NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

...

“Aqrar sahə haqqında” qanun layihəsində kənd yerlərinin inkişafına xüsusi yer ayrılıb. Belə ki, aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma ilə tənzimlənir.

"Şərq qapısı" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyən olunur, kooperativlərə öz satış yerlərini təşkil etmək hüququ verilir. Bu, istehsalçının bazara birbaşa çıxışını xeyli asanlaşdıracaq.

Qanun qəbul edildikdən sonra "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunlar ləğv olunur. Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar isə qüvvədə qalır və baza qanunla əlaqələndirilir.

“Qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər kimi tətbiqi aktlar hazırlanacaq. Bu model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid qeydiyyatı prinsiplərinə əsaslanır.

Hesab edirik ki, layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək, resurslardan səmərəli istifadəni təmin edəcək. Kənd yerlərində məşğulluq və gəlirlərin artımına xidmət edəcək, nəticədə ərzaq təhlükəsizliyi möhkəmlənəcək”, - deyə nazir bildirib.

Nəşr edilib : 07.10.2026 11:43