“Şərq qapısı” ilə qoşa addımlayan ömür...
18:01 28.11.2026
0
0
1
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
2,7 milyon manatlıq ixrac, 143 iş yeri, 100-dən çox məhsul çeşidi – yerli istehsalın uğur nümunəsi
Yerli istehsalın gücləndirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi və ixrac coğrafiyasının genişləndirilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, sahibkarlıq üçün yaradılan əlverişli şərait və istehsal sahələrinə yönəldilən investisiyalar iqtisadiyyatın real sektorunda yeni imkanlar açır. Həmin imkanlardan səmərəli yararlanaraq fəaliyyətini ildən-ilə genişləndirən müəssisələr isə həyata keçirilən iqtisadi siyasətin nəticələrini konkret göstəricilərlə nümayiş etdirirlər.
Naxçıvanda fəaliyyət göstərən “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin inkişaf yolu yerli istehsalın potensialını, dövlət-sahibkar əməkdaşlığının səmərəsini və ixrac imkanlarının genişliyini əks etdirən uğurlu nümunələrdəndir.
Kiçik istehsaldan geniş ixrac imkanlarına
2010-cu ildən fəaliyyət göstərən müəssisə ötən müddətdə istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. İlk dövrlərdə bir istehsal xətti və 30 nəfərlik kollektivlə çalışan fabrik hazırda iki vafli və bir peçenye istehsal xəttinə malikdir. Müəssisədə 143 nəfər işlə təmin olunub. İstehsal prosesində Türkiyədən gətirilmiş müasir avadanlıqlardan istifadə olunur. Avtomatlaşdırılmış sistem əsasında çalışan bu avadanlıqlar məhsulların fasiləsiz və səmərəli istehsalına imkan yaradır.
Müəssisənin icraçı direktoru Emin Rzayev bildirir ki, fəaliyyətin ilk illərində burada 20-yə yaxın çeşiddə, 30 qramdan 5 kiloqramadək müxtəlif çəkilərdə məhsullar istehsal olunub. Hazırda isə məhsul çeşidlərinin sayı 100-ü ötüb. Bu çeşidlərə şokolad örtüklü vaflilər, şokoladlı peçenyelər, kakaolu, bananlı, çiyələkli və müxtəlif tərkibli digər şirniyyat məhsulları daxildir. Fabrikdə istehsal olunan məhsullar Azərbaycanın müxtəlif şəhərlərinə göndərilməklə yanaşı, xarici ölkələrin bazarlarına da çıxarılır. Hazırda müəssisənin ixrac coğrafiyasına Yəmən, İran, İsrail, Qazaxıstan və İraq daxildir. Təkcə 2026-cı ilin ilk 10 ayı ərzində 2 milyon 710 min manat dəyərində məhsulun ixrac edilməsi fabrikin xarici bazarlardakı fəaliyyətinin miqyasını və istehsal potensialını aydın göstərir.
Dövlət dəstəyi istehsalın genişlənməsinə stimul verir
İstehsal müəssisələrinin inkişafında investisiya qoyuluşları ilə yanaşı, dövlətin sahibkarlara təqdim etdiyi təşviq və güzəşt mexanizmləri də mühüm rol oynayır. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin fəaliyyəti də dövlət dəstəyinin real istehsal imkanlarına çevrilməsinin nümunəsidir.
İcraçı direktorun sözlərinə görə, fəaliyyətə başladığı dövrdən investisiya təşviqi mexanizmlərindən yararlanmaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət edilib və nəticədə, investisiya təşviqi sənədi əldə olunub. Bu sənəd əsasında istehsal avadanlıqlarının idxalı zamanı gömrük idxal rüsumu və əlavə dəyər vergisi üzrə güzəştlərdən, eləcə də yeddi il müddətində mənfəət vergisinin 50 faizinin ödənilməsindən azadolma imkanından istifadə edilib. Bununla yanaşı, 2026-cı ilin yanvarından qüvvəyə minən qərara əsasən investisiya təşviqi sənədinə malik istehsal müəssisələrinin istehsal prosesində istifadə etdikləri xammal və materialların idxalı zamanı gömrük idxal rüsumu və əlavə dəyər vergisi üzrə azadolmaların tətbiqi də fabrikin fəaliyyətinə əlavə stimul verib.
Müəssisə indiyədək bu mexanizmlər çərçivəsində, təxminən, 450 min manat məbləğində idxal rüsumu və ƏDV güzəştlərindən yararlanıb. Həmçinin 2027-ci ilin ilk üç ayı ərzində işəgötürən tərəfindən ödənilən sosial sığorta haqları üzrə, təxminən, 350 min manat subsidiya əldə edilməsi nəzərdə tutulur. Bütün bu dəstək mexanizmləri istehsal xərclərinin optimallaşdırılması, maliyyə imkanlarının genişləndirilməsi və əldə olunan vəsaitlərin yenidən istehsala yönəldilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda əməkhaqqı fondunun və işçi sayının artırılması, istehsal potensialının gücləndirilməsi, yeni məhsulların hazırlanması və ixrac bazarlarının genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Beynəlxalq sərgilər yeni bazarlara açılan qapıdır
Müəssisənin inkişaf strategiyasında daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlarda mövqeyini möhkəmləndirmək də əsas hədəflərdəndir. Bu məqsədlə fabrik beynəlxalq sərgilərdə iştirak edir, potensial tərəfdaşlarla əlaqələr qurur, məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində fəaliyyətini genişləndirir.
Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq sərgidə Azərbaycan pavilyonunda təmsil olunan müəssisənin nümayəndələri hazırda Çinin Honkonq şəhərində təşkil edilən sərgidə də iştirak edirlər. Belə platformalar məhsulların beynəlxalq auditoriyaya təqdim edilməsi, yeni distribütorların və işgüzar tərəfdaşların tapılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda beynəlxalq sərgilərdə iştirak yerli istehsalçıların rəqabət qabiliyyətinin artırılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılmasına xidmət edir.
Müəssisədə istehsalın həcmi ilə yanaşı, məhsulun keyfiyyətinə və qida təhlükəsizliyinə də xüsusi diqqət yetirilir. Fabrik ISO 9001 keyfiyyətin idarə edilməsi və ISO 22000 qida təhlükəsizliyinin idarə edilməsi sistemləri üzrə beynəlxalq sertifikatlara malikdir. Bu standartların tətbiqi istehsal proseslərinin müəyyən edilmiş tələblərə uyğun təşkilinə, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin təmin olunmasına imkan yaradır.
Məşğulluğa və peşə hazırlığına töhfə
İstehsal müəssisələrinin iqtisadi əhəmiyyəti yalnız hazırlanan məhsulların həcmi və ixrac göstəriciləri ilə məhdudlaşmır. Onların fəaliyyətinin mühüm nəticələrindən biri də yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi və yerli kadr potensialının inkişafıdır. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Fəaliyyətə 30 nəfərlə başlayan müəssisədə hazırda 143 nəfərin çalışması istehsalın genişlənməsi ilə yanaşı, məşğulluq imkanlarının da artdığını göstərir. Fabrik ali və ümumi təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbə və şagirdlərin istehsalat prosesi ilə tanış olmalarına şərait yaradır. Burada təşkil olunan təcrübə proqramları gənclərin nəzəri biliklərini praktikada tətbiq etmələrinə, istehsal mühitini yaxından tanımalarına və peşə bacarıqlarını inkişaf etdirmələrinə imkan verir.
Yerli istehsalın uğuru ölkə iqtisadiyyatının uğurudur
“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin 16 illik fəaliyyəti bir daha təsdiq edir ki, məqsədyönlü istehsal strategiyası, müasir texnologiyalara əsaslanan inkişaf, dövlət dəstəyi və sahibkarlıq təşəbbüskarlığı bir araya gəldikdə yerli müəssisələr əhəmiyyətli inkişaf yolu keçərək beynəlxalq bazarlarda da mövqe qazana bilirlər. Fabrikin istehsal imkanlarını genişləndirməsi, məhsul çeşidlərini artırması və milyonlarla manat dəyərində ixrac həyata keçirməsi bunun konkret göstəriciləridir.
Lakin belə müəssisələrin uğurunu yalnız istehsal həcmi, satış dövriyyəsi və ixrac göstəriciləri ilə qiymətləndirmək doğru olmazdı. Çünki hər yeni istehsal xətti ölkənin sənaye potensialının genişlənməsinə, hər yeni məhsul çeşidi yerli bazarın zənginləşməsinə, yaradılan hər bir iş yeri əhalinin məşğulluğunun və sosial rifahının yüksəlməsinə xidmət edir. İxrac olunan hər bir məhsul isə Azərbaycan istehsalının keyfiyyətini, rəqabət qabiliyyətini və ölkəmizin iqtisadi imkanlarını beynəlxalq miqyasda nümayiş etdirir.
Müasir iqtisadi reallıqlar yerli istehsalçıların qarşısında daha böyük hədəflər müəyyənləşdirir. Bu gün əsas məsələ yalnız daxili tələbatı ödəmək deyil, beynəlxalq standartlara cavab verən, rəqabətədavamlı məhsullar istehsal etməklə yeni bazarlara çıxmaq, ixrac coğrafiyasını genişləndirmək və qeyri-neft sektorunun inkişafına daha sanballı töhfə verməkdir. Bu baxımdan, istehsal müəssisələrinin texnoloji cəhətdən yenilənməsi, məhsul keyfiyyətinin davamlı yüksəldilməsi və xarici bazarlardakı mövqelərinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Ləzzət Biskvit və Şokolad Fabrikinin keçdiyi inkişaf yolu məhz bu iqtisadi hədəflərin real nəticələrə çevrilməsinin nümunəsidir. Bu təcrübə göstərir ki, yerli istehsala yatırılan investisiya, dövlətin yaratdığı əlverişli biznes mühiti və sahibkarın ardıcıl inkişaf strategiyası təkcə bir müəssisənin deyil, bütövlükdə, regionun iqtisadi həyatının canlanmasına təkan verə bilər. Ən əsası vaxtilə kiçik istehsal təşəbbüsü kimi fəaliyyətə başlayan müəssisə bu gün yeni iş yerləri yaradan, ixrac imkanlarını genişləndirən və Azərbaycan məhsullarını xarici bazarlarda tanıdan istehsal subyektinə çevrilib. Bu, yerli istehsalın inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin və milli məhsulların rəqabət gücünün artırılmasının konkret təzahürüdür.
Nail ƏSGƏROV
Digər xəbərlər