NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Mən şairlər şairi Xaqaniyəm, Xaqani

...

Şirvan torpağının sinəsində doqquz əsr əvvəl bir günəş doğdu ki, onun şölələri hələ də insan ruhunun ən qaranlıq guşələrini aydınlatmaqdadır. Əfzələddin Xaqani Azərbaycan intibahının, Şərq fəlsəfəsinin və insan ləyaqətinin indi də poetik simvoludur. Azərbaycan Prezidentinin Sərəncamı ilə onun 900 illik yubileyinin qeyd edilməsi, əslində, tariximizin özünə qayıdışı, köklərimizə olan sonsuz hörmətin təzahürüdür.

Xaqani elə bir zirvədir ki, onun ətəklərində zamanın küləkləri sussun gərək. O, sözün elə bir mülkünü yaratmışdır ki, orada nə sarayların saxta parıltısı, nə də zindanların soyuq divarları ruhunu sındıra bilməmişdi. Şirvanşahlar sarayında “Şairlərin xaqanı” adını qazananda da, Mədain xarabalıqları qarşısında göz yaşı tökəndə də o, eyni dərəcədə səmimi, eyni dərəcədə əzəmətli idi. Onun poeziyası elmlə sənətin, ağılla qəlbin vəhdətindən yoğrulmuşdur. O həm İslamda astronomiya və astrologiya elmi olan nücum elmini bilən bir müdrik, həm də eşqin atəşində yanan bir dərviş idi.

Onun yaradıcılığı bir ümman kimi idi. Hər misrası bir inci, hər beyti bir fəlsəfə dərsi. Xaqani azadlığın vurğunu idi. O, şahların qarşısında əyilməyən başını uca tutmağı bacaran, ruhunun azadlığını sarayların zər-zibasından üstün tutan ilk böyük Azərbaycan şairlərindən biri olub. “Töhfətül-İraqeyn” poemasında keçdiyi yolları və gördüyü hikmətləri təsvir edərkən, əslində, bizə bir həyat dərsi keçirdi. İnsan hara gedirsə getsin, son dayanacağı öz mənəviyyatı olmalıdır.

“Ey Xaqani, könül vermə bu dövranın dövrünə” deyəndə, o, sadəcə, keçmişi yox, gələcəyi də xəbərdar edirdi. Dünyanın vəfasızlığını, hakimiyyətin gəldi-gedərliyini və yalnız haqqın, həqiqətin baki qaldığını Xaqani qədər dərindən və ağrılı şəkildə ifadə edən ikinci bir sənətkar tapmaq çətindir. Onun “Həbsiyyə”ləri zülmə qarşı hayqıran insan iradəsinin səsidir. Dəmir barmaqlıqlar arxasında belə Günəşin doğuşunu təsvir edən şair, bizə ümidin ölməzliyini öyrətdi.

Xaqani Şirvani həm də böyük bir eşq şairidir. Onun qəzəllərindəki səmimiyyət, insanın ilahi eşqə və ali gözəlliyə olan vurğunluğunu elə bir ustalıqla əks etdirir ki, doqquz yüz il keçməsinə baxmayaraq, o sözlərin təravəti hələ də itməyib:

Getdikcə bu eşqin mərəzi pürxətər oldu, 

Dərman elədikcə ona, döndü betər oldu.

Eşqin odu yandırdı mənim canımı, ey vay!..

Bu vaqeədən cümlə - cahan baxəbər oldu.

Həsrətdə qalıb, vəslə ümid eyləmişəm mən, 

Zülmətdə qalıb, istəyim hər an qəmər oldu. 

Sənsiz, gözəlim, hicrə dözüb zəhr içərdim,

Gəlcək yanıma zəhr dönüb bal, şəkər oldu.

Gördüm səni, hər dərdü ələm getdi, dağıldı, 

Əhvalıma bax, sanki gecəydi, səhər oldu.

Xaqani, sevin, indi yarın rəhmə gəlibdir, 

Bundan sonra könlün, deyəsən, bəxtəvər oldu.

Bu gün Xaqani Şirvaninin yubileyini qeyd etmək Azərbaycan dilinin, mədəniyyətinin və milli şüurunun nə qədər dərin köklərə sahib olduğunu bütün dünyaya bir daha bəyan etməkdir. Onun 900 yaşı olsa da, hələ də gəncdir, hələ də bizimlədir. Çünki həqiqi sənət zamanın fövqündə durur. İstər Şirvanın uca dağları, istərsə də, Arazın mavi suları və Azərbaycanın hər bir guşəsi bu gün bu böyük ustadın xatirəsini əziz tutur.

Xaqani elə bir sənətkardır ki, o həm klassik ənənənin qoruyucusu, həm də yeniliyin carçısı idi. Onun mürəkkəb təşbehləri, dərin elmi terminləri şeirə gətirməsi Azərbaycan poeziyasını intellektual zirvəyə qaldırdı. Biz bu yubiley ili çərçivəsində onun ruhuna ən böyük hədiyyəni veririk. Onun unudulmaz irsini öyrənirik, sevirik və gələcək nəsillərə əmanət edirik.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 04.07.2026 14:33