NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Məktəbəqədər hazırlıq qruplarının fəaliyyəti

...

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasətinin davamı olaraq bu gün də ölkəmizdə bu strateji sahə hərtərəfli dövlət qayğısı əhatəsindədir. Təhsil müəssisələri üçün yeni binaların inşa olunması, məktəblərin maddi-texniki bazalarının gücləndirilməsi, dünya təhsil sistemindəki yeniliklərin tətbiqi bunun bariz ifadəsidir. Bu sırada məktəbəqədər təhsilin də öz yeri var. Mövzu ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət etdik. Bizi maraqlandıran sualları Analitik təhlil və statistika sektorunun aparıcı məsləhətçisi Aygün Babayeva cavablandırdı. Qeyd etdi ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir. Uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemə həll yolu tapmağı öyrənirlər. Belə qruplarda uşaqların araşdırma qabiliyyətinin gücləndirilməsi, onlarda özünəinam hissinin yaradılması və həmyaşıdları ilə oynamaları üçün əlverişli mühit olur.  
Məktəbəqədər hazırlıq qruplarının yaradılmasında məqsəd nədir? - sualımızı da Aygün Babayeva ətraflı cavablandırdı:
-Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəqədər hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
Aygün xanım onu da qeyd etdi ki, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 5 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Məktəbəqədər hazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilib:
Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün  ən azı 10 uşaq və şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 uşaq.
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəqədər hazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəqədər hazırlıq qrupları təhsil şöbələrinin razılığı əsasında yaradılır.
Muxtar respublikada hansı məktəblərdə hazırlıq qruplarının olması ilə də maraqlandıq. Aygün Babayeva qeyd etdi ki, uşaqların məktəbəqədər hazırlıq qruplarına elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Bu qruplarda tədris prosesinin necə təşkil edilməsinə də aydınlıq gətirən nazirlik təmsilçisinin sözlərinə görə, 2024-2025-ci  tədris ilində məktəbəqədər hazırlıq qruplarında tədris prosesi oktyabr ayının 1-dən başlayacaq və həftənin 4 günü təşkil ediləcək.
Bəhs olunan tədris ili üzrə iyulun 11-dən isə ümumi təhsil müəssisələrinin məktəbəqədər hazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilib. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyuldan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyuldan aktiv edilib.
Sənəd qəbulu 13 sentyabr 2024-cü il tarixədək davam edib.
Aygün Babayeva onu da qeyd etdi ki, qeydiyyat mektebeqebul.edu.az elektron portalı üzərindən həyata keçirilib. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər. Hazırda bu günə qədər elektron portal vasitəsilə məktəbəqədər hazırlıq qruplarına 2931 sorğu yerləşdirilib.
Naxçıvanda I siniflərə 3713, məktəbəqədər hazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub.

Günay HACIYEVA
 

Nəşr edilib : 13.09.2024 12:11