DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər s...
10:30 28.11.2026
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
Ölkəmizdə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və ixrac potensialının gücləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatlar, sahibkarlara yaradılan əlverişli şərait və istehsal sahələrinə göstərilən dövlət dəstəyi yeni müəssisələrin formalaşmasına, milli məhsulların daxili və xarici bazarlarda mövqeyinin möhkəmlənməsinə geniş imkanlar yaradır.
Yaradılmış imkanları real iqtisadi nəticələrə çevirən, istehsal gücünü və məhsul çeşidlərini davamlı şəkildə artıran müəssisələr ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsinə mühüm töhfə verirlər. “Ləzzət Qida Sənaye” MMC-nin keçdiyi inkişaf yolu, istehsal sahələrinin genişləndirilməsi və ixrac istiqamətindəki hədəfləri də yerli sahibkarlığın inkişafının və milli istehsal potensialının diqqətəlayiq nümunələrindəndir.
İstehsalın genişləndirilməsi və yeni mərhələlər
1995-ci ildən fəaliyyət göstərən şirkət ötən dövr ərzində istehsal və distribütor sahələrində əhəmiyyətli inkişaf yolu keçib. Müxtəlif istehsal istiqamətlərinin yaradılması, məhsul çeşidlərinin artırılması və yeni əmtəə nişanlarının bazara təqdim edilməsi müəssisənin inkişaf strategiyasının əsasını təşkil edib. “Ləzzət Qida Sənaye” MMC-nin istehsalat müdiri Bəndalı Məhərrəmov “Şərq qapısı”na müsahibəsində bildirib ki, şirkət fəaliyyətə başladığı ilk gündən istehlakçı tələbatını nəzərə almağı, istehsal imkanlarını mərhələli şəkildə genişləndirməyi və bazara keyfiyyətli məhsullar təqdim etməyi qarşıya məqsəd qoyub. 1998-ci ildə qənd istehsalına başlanılması müəssisənin fəaliyyətində ilk mühüm addımlardan biri olub. Hazırda tikə, kəllə və sarğılı qənd məhsulları “Ləzzət”, “Valls” və “Femilia” əmtəə nişanları ilə istehsal edilir.
2005-ci ildə kənd təsərrüfatı məhsullarının emalı, qovrulması və qablaşdırılması üzrə yeni istehsal sahəsinin yaradılması şirkətin fəaliyyətində növbəti mühüm mərhələ olub. Bununla da məhsul çeşidləri əhəmiyyətli dərəcədə genişlənib, istehsal imkanları yeni istiqamətlər hesabına artırılıb.
Hazırda müəssisədə tum və çərəzlər, çay, dənli məhsullar, un, qarğıdalı çubuqları və lokum kimi müxtəlif məhsullar istehsal edilir və qablaşdırılır. Bu məhsullar “Ləzzət”, “Sovqat”, “Limo”, “Sultan”, “Valls” və digər əmtəə nişanları altında istehlakçılara təqdim olunur. Məhsul çeşidlərinin artırılması ilə yanaşı, istehsal prosesinin təkmilləşdirilməsi və bazarın dəyişən tələblərinə uyğunlaşmaq da müəssisənin əsas fəaliyyət istiqamətlərindəndir.
Yeni istehsal sahələri və yerli məhsulların çeşidinin artırılması
Müəssisənin inkişaf strategiyasında növbəti mərhələ 2023-cü ildə salfet istehsalının təşkil edilməsi ilə başlayıb. Hazırda “Zərif”, “Softy”, “Papisoft” və “Pro Soft” əmtəə nişanları altında müxtəlif çeşiddə salfet məhsulları istehsal olunur.
Bəndalı Məhərrəmovun sözlərinə görə, yeni istehsal sahəsinin yaradılması müəssisənin fəaliyyət istiqamətlərinin şaxələndirilməsi və daxili bazarın tələbatının yerli məhsullar hesabına ödənilməsi baxımından mühüm addımdır. Şirkət gələcəkdə də istehsal imkanlarını genişləndirməyi, yeni məhsul növlərinin istehsalını mənimsəməyi və istehlakçılara daha geniş seçim imkanları yaratmağı nəzərdə tutur.
