki qastrit, xroniki kolit, müxtəlif mənşəli diatezlər, sistem xəstəlikləri, şəkərli diabet və digər xəstəliklərin qarşısının alınması üçün çox faydalıdır. Mütəxəssislər bu suyun keyfiyyətli olmasını, o cümlədən xəstəliklərlə mübarizədə insan həyatı üçün faydalı olmasını belə izah edirlər: “Bu gün qəbul etdiyimiz market məhsulları bədənimizin mühitini turşlaşdırır və nəticədə, saysız xəstəliklərin baş qaldırmasına səbəb olur. Daha çox polikistozlar, miomalar, sistem və şiş xəstəlikləri, skleroz kimi xəstəliklərin yaranmasında bu faktor önəmli hesab olunur. Vayxır mineral suyu bədənimizin mühitini qələviyə doğru dəyişdirir və bununla da saydığım xəstəliklər yavaş-yavaş aradan qalxır…”
Kənddə keçirdiyimiz bir neçə saat ərzində onu da öyrənirik ki, ərazisində qədim dövrlərə aid məişət əşyaları tapılan Vayxır kəndi lap əvvəllər indiki mövqeyindən bir qədər üstə, əhalinin “köhnə Vayxır” dediyi ərazidə olub. Bundan 3-4 əsr öncə hər hansısa təbii fəlakət nəticəsində (zəlzələ, daşqın və sair) kənd bütövlükdə məhv olub, insanlar dağıntılar altında qalıb. Əhali bu ağır fəlakətlə üz-üzə qaldığı üçün qədim kənddən çıxmalı olub və onlar bir qədər yol qət edərək indiki Vayxır kəndinin yerləşdiyi əraziyə, coğrafi mövqe baxımından əlverişli yerə, yəni Naxçıvançayın sahilinə köçüblər. Kənd sakinlərinin söylədiyinə görə, bu gün də həmin ərazidən – “köhnə Vayxır”ın məhv olduğu yerdən bir çox məişət əşyaları, o cümlədən saxsı qablar, xaraba qalmış evlərin qalıqları və digər nişanələr aşkar edilir ki, bu da həmin yerlərdə bir zamanlar insan nəfəsinin olduğundan xəbər verir…
Kəndin uzunömürlü sakini, 90 yaşlı Pəri nənə deyir ki, Vayxır kəndi lap qədim zamanlardan İlahi dinimizə – İslam dininə bağlı olubdur. Kəndin əhalisi müqəddəs aylarda, dinimiz nöqteyi-nəzərindən əlamətdar bayramlarda dinimizin buyurduğu vacib əməlləri yerinə yetirib, müqəddəs şəxslərin əza məclislərində iştirak edib, o cümlədən bir qayda kimi tez-tez ehsan süfrələri açaraq insanları bir amal uğrunda birləşdirib. Təsadüfi deyildir ki, kənd əhalisinin bu saf, təmiz əməlləri nəticəsində Uca Yaradan bu torpaqlara nəzər edib və müqəddəs insanların Vayxır kəndi ərazisində dəfn olunmasına, necə deyərlər, razı olub.
