NAXÇIVAN :

23 Iyun 2025, Bazar ertəsi

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyinin tam bərpası və yeni inkişaf mərhələsinin nəticəsidir

...

Bir millətin suverenlik qazanması onun azadlığı, müstəqilliyi və gələcəyini müəyyənləşdirmək hüququ baxımından böyük əhəmiyyət daşıyır. Suverenlik bir dövlətin daxili və xarici siyasətini sərbəst şəkildə həyata keçirməsi, öz qanunlarını qəbul etməsi, ərazi bütövlüyünü qoruması və beynəlxalq münasibətlərdə müstəqil subyekt kimi çıxış etməsi baxımından çox mühüm amildir.

Suverenlik qazanmaq milli kimliyin qorunması və xalqın öz taleyinə sahib çıxması üçün əsas şərtlərdən biri olmaqla bərabər, ölkənin iqtisadi, siyasi və sosial inkişafını müstəqil şəkildə formalaşdırmasına imkan verir. Eyni zamanda suverenlik bir millətin öz mədəniyyətini, dilini və adət-ənənələrini sərbəst şəkildə yaşatmasını, inkişaf etdirməsini və nəsildən-nəslə ötürülməsini təmin edir.

Tarixboyu suverenlik uğrunda mübarizə aparan xalqlar öz azadlıqlarını əldə etməklə həm daxili sabitlik, həm də beynəlxalq aləmdə güclü mövqe qazanmışlar. Suveren dövlətlər daxili idarəetmə modelini öz milli maraqlarına uyğun quraraq milli təhlükəsizliyi və sosial rifahı təmin edə bilirlər.

Azərbaycan nümunəsində olduğu kimi, suverenliyin bərpa edilməsi həm tarixi ədalətin bərpası, həm də dövlətin güclənməsi deməkdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın müstəqil siyasət yürütmək, ərazi bütövlüyünü qorumaq və beynəlxalq münasibətlərdə güclü mövqe sərgiləmək istiqamətində atdığı addımların məntiqi davamıdır.

Bu həm də ölkənin müstəqillik tarixində mühüm bir mərhələ olmaqla yanaşı, dövlət suverenliyinin tam bərpa edilməsinin rəsmi təsdiqi kimi qiymətləndirilir. Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, eləcə də ölkənin beynəlxalq arenada mövqeyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələridir.

Bir dövlətin suverenliyinin əsas göstəricisi onun milli və dünyəvi dəyərləri özündə birləşdirən konstitusiyaya malik olmasıdır. Azərbaycanın müstəqillik tarixində ən mühüm hadisələrdən biri də 1995-ci il noyabrın 12-də ölkənin ilk milli Konstitusiyasının qəbul edilməsidir. Yeni Konstitusiyanın hazırlanması prosesinə bilavasitə rəhbərlik edən şəxs isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur.

1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dahi rəhbərin qarşısında duran əsas məsələlərdən biri ölkənin siyasi sabitliyini təmin etmək, hüquqi dövlət quruculuğunu həyata keçirmək və beynəlxalq standartlara cavab verən Konstitusiya hazırlamaq idi. Sovet dövründən miras qalan 1978-ci il Konstitusiyası Azərbaycanın müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi üçün yetərli deyildi. Dövlət idarəetmə sisteminin formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, iqtisadi-siyasi institutların hüquqi əsaslarının yaradılması üçün yeni bir Konstitusiya zərurəti yaranmışdı.

Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlamaq üçün xüsusi Konstitusiya Komissiyası yaradıldı. Onun bilavasitə rəhbərliyi və nəzarəti altında hazırlanan bu sənəd xalqın iradəsini və milli maraqları əks etdirən fundamental hüquqi baza oldu. Konstitusiya layihəsi demokratik və hüquqi dövlət quruculuğuna əsaslanan, vətəndaşların hüquq və azadlıqlarını təmin edən, bazar iqtisadiyyatının inkişafına dəstək verən müasir bir sənəd kimi hazırlandı.

