NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Könüllülük könül işidir...

...

Gələcək gənclikdən başlayır, – deyirlər. Hansı keyfiyyətlərə yiyələnməyi bacardınsa, eyni keyfiyyətlərlə dolu bir gələcək yetişir...

Durduğumuz yerdən ətrafa baxsaq, gözlərində həyəcan və qəlblərində sevgi atəşi olan gənclərin şəhər boyunca sağa-sola axışdığını görmək mümkündür. Həmin atəş və həyəcan gah cəmiyyəti doğru informasiya axınına qərq etmək üçün, gah da təbiəti qorumaq üçün alovlanır. Nə bilmək olar? Bəlkə də, bizim asanlıqla hər gün görə bildiyimiz işlər başqasının ümid yeridir. Bu gəncləri yönləndirmək baxımından muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilat və qurumlardakı könüllülük proqramlarının da rolu danılmazdır. Qarşılıq gözləməyən gəncləri bəzən əllərində kitabla qocalar evinə getdiyini, bəzən isə “ASAN xidmət” mərkəzinin girişində insanlara kömək üçün dayandığını görmək mümkündür. Könüllülük adlandırılan bu situasiyanı, əslində, müxtəlif sahələr üzrə bir insanlıq və birliyə səsləniş simvolu kimi də qiymətləndirmək olar.

“Könüllü olarkən nə qazanırıq?”, – deyə bəzən insan öz-özünə düşünür.  Hər hansısa bir tədbirə qatılarkən gənclərin müxtəlif təşkilatların könüllülük formaları ilə müxtəlif işləri idarə etdiyini görürük. Çox insanın bir yığın gənc deyib keçdiyi könüllülər bəzən böyük bir tədbirin təşkilatında yaxından köməklik göstərir, bəzən isə muxtar respublikada yerləşən hər hansı bir qurumda yaşlılara, digər sakinlərə kömək etdiyini görürük. Bu könüllük insanlara göstərilən kömək və qayğıdan əlavə qazanılan dostların, əvəzolunmaz xatirələrinə səbəbkarı olmağı bacarır...

Azərbaycanın bir çox regionları ilə yanaşı, muxtar respublikada da könüllülük proqramları geniş təbliğ olunmağa başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin könüllüləri 2018-ci ildən, Naxçıvan Baş Gömrük İdarəsi, Naxçıvan “ASAN xidmət” mərkəzinın könüllüləri 2023-cü ildən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi könüllüləri, Naxçıvan Muxtar Respublikası məhkəmələri könüllüləri olan “Femida”, Medinanın İnkişafı Agentliyinin media könüllüləri isə 2024-cü ildən fəaliyyətə başlayıblar. Bu siyahını daha da uzatmaq olar.

Eyni gənclik, müxtəlif təcrübə meydanları: səslənişi belə maraqlıdır... Həmin formaları geyinərkən gənc yaşda bir gömrükçü, səhiyyə işçisi, jurnalist olmaq təqdirəlayiqdir. Gənclik vaxtın səmərəli keçirsə, bundan yaxşı nə ola bilər? Könüllülük sağlamlığımızın qeydinə qalmaq, ədalət üçün əzmlə çalışmaqdan əlavə, təbiəti qorumaq, cəmiyyətə dəyər qatmaq, insanları məlumatlandırmaqdır.   Bir sözlə desək, sağlam təməllər üzərində qurulacaq bir gələcəyin əsası gənc könüllülərdən, həmin könüllülüyün təməli isə könül işindən asılıdır...

Rafiq TƏHMƏZ

Nəşr edilib : 05.12.2024 10:04