Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib...
23:30 12.09.2026
0
0
0
NAXÇIVAN :
13 Sentyabr 2026, Bazar
Mərakeşin gündəlik nəşr olunan “əl-Alam” qəzetində Azərbaycan-Mərakeş əlaqələrindən bəhs edən məqalə dərc olunub.
"Şərq qapısı" xəbər verir ki, məqalənin müəllifi Mərakeşin Settat Universitetinin əməkdaşı, Afrika və Asiya Araşdırmaları Mərkəzinin direktoru Fuad Lahzizerdir.
“Azərbaycan-Mərakeş: Ortaq yaddaşdan çoxşaxəli tərəfdaşlığa” sərlövhəli məqalədə iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulmasından ötən dövr ərzində əlaqələrin inkişafı təhlil olunur.
Məqalədə vurğulanır ki, Azərbaycan-Mərakeş münasibətləri qarşılıqlı hörmət, siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əsasında inkişaf edib. Son illərdə ikitərəfli əlaqələr siyasi sahə ilə yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, parlament diplomatiyası və digər istiqamətləri də əhatə edib.
Müəllif diqqətə çatdırır ki, Mərakeş Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb, diplomatik münasibətlər isə 1992-ci il avqustun 28-də qurulub. 1994-cü ildə Kasablankada Azərbaycan Prezidenti Heydər Əliyev ilə Mərakeş Kralı II Həsən arasında keçirilən görüş iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Məqalədə 2022-ci ildə Azərbaycan-Mərakeş diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunmasına da diqqət çəkilir. Bildirilir ki, həmin dövrdə siyasi məsləhətləşmələrin intensivləşdirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi əlaqələrin institusional əsaslarının möhkəmlənməsinə xidmət edib.
Yazıda 2023-cü ildə Rabatda keçirilən Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasının ikinci iclasının əhəmiyyəti də vurğulanır. Qeyd olunur ki, görüş zamanı ticarət, investisiya, enerji, logistika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, məqalənin müəllifi parlament diplomatiyasının ikitərəfli əlaqələrin inkişafında artan rolunu qeyd edir. 2026-cı ilin iyununda Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında Mərakeş nümayəndə heyətinin iştirakının bu baxımdan əhəmiyyətli olduğu bildirilir.
Məqalədə Azərbaycan-Mərakeş əlaqələrinin mədəni və humanitar ölçülərinə də geniş yer ayrılır. Müəllif iki xalqı birləşdirən tarixi, mədəni və dini bağların münasibətlərin inkişafı üçün mühüm əsas yaratdığını vurğulayır.
Turizm sahəsində əməkdaşlığın perspektivlərinə toxunan müəllif 2024-cü il avqustun 28-dən Azərbaycan və Mərakeş arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsini mühüm addım kimi qiymətləndirir. Bildirilir ki, bu qərar iki ölkə arasında turist, tələbə, iş adamı və digər kateqoriyalardan olan şəxslərin səfərlərinin artmasına yeni imkanlar açıb.
Məqalədə, həmçinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Azərbaycan-Mərakeş əlaqələrində xüsusi rol oynadığı qeyd olunur. Təşkilatın Rabatda yerləşən qərargahının və Bakıdakı regional ofisinin iki ölkə arasında təhsil, elm, mədəniyyət və sivilizasiyalararası dialoq sahələrində əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanır.
Müəllifin fikrincə, Azərbaycan-Mərakeş münasibətləri artıq ənənəvi siyasi əlaqələr çərçivəsindən çıxaraq çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Qarşıdakı dövrdə iqtisadi, investisiya, turizm, akademik və mədəni layihələrin genişləndirilməsi iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə imkan verə bilər.
Digər xəbərlər