Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Oktyabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının açılış tədbiri baş tutub.
Sərgi-satış yarmarkasının keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, artıq ənənə halını almış məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət bu sərgi-satış yarmarkası ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. O qeyd edib ki, bu kimi tədbirlər qadınların yaradıcılıq potensialının üzə çıxarılmasına, onların cəmiyyətə inteqrasiyasına və iqtisadi müstəqilliyinin təmin olunmasına mühüm töhfə verir. G.Nəzərova vurğulayıb ki, sərgidə nümayiş etdirilən hər bir əl işi qadınların zövqünü, bacarığını və zəhmətini əks etdirir. Qeyd edib ki, bu tədbir qadınlara öz qabiliyyətlərini göstərmək, yeni imkanlar qazanmaq və özlərinə inamlarını artırmaq üçün mühüm platformadır. G.Nəzərova iştirakçılara uğurlar arzulayaraq onların əməyinin və təşəbbüslərinin təqdirəlayiq olduğunu bildirib. Sonda o vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsi qadınlara diqqət və qayğının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, bu gün biz Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi və satış yarmarkası tədbirinin açılışına toplaşmışıq. Bu gün həm də xüsusi bir günə təsadüf edir, çünki ölkə Prezidenti cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 22-ci ildönümünü qeyd edirik. Bu tarixi gün həm ölkəmiz üçün, həm də qadınların sosial və iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Qadınların əl işlərindən ibarət bu tədbir artıq 16 ildir ki, hər il davam etdirilir. 16 il əvvəl qadınların bu sahədə iştirakı onlarla ölçülürdüsə, bu gün onların sayı yüzlərlədir. Bu artım həm qadınların yaradıcılıq potensialının tanınması, həm də onların sosial həyatdakı rolunun güclənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün artıq qadınlarımızın 10 mindən artıq əl işi sərgilənir. R.Seyidova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınların rolunu daha da artırıb. Bu siyasət qadınların iqtisadi, sosial, siyasi və mədəni həyatda fəal iştirakını təşviq edir. Muxtar respublikada da həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün qadınlar müxtəlif dövlət orqanlarında çalışır, bölgənin ictimai həyatında fəallıq göstərir və onların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaq Regional Ailə Mərkəzləri xüsusi qayğıya ehtiyacı olan qadınlara dəstək göstərəcək, onların sosial inteqrasiyasına və iqtisadi fəaliyyətə cəlb edilməsinə imkan yaradacaq. Komitə sədri qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, qadınlarımızın üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə və gələcəkdə də cəmiyyətimiz üçün önəmli töhfələr verməyə davam edəcəklərinə əminliyini ifadə edib. R.Seyidova sərgi-satış yarmarkasının 10 gün davam edəcəyini qeyd edib və yekun tədbirdə əl işlərinə görə fərqlənən qadınların təltif ediləcəyini vurğulayıb. Sonda komitə sədri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Müəllimlər İnstitutuna və digər təşkilatlara öz təşəkkürünü bildirib, qadınlarımıza fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində muxtar respublikada müxtəlif tədbirlər həyata keçirilir. O qeyd edib ki, rəsm və əl işlərinin ictimai nümayişi üçün nəzərdə tutulan bugünkü layihənin həyata keçirilməsi istedadlı, məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası üçün böyük perspektivlər açmaqla bərabər, onların yaradıcılıq əzmini də artırır. Bu tədbir xüsusilə qadınların sosial müdafiəsinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. F.Bağırzadə Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü mühüm işlərə və atdığı addımlara görə dərin minnətdarlığını ifadə edib. Həmçinin yarmarkada iştirak edən qadınlara təşəkkürünü çatdıran F.Bağırzadə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İstedadlı qadın Əzizə Məmmədova çıxış edərək bildirib ki, hər il keçirilən sərgilərdə aktiv şəkildə iştirak edir. Qeyd edib ki, bu sərgilər qadınların ailədə maddi vəziyyətinin yaxşılaşdırılmasına və sosial fəaliyyətlərinin genişləndirilməsinə dəstək rolunu oynayır. O həmçinin vurğulayıb ki, bu tədbirlər qadınlara yüksək motivasiya verir və onların gələcəkdə bu kimi tədbirlərdə fəal iştirak etmələrinə imkan yaradır. Ə.Məmmədova çıxışında qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlığını ifadə edib.
Sonra sərgi-satışa baxış olub.Sərgi-satış oktyabrın 25-dək davam edəcək.
Digər xəbərlər