NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

“Konstitusiya və Suverenlik İli” 30 illik qanun yolunda

...

“Konstitusiya xalqın iradəsini, müstəqillik və demokratiya prinsiplərini əks etdirən ali hüquqi sənəddir. Azərbaycan Konstitusiyası dövlətimizin demokratik, hüquqi və dünyəvi əsaslarını müəyyən edir və xalqımızın gələcək inkişaf yolunu istiqamətləndirir”.

Yuxarıda qeyd olunan sitat Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsasların qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyəti əks etdirir. Ölkə konstitusiyası məhz Ulu Öndərin rəhbərliyi altında hazırlanmış və qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərarı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu hadisə ölkənin tarixində iz qoyan mühüm mərhələni və milli-mədəni dəyərlərin, hüquqi müstəqil dövlətin və xalq iradəsinin qorunmasını özündə əks etdirir.

Bəs bu qərarın qəbul edilməsinin əsas məhiyyəti nədən ibarətdir?  Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilmiş və bu sənəd ölkənin hüquqi, iqtisadi və siyasi irəliləyişində qabaqcıl rol oynamışdır. Konstitusiya, bir ölkənin düzgün idarəetmə formasını, vətəndaşların hüquq və azadlıqlarını təmin edərək, ölkədə nizam-intizam sisteminin qurulmasında böyük rol oynayır. Bu sənəd müstəqil dövlət anlayışının hüquqi ifadəsidir.

Müstəqillik, xalqın və dövlətin öz taleyini müəyyən etmə azadlığıdır. Xalqımız cümhuriyyətin süqutu ilə itirdiyi müstəqilliyini 1991-ci ildə bərpa etməklə, öz suverenliyini beynəlxalq aləmdə nümayiş etdirdi. Ölkəmizin müstəqilliyini qorumaq və inkişaf etdirmək məqsədilə həyata keçirilən proqramlar, güclü iqtisadi siyasət və beynəlxalq əməkdaşlıq bu siyasəti daha da möhkəmləndirmişdir. 2025-ci ildə isə əsas qanunumuzun 30 illik yubileyi qeyd edilir. Bununla bağlı bir neçə silsilə tədbirlər, o cümlədən konfranslar, maarifləndirmə kampaniyaları və hüquq islahatları müzakirə predmetinə çevrilib. Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən enerji resurslarının möhkəmləndirilməsi və təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması və beynəlxalq arenada artan ölkə nüfuzu suverenliyin əhəmiyyətini bir daha gözlər önünə gətirdi.

Bundan əlavə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” adlandırılması, eyni zamanda Konstitusiya ilə bağlı təhsil proqramlarının genişləndirilməsi, insan hüquqlarının müdafiəsi və idarəetmənin təkmilləşdirilməsi kimi qanunvericilik islahatları istiqamətində yeni qərarlar qəbul edilməsi, suverenliyə dair tarixi faktların araşdırılması və beynəlxalq ictimaiyyətə göstərilməsi, konstitusiya və suverenlik dəyərlərinin gənclər arasında daha geniş yayılmasına diqqətin artırılması deməkdir. Azərbaycan Respublikasının son 30 ildə əldə etdiyi nailiyyətlər, xüsusən də 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünün bərpası Azərbaycanın suveren dövlət kimi beynəlxalq aləmdə öz sözünü deməsinə səbəb oldu.

 

Bir dövlətin müstəqilliyi və onun suverenliyi əsas məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik”.

“Konstitusiya və Suverenlik İli” elan olunması, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və hüquqi dəyərlərin təbliği baxımından böyük strateji əhəmiyyət daşıyır. Bu il ərzində həyata keçirilən tədbirlər, Azərbaycan xalqının suverenliyini qorumaq və milli iradəsini gücləndirmək istiqamətində yeni bir mərhələ olacaqdır.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 22.01.2025 16:43