NAXÇIVAN :

03 May 2026, Bazar

Mehriban Əliyeva: Müasir dövlət idarəçiliyi və humanitar diplomatiya kontekstində

...

Müasir dövrdə dövlət idarəçiliyi anlayışı ənənəvi inzibati və siyasi mexanizmlərlə məhdudlaşmır. Əksinə, bu fenomen özündə sosial, humanitar, mədəni və mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və cəmiyyət həyatına inteqrasiyası kimi kompleks istiqamətləri də ehtiva edir. Beynəlxalq idarəçilik nəzəriyyələri göstərir ki, dövlətin davamlı inkişafı yalnız iqtisadi və siyasi institutların möhkəmləndirilməsi ilə deyil, həm də humanitar resursların səmərəli istifadəsi və cəmiyyətin sosial kapitalının gücləndirilməsi ilə mümkün olur. Bu baxımdan, müasir idarəçilik modeli həm “hökumət yönümlü” həm də “cəmiyyət yönümlü” yanaşmaların inteqrasiyasına əsaslanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də məhz bu konseptual çərçivəyə uyğun olaraq formalaşır. Onun siyasi və inzibati idarəçilik təcrübəsi, eyni zamanda humanitar diplomatiyanın incə mexanizmləri ilə zənginləşdirilmişdir. Belə bir sintez həm milli səviyyədə dövlətin sosial-mədəni siyasətinin inkişafına, həm də beynəlxalq müstəvidə Azərbaycanın humanitar diplomatiya subyekti kimi qəbul olunmasına şərait yaradır.

Mehriban xanım Əliyevanın idarəçilik modelində humanist yanaşma mərkəzi element kimi çıxış edir. Bu yanaşma mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətin inkişafına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və həmrəyliyin gücləndirilməsinə yönəlir. Beləliklə, klassik dövlət idarəçiliyi elementləri – inzibati qərarvermə, hüquqi tənzimləmə və institusional mexanizmlər – humanitar diplomatiyanın yumşaq güc alətləri ilə birləşdirilərək yeni və daha çevik idarəçilik modelini formalaşdırır.

Bu model beynəlxalq idarəçilik nəzəriyyələri müstəvisində tədqiqata layiqdir. Çünki burada dövlətçilik ənənələri ilə humanitar missiyanın vəhdəti müşahidə olunur ki, bu da müasir dövlət xadimi fenomeninə yeni elmi baxışların ortaya çıxmasına səbəb olur.

Mehriban xanım Əliyevanın dövlət idarəçiliyində tutduğu mövqe və fəaliyyəti sosial siyasətin mahiyyətcə humanizm prinsiplərinə əsaslanması ilə səciyyələnir. Bu modelin əsas məğzi ondan ibarətdir ki, idarəçilik yalnız dövlətin inzibati resurslarının bölüşdürülməsi ilə məhdudlaşmır, həm də insan amilini dövlət siyasətinin mərkəzinə gətirir. Humanizm prinsiplərinə söykənən bu yanaşma vətəndaşların sosial rifahının yüksəldilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması və bərabər imkanların təmin olunması kimi fundamental hədəflərə istiqamətlənmişdir.

Xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən layihələr Mehriban xanım Əliyevanın idarəçilik fəlsəfəsinin strateji prioritetlərini əks etdirir. Təhsil sahəsində yeni məktəblərin inşası, mövcud təhsil müəssisələrinin bərpası və beynəlxalq təhsil proqramlarının təşviqi insan kapitalının inkişafına yönəlmiş addımlar kimi dəyərləndirilir. Səhiyyə sektorunda müasir tibbi müəssisələrin yaradılması, regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılması əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir. Mədəniyyət sahəsində isə milli irsin qorunması, incəsənət və musiqi ənənələrinin təbliği, həmçinin beynəlxalq mədəniyyət mübadilələrinin təşkili cəmiyyətin mənəvi və ideoloji dayanıqlığının gücləndirilməsinə töhfə verir.

Mehriban xanım Əliyeva müasir dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində humanitar diplomatiyanın aparıcı simalarından biri kimi çıxış edir. Qlobal siyasət nəzəriyyələrində “yumşaq güc” konsepsiyasının əsas alətlərindən sayılan humanitar diplomatiya vasitəsilə dövlətlərin beynəlxalq imicinin formalaşması, mədəniyyətlərin qarşılıqlı anlaşması və sivilizasiyalararası dialoq mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli mədəniyyətin təbliği ilə məhdudlaşmır, həm də beynəlxalq münasibətlərdə dayanıqlı əməkdaşlıq platformalarının qurulmasına xidmət edir.