Pəri Bağırova deyir ki, kəndin qəbiristanlığında dəfn olunan peyğəmbər övladlarının məzarları üzərində ucaldılan günbəzlərin inşa edilməsinin də çox maraqlı tarixi vardır: “Bu hadisə nə az, nə çox düz 70 il bundan öncə baş verib. Üzərindən uzun illər keçməsinə baxmayaraq, həmin gün gördüyüm o qəribə mənzərəni hələ də çox yaxşı xatırlayıram… Həmin gün çöldən – heyvan otarmaqdan evə qayıdırdım. Bir də gördüm, qəbiristanlıqdan kəndimizin xanımları məni haraylayır: Pəri, ay Pəri, tez gəl bura! Mən də qaça-qaça özümü qəbiristanlığa yetirdim ki, görəsən, orada nə baş verib. Çatanda baxıb gördüm ki, müqəddəs kişilər dediyimiz şəxslərin məzarının ayaq hissəsi bir xeyli qazılıb. Qazılan yerdən nə isə çıxarılıb. Baxanda hiss olunurdu ki, bu, böyük saxsı küpün yeridir. Təəccüb etdik ki, görəsən bu qəbirləri kim belə qaza bilər. Axı kənd camaatı uzun illər bu məkana hörmət bəsləyib, ehtiram göstərib… Sonradan kəndin yaşlı camaatı belə qənaətə gəldi ki, qazılan yerdə iki küp qızıl basdırılıbmış. Kimsə həmin küpləri, yəni qızılı əldə etmək üçün belə günaha batıb…”
Kənd sakini, müsahibimiz Bəyim Seyidova isə günbəzdə dəfn olunan insanlar barədə ata-babasından eşitdiyi rəvayəti bizlərlə bölüşür: “ Mən bu əhvalatı atamdan, o da öz atasından eşidib. Deyirlər ki, kəndin, necə deyərlər, cəddi ağır seyidlərindən biri yatıb yuxuda görür ki, bir nəfər nurani şəxs onun əlindən tutub qəbiristanlığa, onların məzarı olan yerə aparır və deyir: “Bax, bu qəbirlər bizim, yəni peyğəmbər övladlarının qəbridir. Buranı sənə nişan veririk ki, bizim məzarımız üzərində bir günbəz tikəsən, çünki yerimiz çox narahatdır”. Həmin adam yuxudan qan-tər içində oyanır, bu işdə İlahi hikmətin olduğunu hiss edir və Allahın qəzəbindən qorxaraq bunu kənd camaatına deyir. Ancaq çox təəssüflər olsun ki, heç kim ona inanmır. Hətta onu ələ salaraq deyirlər ki, sən əməlli-başlı ağlını, şüurunu itirmisən. Heç adam da bir yuxuya görə xərc çəkib bilmədiyi, tanımadığı məzar üstə günbəz tikər?! Bütün təkidlərə, and-amanlara baxmayaraq, kənd camaatı bu kişiyə inanmır ki, inanmır… Gecə bir də həmin yuxu təkrarlanır. Lakin kişi insanların tənə vuracağından, ona birincidə olduğu kimi inanmayacaqlarından ehtiyat edərək yuxunu heç kimə açıb demir. Ancaq üçüncü gün həmin yuxu bir də təkrarlanır. Yuxuda özünün peyğəmbər övladı olduğunu söyləyən şəxs kişinin üzünə qəzəblə bir şillə vurur və deyir: “Sənə dedik ki, bizim qəbrimiz üzərində günbəz ucalt. Sənə insanların nə dediyi, nə söylədiyi maraqlı deyildir”.
Biçarə kişi yuxudan ayılır-ayılmaz kəndin mərkəzinə, ağsaqqalların yığışıb söhbət etdiyi yerə qaçır. Gedir ki, onlara “Siz razı olmasanız da mən bu işi görəcəyəm, mənə mane olmayın”, – desin. Lakin insanlar onu görən kimi heyrət və təəccüb içində soruşurlar, ay seyid, de görək üzündəki bu barmaq izi nədir belə? Bu şilləni sənə kim vurub? Seyidin üzündəki izləri görən hər kəs bu hikmətə inanır və peyğəmbər övladlarının məzarı üzərində günbəz ucaldır. O gündən etibarən həmin yer kənd sakinləri üçün müqəddəs məkanlarından birinə çevrilir. İnsanlar tez-tez həmin məzarları ziyarət edir, orada dualar oxuyur”. Onu da qeyd edim ki, müsahibimiz Bəyim nənənin haqqında danışdığı həmin məzarları biz də gördük və qəbir daşlarının üzərində yazılanları oxuduq. Ən çox diqqətçəkən yazı isə belə idi: “İmam Zeynalabdin əleyhi-salamın övladları”. Bu da həmin şəxslərin soy-kökünün İmam Əli əleyhi-salama, dolayısı ilə İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafaya gedib çıxdığını təsdiq edir…
Kənd sakinləri ilə söhbət edə-edə qədim Vayxır kəndinin tarixi ilə yaxından maraqlana-maraqlana gəlib uzun bir günün sonuna çatırıq. İndi qayıtmaq vaxtıdır. Kəndin yuxarısında, “köhnə Vayxır” deyilən qədim yaşayış məskəninin arxasından, Şiş dağının daşlı-qayalı zirvəsindən zərrin şəfəqlərini çölə-düzə səpələyən Günəş də qayıtmaq zamanının gəldiyini söyləyir bizə. Çox vaxt itirmədən avtomobilimizə əyləşirik. Kəndin abad yolları və Babək rayonu ilə Naxçıvan şəhəri arasındakı uzun magistral yol birazdan bizi mənzilbaşına çatdıracaq…
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər