NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Maliyyə və mühasibatlıq üzrə təhsil alan tələbələrlə və müvafiq sahə üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə görüş keçirilib

...

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov Naxçıvan Dövlət Universitetində maliyyə və mühasibatlıq sahəsində təhsil alan tələbələr və müvafiq sahə üzrə elmi-pedaqoji fəaliyyət göstərən müəllimlərlə görüş keçirib.
"Şərq qapısı" xəbər verir ki, tədbiri Naxçıvan Dövlət Universitetinin İqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı açaraq bu cür görüşlərin təhsil və peşəkar inkişaf baxımından çox mühüm olduğunu qeyd edib.
Görüş zamanı Elvin Əlimərdanov çıxış edərək tədbirin məqsədinin təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, karyera imkanları, sahə üzrə aktual çağırışlar, qanunvericilikdəki yeniliklər və peşəkar təcrübə imkanları ilə bağlı suallara aydınlıq gətirmək olduğunu bildirib. O, həmçinin qeyd edib ki, bu cür görüşlər sahənin inkişafı üçün perspektivli tələbələrin müəyyənləşdirilməsində vacib rol oynayır.
Nazir müavini vurğulayıb ki, görüşün prioritet hədəflərindən başlıcası qabaqcıl, sahə üzrə maraqlı tələbələri müəyyən edərək onların potensialını üzə çıxarmaq, onları gələcəkdə müvafiq sahələrdə dəyərləndirməkdir. Bu məqsədlə tələbələr özünün həmmüəllifi olduğu “Mühasibat uçotu” dərs vəsaiti ilə təmin ediləcək, sonrasında onlar dərs vəsaitinin proqramı əsasında Maliyyə Nazirliyində peşəkar təlimçilər tərəfindən uzunmüddətli təlimlərlərə cəlb ediləcək və təlimlərin sonunda müvafiq imtahanlardan uğur əldə etmiş tələbələr Nazirliyin “Kadr bankı”na əlavə ediləcəklər.
Görüş interaktiv və səmərəli mühitdə davam edib. Tədbir iştirakçılarının maliyyə və mühasibatlıq sahəsi ilə bağlı sualları cavablandırılıb, mövcud çağırışlar və imkanlar barədə geniş müzakirələr aparılıb. Tələbələrin və müəllimlərin fəal iştirakı ilə keçən görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq baxımından əhəmiyyətli olub. Belə ki, görüşün nəticəsi olaraq gələcək əməkdaşlıq üçün Maliyyə Nazirliyi və Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı Memorandum imzalanması qərara alınıb. Bu, maliyyə sahəsində təhsil və praktik təcrübənin inkişafı istiqamətində əhəmiyyətli bir addımdır.

Nəşr edilib : 30.11.2024 15:16