NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Mədəniyyət müəssisələrinin əməkdaşları üçün "Əməyin mühafizəsi" təlimi keçirilib

...

“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin mühafizəsi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər şəxsləri üçün "Əməyin mühafizəsi" mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlim Naxçıvan Dövlət Film Fondunda baş tutub və ümumilikdə, 49 iştirakçını əhatə edib. Görüşdə əməyin mühafizəsinin qanunvericilik bazası, təhlükəsizlik qaydaları və iş mühitində mövcud ola biləcək potensial risklərin aradan qaldırılması istiqamətində geniş müzakirələr aparılıb.

“Əməyin mühafizəsi” publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov çıxışında mövcud hüquqi baza haqqında ətraflı məlumat verib. Filialın əməkdaşı Mahmud Rzalı isə əməyin mühafizəsi üzrə təlimatların növlərini diqqətə çatdıraraq iş yerlərində risklərin düzgün qiymətləndirilməsinin və qabaqlayıcı tədbirlərin vacibliyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli əməyin mühafizəsinin əsas prinsipləri, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları barədə iştirakçılara praktik bilgilər təqdim edib.

Ümumiyyətlə, qarşılıqlı diskussiya şəraitində baş tutan təlimin sonunda iştirakçılar ünvanladıqları suallara daha ətraflı cavab alıb və gündəlik fəaliyyətlərində əməyin mühafizəsi qaydalarına əməl etməyin işçilərin sağlamlığı və təhlükəsizliyi üçün vacibliyini bir daha xatırladıblar.

Nəşr edilib : 24.09.2025 18:09