NAXÇIVAN :

23 Dekabr 2024, Bazar ertəsi

Komitənin uşaqlar arasında təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Komitə tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar elan olunmuş “Yaşıl ideyalar” mövzusunda uşaqlar arasında əl işləri müsabiqəsinə yekun vurulub. 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən və uşaqların yaradıcı istedadlarının üzə çıxarılması üçün görülən işlərdən danışıb. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqların hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsildə və sosial həyatda bərabər imkanlara malik olmaları üçün müxtəlif tədbirlər həyata keçirilir. Ramilə Seyidova uşaq hüquqlarının qorunması və muxtar respublikada yaşayan uşaqların istedad və bacarıqlarının üzə çıxarılması üçün Komitə tərəfindən görülmüş işlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında uşaqların yaradıcılıqlarının üzə çıxarılması, həm onların fərdi inkişafını dəstəkləmək, həm də cəmiyyətin gələcək liderlərinin yetişməsinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Mükafatlandırma mərasimi ilə yekun vurulan “Yaşıl ideyalar” müsabiqəsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir və müsabiqəyə təqdim olunmuş işlərin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. 
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini,  nazir vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva, müsabiqənin qaliblərindən olan Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecinin tələbəsi İnci Rzayeva çıxış edərək bildiriblər ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən "Yaşıl ideyalar" mövzusunda uşaqlar arasında əl işləri müsabiqəsinin əhəmiyyəti çox böyükdür. Bu müsabiqə uşaqlarda ekoloji şüur və təbiətə qarşı məsuliyyətli yanaşma hissi yaratmaq məqsədi daşıyır. Uşaqların yaradıcı şəkildə “yaşıl ideyalar” üzərində düşünərək əl işləri hazırlamaları, həm də təkrar emal, enerji sərfiyyatının azaldılması və təbiətin qorunması kimi mövzulara diqqət çəkmək üçün əla bir vasitədir. Bu cür təşəbbüslər, gələcək nəsilləri ekoloji problemlər haqqında maarifləndirmək və onlara davamlı həyat tərzi prinsiplərini aşılayaraq “yaşıl ideyalar”ın həyata keçirilməsinə dəstək verir. Uşaqların öz ideyalarını reallaşdırmaları, həmrəylik və əməkdaşlıq ruhunu inkişaf etdirir, eləcə də gələcəkdə ekoloji sahədə daha məsuliyyətli və yaradıcı liderlərin yetişməsinə töhfə verir. Ümumilikdə, bu müsabiqə ekoloji cəhətdən şüurlu cəmiyyətin formalaşmasına töhfə verən vacib bir təşəbbüsdür.
Çıxışların ardından “Yaşıl ideyalar” mövzusunda uşaqlar arasında əl işləri müsabiqəsində yer tutan 49 nəfərə Komitənin diplom və hədiyyələri təqdim olunub. Təltif olunanlar yaradıcılıqlarının üzə çıxarılması və daha da inkişaf etdirilməsi üçün yaradılan şəraitə və göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Sonda uşaqların yaradıcılığını özündə əks etdirən əl işlərinə baxış olub və xatirə fotosu çəkdirilib.

Nəşr edilib : 23.12.2024 18:08