Onun təşəbbüsləri Azərbaycanın zəngin mədəni irsini qlobal miqyasda tanıtmaqla yanaşı, həm də mədəniyyətlərarası qarşılıqlı anlaşmanın gücləndirilməsinə şərait yaradır. Bu fəaliyyət, eyni zamanda beynəlxalq humanitar münasibətlərdə “mədəni diplomatiya”nın effektiv modelini formalaşdırır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar layihələr – tarixi abidələrin bərpası, mədəniyyət festivallarının təşkili, musiqi və incəsənət layihələrinin dəstəklənməsi müxtəlif xalqlar arasında qarşılıqlı hörmətin artmasına səbəb olur.

Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın təhsil və mədəniyyət sahələrində həyata keçirilən strateji layihələrin sistemli şəkildə koordinasiyası ilə səciyyələnir. Fondun təşəbbüsləri, mahiyyət etibarilə, milli humanitar siyasətin praktiki reallaşdırılması və onun institusional əsaslarının möhkəmləndirilməsi kimi qiymətləndirilə bilər. Burada iki istiqamət xüsusi əhəmiyyət kəsb edir: təhsil sisteminin modernləşdirilməsi və mədəni irsin qorunaraq beynəlxalq miqyasda tanıdılması.

Təhsil sahəsində həyata keçirilən layihələr  –  mövcud təhsil müəssisələrinin bərpası, müasir standartlara cavab verən yeni məktəblərin inşası, regionlarda təhsil infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq tədris proqramlarının dəstəklənməsi – insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü tədbirlərdir. Bu yanaşma milli inkişaf strategiyasının mühüm komponenti olmaqla, həm də Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə inteqrasiya olunmasına xidmət edir.

Mədəniyyət sahəsində isə muğam və klassik musiqinin təbliği, incəsənət layihələrinin dəstəklənməsi, tarixi-memarlıq abidələrinin bərpası və qorunması kimi tədbirlər milli kimliyin möhkəmləndirilməsinə yönəlmişdir. Bu təşəbbüslər həm milli dəyərlərin gələcək nəsillərə ötürülməsinə zəmin yaradır, həm də Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasına xidmət edir.

Mehriban xanım Əliyevanın dövlət idarəçiliyində fərqləndirici xüsusiyyətlərindən biri onun sosial məsuliyyət prinsipinə əsaslanan sistemli xeyriyyəçilik fəaliyyətidir. Müasir idarəçilik nəzəriyyələrində sosial məsuliyyət yalnız ictimai xeyirxahlıq aktı kimi deyil, həm də dövlətin davamlı inkişaf modelinin mühüm elementi kimi dəyərləndirilir. Bu baxımdan, Mehriban xanım Əliyevanın təşəbbüsləri cəmiyyətin ən həssas təbəqələrinin – uşaqların, qaçqın və məcburi köçkünlərin, eləcə də fiziki məhdudiyyətli şəxslərin sosial müdafiəsinə yönəlmiş ardıcıl proqram və layihələrlə xarakterizə olunur.

Uşaqların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr təhsil, səhiyyə və sosial xidmətlər sahəsində əlçatanlığı artırmaqla onların bərabər imkanlara sahib olmalarını təmin edir. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan proqramlar isə sosial inteqrasiya, yaşayış şəraitinin yaxşılaşdırılması və psixoloji dəstəyin gücləndirilməsi ilə seçilir. Əlillərin sosial müdafiəsi istiqamətində reallaşdırılan tədbirlər onların cəmiyyətin tamhüquqlu üzvü kimi iştirakına şərait yaradır və inklüziv idarəçilik modelinin təşəkkülünə xidmət edir.

Bu fəaliyyət formaca xeyriyyəçilik olsa da, məzmunca dövlət idarəçiliyində humanitar diplomatiyanın daxili siyasətdəki davamı kimi çıxış edir. Yəni, beynəlxalq müstəvidə humanitar diplomatiya vasitəsilə formalaşdırılan yumşaq güc alətləri, daxili siyasətdə sosial məsuliyyət və xeyriyyəçilik layihələri ilə birləşərək vəhdət təşkil edir

Beləliklə, onun fəaliyyəti bir daha təsdiq edir ki, XXI əsrin dövlət xadimi ənənəvi siyasi idarəetmə bacarıqlarını humanitar diplomatiya, sosial məsuliyyət və mədəni dəyərlərin qorunması ilə tamamlamalıdır.

Əziz QASIMOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 25.08.2025 22:00