NAXÇIVAN :

03 Oktyabr 2024, Cümə axşamı

Gənclər yeni deputat seçilən şəhid anasını ziyarət edib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov bir qrup gənclə birlikdə şəhid Emin Sadiqovun anası – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova ilə görüşüb, öz səmimi təbriklərini ifadə ediblər. Görüşdə nazirliyin əməkdaşları da iştirak edib. 

Emin Sadiqovun timsalında bütün şəhidlərimizin xatirəsinə gənclər, idmançılar adından dərin ehtiramını bildirən nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin şəhid ailələri ilə işə xüsusi həssaslıqla yanaşdığını, onların sosial qayğılarının qarşılanmasına, ictimai-siyasi fəaliyyətlərinin dəstəklənməsinə diqqət yetirildiyini deyib. Məcid Seyidov təmsil etdiyi qurumun və onun ətrafında sıx birləşən gənclərin daim şəhid ailələrinin yanında olduğunu, onlara mənəvi dəstək göstərdiyini, ümumilikdə, şəhidlərimizin xatirəsinin yaşadılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini xatırladıb. Nazir müavini Gülşad ananı təbrik edərək əlavə edib: – Şəhid ailələri ilə keçirilən ənənəvi görüşlərdən fərqli olaraq bu dəfə təskinlik üçün yox, şəhid anasına ictimai-siyasi anlamda göstərilən etimada, güvənə olan mövqeyimizi, sevincimizi ifadə etmək üçün buraya gəlmişik. Əminik ki, seçkilərdə muxtar respublika üzrə liderliyiniz fəaliyyətinizdə də özünü göstərəcəkdir.  

Gülşad Rüstəmova səmimi təbriklərə görə qonaqlara öz təşəkkürünü bildirib, yeni başladığı şərəfli və məsuliyyətli missiyasında xalqın dəstəyini hiss etdiyini, fəaliyyətini xalqın rifahı və dövlətçilik istiqamətində quracağını diqqətə çatdırıb. 

Səmimi söhbətin ardınca görüş iştirakçıları şəhidimizin xatirə guşəsi ilə tanış olub.

Nəşr edilib : 02.10.2024 16:56