NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Latviya səfiri: Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

...

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, ölkəmizdə reallaşdırılan aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasının keçirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Səfir Edqars Skuya Latviyanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 03.03.2026 14:37