Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu o...
18:19 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Yeni tədris ilinin başlaması, Bilik Günü təhsil ocaqlarında böyük təntənə ilə qeyd olunur. Şagirdlər və müəllimlər böyük həyəcan və sevinclə bu günün gəlib çatmasını gözləyirlər. Həmin gün yüzlərlə fidan məktəb kimi müqəddəs ocağın yolunu tutur. Məktəb – xalqın mənəvi beşiyidir. Məktəbdə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər. Məktəbdə, həmçinin yaşamağı və həyatın keşməkeşli yollarını öyrədərək gələcəyə hazırlayırlar. Məktəbdə Vətənin çoxəsrlik mədəniyyəti yaşayır. Bu müqəddəs ünvan bizə yalnız bilik qazandırmır, o həm də ailə olmağı, dost qala bilməyi öyrədir, insanın dünyagörüşünün formalaşmasına kömək edir.
Hər dəfə təhsil aldığım doğma məktəbimin qarşısından keçəndə ayaq saxlayıram, bir qədər fikrə gedirəm, düşünürəm. Qəlbimə qeyri-adi minnətdarlıq hissi hakim kəsilir. Çünki mənə yazıb-oxumağı öyrədən müəllimlərimin köməyi ilə ali təhsil pilləsinə yüksəlmişəm. O illərin gözəlliyindən nə qədər danışsam, nə qədər yazsam da, az olar. Neçə yaşa çatırıqsa çataq, məktəb adı çəkilən hər yerdə gözlərimizin içi gülür. Çünki uşaqlığımıza dair yaşanan ən gözəl illər o xoş anlardır. Məktəb illəri hər bir insanın ömründə şirin, xoş xatirələri ilə yadda qalır.
Qayğısız uşaqlığın keçdiyi illəri xatırladıqca insan sanki bir anlığa həmin günlərə qayıtmaq istəyir. Yadımdadır... Məktəbə ilk dəfə qədəm qoyduğum zaman ətrafa yad baxışlarla baxırdım. Mənim kimi digər sinif yoldaşlarım da məktəblə ilk tanış olduqları zaman valideynlərinin əllərindən tutub evə getmək istədiklərini söyləyirdilər, hətta mənimlə eyni partada əyləşən uşağın gözlərindən yaş süzülürdü. Amma üzü nurlu bir qadın ona yaxınlaşaraq sakitləşdirməyə çalışdı. “Sən bundan sonra mənim övladımsan”, – deyib saçını tumarlayaraq göz yaşlarını sildi. Adına müəllim dediyimiz bu müqəddəs insan məktəb həyatının enişli-yoxuşlu yollarında nə az, nə çox düz 11 il bizə yol göstərir, sirdaş olur. Bilik Günündə bütün birincilər ilk müəllimi ilə tanış olmağın həyəcanı içərisində olur.
Deyirəm, görəsən, cahanda kimin
Bir müəllim təki xidməti vardır.
Dahilər dərs deyən bir müəllimin,
Milyon könüllərdə hörməti vardır.
Dünyada gözəl, nəcib peşələr çoxdur. Fəqət, bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. İnsanlar həyatı boyu seçdikləri sənətdə qazandıqları, həyatda nail olduqları hər bir uğur üçün məhz müəllimə borcludurlar. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə, ilk növbədə, müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. İnsanlar öyrənə-öyrənə kamilləşərək, təbiətin sirlərinə yiyələnərək onu ram edərək yeni-yeni kəşflərlə öz həyatlarını formalaşdırıblar.
A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.
Bu gün müasir Azərbaycan gəncliyi çox xoşbəxtdir. Dövlətimizin yetişməkdə olan gənc nəsil üçün yaratdığı şərait hər ötən il öz layiqli bəhrələrini verir. Biz naxçıvanlılar da qürur duyuruq ki, yaşadığımız bu qədim diyarda təhsilin inkişafına böyük önəm verilir. Naxçıvanın ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində belə yeni məktəb binaları inşa olunur, mövcud binalar yenidən qurulur, hər cür şəraitlə təmin olunaraq şagird və müəllimlərin istifadəsinə verilir. Məktəblərimizdə yeni tədris metodlarından istifadə diqqət mərkəzində saxlanılır. Bu isə həm müəllimlərdə, həm də şagirdlərdə ruh yüksəkliyi yaradır. Həyata keçirilən belə tədbirlər isə öz bəhrələrini verir. Hər il ali məktəblərə yüksək ballarla qəbul olunanların sayının artması da bunun ifadəsidir. İnanırıq ki, bu il yenicə məktəbə qədəm qoymuş bütün məktəblilər gələcəkdə ölkəmizin nurlu sabahına, işıqlı gələcəyinə öz töhfələrini verəcəklər. Bilik Gününüz mübarək!
Bülbül Quliyeva
Digər xəbərlər