NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Komitənin yaradılmasının 18 illiyi münasibətilə tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 18 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra komitədə davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək komitənin yaranma tarixi, məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, komitə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 28 sentyabr tarixli 84-III FR nömrəli Fərmanı ilə yaradılmış və 2009-cu ilin mart ayından fəaliyyətə başlamışdır.
Ramilə Seyidova vurğulayıb ki, komitə fəaliyyətə başladığı gündən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ailə, qadın və uşaq siyasətini həyata keçirir. Komitənin fəaliyyət istiqamətlərindən danışan sədr bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, uşaqların təhsilə cəlb olunması, uşaq əməyinin istismarının qarşısının alınması, erkən nikahların və qohum evliliklərinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həmçinin müxtəlif maarifləndirici tədbirlərin təşkili ilə ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ardıcıl işlər görülməkdədir. R.Seyidova diqqətə çatdırıb ki, komitə fəaliyyətini yalnız maarifləndirici tədbirlərlə məhdudlaşdırmır, həm də qadınların sosial-iqtisadi fəallığının artırılmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində 300-dən çox qadına sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün sərmayə kapitalı təqdim olunub. Bu, onların iqtisadi cəhətdən müstəqillik qazanmasına, ailə büdcəsinə töhfə verməsinə imkan yaradıb.
Çıxışının sonunda komitə sədri Ramilə Seyidova vurğulayıb ki, komitə bundan sonra da üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə icra edəcək, ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların hüquqlarının müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirəcək. O qeyd edib ki, komitə qarşıdakı illərdə də dövlətimizin ailə, qadın və uşaq siyasətinin layiqincə həyata keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək və bu sahədə daha genişmiqyaslı layihələr reallaşdıracaqdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Aparat rəhbəri Eltun Həziyev çıxış edərək komitənin 18 illiyi münasibətilə kollektivi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirdə komitə sədri Ramilə Seyidova 3 nəfər əməkdaşı Yeni Azərbaycan Partiyasına üzv olmaları münasibətilə təbrik etmiş və onlara üzvlük vəsiqələrini təqdim etmişdir. Daha sonra fəaliyyətində fərqlənən 2 əməkdaş komitənin fəxri fərmanı ilə, 7 əməkdaş isə pul mükafatları ilə təltif olunmuşlar.
Sonda Ramilə Seyidova bir daha kollektivi təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.

Nəşr edilib : 26.09.2025 22:05