12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi və siyasi inkişafında yeni bir mərhələ açdı. Bu sənədin qəbulu ilə ölkədə hüquqi sistem formalaşdırıldı, qanunun aliliyi təmin olundu və demokratik dəyərlər qorundu. Xüsusi vurğulanmalıdır ki, dahi rəhbərin bu sahədə göstərdiyi müstəsna xidmətlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və müstəqil Azərbaycanın hüquqi bazasının yaradılmasında mühüm rol oynamışdır.

Azərbaycanın suverenliyinin tam bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesində Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rolu böyükdür. 2003-cü ildə hakimiyyətə gəldiyi gündən etibarən ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünün bərpası, suveren hüquqlarının təmin edilməsi və milli maraqlara əsaslanan xarici siyasət yürüdərək Azərbaycanı güclü lider dövlətə çevirmişdir.

Bir az əvvələ gedərək qeyd edək ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etsə də, Ermənistanın təcavüzü nəticəsində ölkənin 20 faizə yaxın ərazisi işğal altında qalmış, suveren hüquqlar tam şəkildə təmin olunmuşdu.

2016-cı ildə başlanan Aprel döyüşləri beynəlxalq arenada Ermənistan-Azərbaycan münaqişəsinə diqqəti yenidən yönəltmiş və işğalın davam etməsinin bölgədə təhlükə yaratdığını göstərirdi.

Aprel döyüşlərindən sonrakı mərhələdə Naxçıvanda uğurla həyata keçirilən Günnüt əməliyyatı Vətən müharibəsinə gedən yolda və suverenliyimizin bərpası istiqamətində atılan mühüm və strateji bir addım idi. 2018-ci ilin may-iyun aylarında keçirilən Günnüt əməliyyatı Azərbaycanın suverenlik yolunda növbəti böyük uğuru oldu. Bu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ümumilikdə, 11 min hektar ərazi işğaldan azad edildi. Eyni zamanda Qızılqaya və Mehridağ yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi ki, bu da strateji baxımdan hərbçilərimizə böyük üstünlük qazandırdı. Günnüt əməliyyatı Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq əzmini və gücünü göstərdi; bu isə daha genişmiqyaslı əməliyyatların həyata keçirilməsi üçün zəmin yaratdı.

2016-cı il Aprel döyüşləri və 2018-ci il Günnüt əməliyyatı, Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətində atdığı ilk real və uğurlu addımlar oldu. Bu hadisələr Azərbaycanın hərbi gücünün artmasına, dövlətin strateji mövqelərinin möhkəmlənməsinə və Vətən müharibəsinə hazırlığın sürətlənməsinə zəmin yaratdı.

2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatları nəticəsində Azərbaycan Vətən müharibəsinə başlamağa məcbur oldu. 27 sentyabrda başlayan müharibə 44 gün ərzində Azərbaycanın tam qələbəsi ilə nəticələndi və Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Daha sonra sentyabr ayında uğurla icra edilən bir günlük lokal antiterror əməliyyatının keçirilməsi cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Azərbaycanın tam suverenlik qazanmasına gətirib çıxardı.

Bu mərhələdən sonra Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən strateji siyasət nəticəsində Azərbaycan həm hərbi, həm diplomatik, həm də iqtisadi sahədə mühüm nailiyyətlər əldə etmişdir. O, ölkənin müdafiə qüdrətini gücləndirərək müasir və döyüş qabiliyyətli bir ordu formalaşdırmış, beynəlxalq arenada Azərbaycanın mövqeyini möhkəmləndirmiş və işğaldan azad edilmiş ərazilərin sürətli bərpasına start vermişdir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımları daha da gücləndirməyi hədəflədiyini göstərir. Bu il ərzində dövlət quruculuğu, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin geri qaytarılması və beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi kimi mühüm proseslər həyata keçirilməkdədir.

Nicat YAQUBOV

 filologiya üzrə fəlsəfə doktoru, dosent

Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri

Nəşr edilib : 23.06.2025 16:00