Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danış...
09:37 24.11.2024
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, Ali riyaziyyat və informatika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyevin anadan olmasının 70, əmək fəaliyyətinin isə 49 ili tamam olur. Birgə çalışdığımız, fəaliyyət göstərdiyimiz müəssisədə Rövşən müəllimi yaxşı tanıdığım üçün onun haqqında oxuculara məlumat vermək qərarına gəldim. Məqsədim hərtərəfli biliyə malik bir alimin, səriştəli pedaqoqun, səmimi dekanın, ən əsası isə əsl Azərbaycan xalqına məxsus adət-ənənələrə, mentalitetə sadiqliyini özündə əks etdirən qayğıkeş ailə başçısının keçdiyi əziyyətli, amma son dərəcə qürurlu həyat yolunu bütün oxucularıma çatdırmaq, şərəfli bir müəllim ömrünü, sadə bir insanı kiçik söz hədiyyəmlə dəyərləndirməkdir.
Rövşən Vəliyev 1954-cü ildə Naxçıvan şəhərinin Qaraçuq kəndində müəllim ailəsində anadan olmuş, orta təhsilini 1961-1971-ci illərdə Qaraçuq kənd orta məktəbində almışdır. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Naxçıvan filialının Riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə bitirmiş, 1975-ci ilin avqust ayından 1983-cü ilin sentyabr ayınadək Babək rayonunun Cavidabad kənd orta məktəbində riyaziyyat müəllimi işləmiş, 1980-ci ildə Babək rayonunda yaradılmış qiyabi “Gənc riyaziyyatçılar” məktəbinə rəhbərlik etmiş, riyaziyyat elminin sirlərini riyaziyyatsevərlərə öyrətməyə çalışmışdır.
Rövşən Vəliyev daha sonra 1983-cü ilin sentyabr ayından 2001-ci ilin may ayınadək Naxçıvan Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda “Riyaziyyat və rəsmxəttin tədrisi metodikası” kabinetinin müdiri vəzifəsində fəaliyyət göstərməklə yanaşı, 1983-cü ilin sentyabr ayından 1996-cı ilədək Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında müəllim işləmişdir.
İstedadlı pedaqoq müxtəlif elmi-praktik konfranslarda riyaziyyatın tədrisi metodikasının aktual problemləri ilə bağlı pedaqoji ictimaiyyət və riyaziyyat müəllimləri, tələbələr qarşısında maraqlı məruzələrlə çıxışlar etmişdir. O, eyni zamanda Naxçıvanda məktəb və pedaqoji fikir tarixinin tədqiqatçılarından biridir. X1X əsrin sonlarında M.T.Sidqinin Naxçıvanda açdığı “Tərbiyə” məktəblərinə həsr olunmuş “Məktəbi-tərbiyə və onun Nizamnaməsi” adlı məqaləsi bu sahədə araşdırmalar aparan tədqiqatçılar üçün mənbə rolunu oynamışdır.
Məqalədə M.T.Sidqinin yaratdığı “Tərbiyə” məktəblərinin Azərbaycanda milli və dünyəvi məktəblərin genişlənməsinə, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verdiyi deyd olunmuşdur.
Rövşən Vəliyev 2001-ci ilin oktyabr ayından 2003-cü ilin sentyabr ayınadək Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialında kabinet müdiri, 2003-cü ilin sentyabr ayından 2004-cü ilin sentyabr ayınadək Naxçıvan Müəllimlər İnstitutunda müəllim, 2004-cü ilin sentyabr ayından isə baş müəllim vəzifəsində işləmişdir.
Öz biliyini elmi araşdırmalar aparmaqla sınayan Rövşən Vəliyev 2007-ci ildə dissertasiya işini uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Haliyədə o, Ali riyaziyyat və informatika kafedrasının dosentidir.
Rövşən müəllim 2009-cu ilin yanvar ayından 2016-cı ilin aprel ayınadək Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri vəzifəsində işləmiş, 2016-cı ilin aprel ayından isə Təbiət və incəsənət fakültəsinin dekanıdır.
Gərgin əmək sərf edərək yorulmadan çalışan, daim elmi araşdırmalar aparan Rövşən müəllim bu gün 110 elmi-metodiki əsərin, o cümlədən 2 metodik vəsaitin, 1 monoqrafiyanın, 15-dən artıq fənn proqramının müəllifidir. Həmçinin o, 34 riyaziyyat müəlliminin qabaqçıl iş təcrübəsini öyrənib muxtar respublika məktəbləri arasında yaymışdır.
Rövşən Vəliyevin “Naxçıvan muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda keçirilən respublika konfransında “Naxçıvan Muxtar Respublikasında 95 ildə xalq təhsilinin inkişafı: faktlar və rəqəmlər” mövzusundakı məqaləsi rəğbətlə qarşılanmışdır. Tədqiqatçının Naxçıvan Müəllimlər İnstitutunun “Elmi əsərləri”ndə və “Xəbərlər jurnalı”nda dərc olunmuş “Heydər Əliyev və Azərbaycanda ali təhsilin inkişafı: reallıqlar, perspektivlər”, “Naxçıvanda pedaqoji kadr hazırlığı son 100 ildə: faktlar və rəqəmlər”, “Riyaziyyat və informatika müəlliminin hazırlanması və riyazi metodik hazırlığına yeni baxış’’, “Ali təhsil sahəsində dövlət siyasəti; dünya təcrübəsi və Azərbaycan’’, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvanda təhsilin muxtariyyət dövrü; problemlər, həllər, perspektivlər’’, Naxçıvanda müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı məqalələri, Naxçıvanda yaşayan maarifçilər haqqında və pedaqoji fikir tarixindən bəhs edən məqalələri işıq üzü görmüş, müəllim və tələbələrin, o cümlədən geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.
Tədqiqatçı alimin Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə töhfə kimi ərsəyə gətirdiyi “Yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin aktual məsələləri’’ adlı monoqrafiyasında Naxçıvan məktəblərində istər təlim prosesi, istərsə də sinifdənxaric işlər zamanı yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin formalaşdırılmasının imkan və yolları araşdırılıb tədqiq edilmişdir. Monoqrafiyada mənəvi tərbiyənin ideya qaynaqları, dövlətçilik ideologiyasına, milli müstəqillik prinsiplərinə uyğunlaşdırılması məsələləri Ümummilli Liderimiz Heydər Əliyevin nəzəri fikirlərində müəyyənləşdirilmişdir.
Rövşən Vəliyevin məqalələri “Azərbaycan müəllimi’’ qəzetində, “Bakı Slavyan Universiteti ali məktəblərarası elmi məqalələr” məcmuəsində, “Fizika- riyaziyyat və informatika tədrisi” jurnalında dərc olunmuşdur.
Daim axtarışlar aparan tədqiqatçı alimin “Azərbaycan müəllimi” qəzetinin 23 aprel 2024-cü il tarixli sayında dərc etdirdiyi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan “Naxçıvan Muxtar Respublikasında 100 ildə pedaqoji kadr hazırlığı: faktlar və rəqəmlər” məqaləsi daha çox diqqətimi çəkdi. Bu tədqiqat xarakterli yazıda Naxçıvan muxtariyyətinin yarandığı 1924-1925-ci illərdən başlamış bu günə qədər qədim yurd yerimizdə fəaliyyət göstərmiş məktəblərin, siniflərin, müəllimlərin və şagirdlərin sayı dəqiq faktlar və rəqəmlərlə diqqətə çatdırılmış, o cümlədən o dövrdə Naxçıvanda təşkil olunmuş seminariya, texnikumlar, Naxçıvan Dövlət Müəllimlər İnstitutu və digər ali məktəblər haqqında geniş məlumatlar verilmiş, onların fəaliyyəti işıqlandırılmışdır.
Onu da qeyd etmək yerinə düşər ki, Rövşən müəllimin elmi-pedaqoji fəaliyyəti daim yüksək dəyərləndirilmiş, tanınmış ziyalı müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin çoxsaylı mükafatları, fəxri-fərmanları bir qəzet yazısına sığışdırmaq mümkün deyil və onun son vaxtlarda layiq görüldüyü bir mükafatı diqqətinizə çatdırmaq istəyirəm. Düşünürəm ki, 2022-ci ildə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyət sahəsində təbiət elmləri üzrə ən yüksək göstəricilərinə görə “İlin alimi” diplomu ilə təltif olunmağı müəllim və alim əməyinə verilən yüksək qiymətdir.
Naxçıvan Müəllimlər İnstitutunun inkişafında, gənc nəslin təlim-tərbiyəsində, ictimai işlərdə fəallığı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyəti həmkarımız Rövşən müəllimi digərlərindən fərqləndirir. Müəllim və tələbə kollektivləri və tələbələri ilə səmimi rəftarı, qayğıkeşliyi onu sevimli müəllimə, pedaqoqa çevirmişdir. Əslində onun peşəkarlığı, hərtərəfli biliyə malik olması, ən əsası da mükəmməl pedaqoq kimi fəaliyəti hər bir gənc kadr üçün örnəkdir, bir məktəbdir.
Mən də ilk növbədə öz adımdan və Naxçıvan Müəllimlər İnstitutunun kollektivi adından həmkarımız Rövşən müəllimi yubiley münasibətilə ürəkdən təbrik edir, ona olduqca məsuliyyətli, amma şərəfli yolda uğurlar diləyirəm.
Samirə HƏSƏNOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Müəllimlər İnstitutu
Digər xəbərlər