İstehsalat müdiri qeyd edib ki, yerli istehsalın inkişafı yalnız məhsul istehsalı ilə məhdudlaşmır. Bu proses yeni iş yerlərinin yaradılması, yerli sahibkarlığın gücləndirilməsi və ölkənin iqtisadi potensialının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
İxrac imkanları və gələcək inkişaf hədəfləri
“Ləzzət Qida Sənaye” MMC-nin fəaliyyətində əsas istiqamətlərdən biri də istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasıdır. Müəssisə ixrac coğrafiyasının genişləndirilməsi, yeni satış bazarlarının araşdırılması və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fəaliyyətini davam etdirir. Bəndalı Məhərrəmov bildirib ki, beynəlxalq sərgilərdə iştirak müəssisənin məhsullarının tanıdılması, xarici tərəfdaşlarla əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yerli məhsulların beynəlxalq bazarlarda mövqeyinin möhkəmləndirilməsi üçün istehsalın keyfiyyət və rəqabətlilik baxımından daim təkmilləşdirilməsi vacibdir.
İstehsalat müdiri əlavə edib ki, qarşıdakı dövr üçün əsas hədəflər istehsal gücünün artırılması, yeni məhsul çeşidlərinin yaradılması, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının genişləndirilməsidir. Bu məqsədlə yeni layihələrin həyata keçirilməsi və mövcud istehsal potensialından daha səmərəli istifadə olunması nəzərdə tutulur.
Davamlı inkişaf və iqtisadi töhfə
“Ləzzət Qida Sənaye” MMC-nin keçdiyi 31 illik inkişaf yolu yerli sahibkarlığın formalaşması və istehsal potensialının genişləndirilməsi baxımından diqqətəlayiq təcrübədir. Qənd istehsalı ilə başlayan fəaliyyətin zamanla müxtəlif məhsul qruplarını əhatə etməsi, yeni istehsal sahələrinin yaradılması və yerli əmtəə nişanlarının inkişafı müəssisənin mərhələli inkişaf strategiyasının nəticəsidir.
Bu gün şirkətin qarşıya qoyduğu hədəflər istehsal potensialını daha da gücləndirmək, yerli məhsulların rəqabət qabiliyyətini yüksəltmək, idxalı əvəz edən məhsul çeşidlərini genişləndirmək və Azərbaycan brendlərinin beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirməkdir. Bu baxımdan, müəssisənin həyata keçirdiyi və gələcəkdə reallaşdırmağı planlaşdırdığı layihələr yalnız şirkətin inkişafına deyil, bütövlükdə, ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsinə, yeni məşğulluq imkanlarının yaradılmasına və ixrac potensialının artırılmasına xidmət edir.
Güclü yerli istehsal iqtisadi müstəqilliyin mühüm dayaqlarından biridir. Daxili bazarın tələbatının yerli məhsullar hesabına ödənilməsi, milli əmtəə nişanlarının formalaşması və bu məhsulların xarici bazarlara çıxarılması ölkəmizin iqtisadi imkanlarını daha da genişləndirir. “Ləzzət Qida Sənaye” MMC-nin illər ərzində formalaşdırdığı istehsal təcrübəsi və gələcəyə hesablanmış inkişaf strategiyası da bu məqsədlərə xidmət edir. Çünki yerli istehsalın gücü yalnız məhsulun həcmi ilə deyil, həm də onun keyfiyyəti, rəqabət qabiliyyəti və beynəlxalq bazarlarda qazandığı mövqe ilə ölçülür. Milli məhsullarımızın dünya bazarlarında daha geniş tanınması isə Azərbaycanın iqtisadi potensialının və sahibkarlıq imkanlarının beynəlxalq miqyasda nümayişidir.
Nail ƏSGƏROV
Digər xəbərlər