İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ...
18:34 27.10.2026
0
0
0
NAXÇIVAN :
27 Oktyabr 2026, Çərşənbə axşamı
Azərbaycan futbolunun FIFA ilə əlaqələri, sadəcə, üzvlükdən ibarət deyil. 1994-cü ildə AFFA-nın FIFA və UEFA sıralarına qəbulundan sonra bu əməkdaşlıq ölkənin idman infrastrukturunu, gənclərin yetişdirilməsini və beynəlxalq imicini formalaşdıran uzun bir yola çevrilib. İllər boyu “FIFA Forward” proqramı vasitəsilə ayrılan vəsaitlər, VAR-ın tətbiqi, stadionların yenilənməsi və gənclər liqalarının inkişafı bu əlaqənin praktiki tərəfini göstərir. Lakin 2026-cı ilin payızı bu münasibətləri yeni bir mərhələyə qaldırdı. Tarixdə ilk dəfə 15 yaşadək oğlanlar arasında Dünya Çempionatı və Festivalı məhz Bakıda keçirildi. Bu turnir adi bir yarış deyil. 189 ölkənin milli komandasını bir araya gətirən, təxminən, min oyunun planlaşdırıldığı, heç bir komandanın məğlub olduqdan sonra oyundan ayrılmadığı, təkcə göstərdikləri oyun səviyyələrinə görə qruplaşdırıldığı bir festivaldır.
8×8 format, kiçik meydançalar, qısa hissələr, bütün bunlar gənc futbolçuların psixologiyasına, texniki inkişafına və beynəlxalq təcrübəsinə uyğunlaşdırılıb. Azərbaycanın bu miqyasda yarışa ev sahibliyi etməsi isə təsadüf deyil. Ölkənin son illərdə idman infrastrukturuna yatırdığı sərmayə və FIFA ilə münasibətlər bu qərarın əsasını təşkil edir. Oktyabrın 24-də Kristal Zalda festivalın açılış mərasimi keçiriləndə zalda təkcə rəsmi qonaqlar deyil, həm də bir mesaj var idi. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin FIFA prezidenti Canni İnfantino ilə birlikdə mərasimi izləməsi və sonra oyunçularla görüşməsi bu turnirin, sadəcə, idman hadisəsi olmadığını göstərirdi. Dövlət başçısının gənc futbolçuların yanında olması, onların qələbəsini şəxsən təbrik etməsi gənclərin motivasiyasını artıran, idman siyasətinin prioritetlər sırasında olduğunu nümayiş etdirən addımlardır.
Oyun özü də bu mesajı gücləndirdi. Azərbaycan yığması Timor-Leste komandasına qarşı 6:0 hesabı ilə qələbə qazandı. Müşfiq Zamanov və Həsən Məhmədovun hər birinin iki qolu, Yusif Əlizadə və Asif Allahverdizadənin dəqiq zərbələri yalnız hesabı deyil, komandanın hazırlığını da ortaya qoydu. Gənclərin nümayiş etdirdiyi kombinasiyalar, sürət və intizam illərlə aparılan işin bəhrəsini göstərdi. Dövlət başçısının oyundan sonra dediyi sözlər isə bu anı daha da yaddaqalan etdi: “Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz. Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram”.
Belə anlar idmançının yaddaşında ömür boyu qalır və gələcək nəsillər üçün nümunəyə çevrilir. Bu cür turnirlərin Azərbaycan idmanına verdiyi töhfə isə çoxşaxəlidir. Gənc futbolçuların beynəlxalq səviyyədə rəqabət təcrübəsi və ölkənin təşkilatçılıq qabiliyyəti bir daha sübut olunur. Bu isə 2027-ci ildə Özbəkistanla birgə keçiriləcək U-20 Dünya Çempionatı kimi daha böyük yarışlara yol açır. Həmçinin uşaqlar və yeniyetmələr üçün yeni hədəflər yaranır və ölkənin idman diplomatiyası güclənir. Əlbəttə, bir oyun və bir turnir hər şeyi dəyişmir. Lakin 24 oktyabr 2026-cı il Azərbaycan futbolu üçün simvolik bir tarix kimi qalacaq. Kristal Zalda səslənən himn, gənclərin qələbə sevinci, dövlət başçısının qayğısı və 189 ölkənin bayraqlarının bir arenada dalğalanmas, ümumilikdə, bir mesaj verir: Azərbaycan artıq futbolun gələcəyini formalaşdıran ölkələrdən biridir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər