NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Komitədə tələbələrlə görüş olub

...

8 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2024-2025-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan valideynlərini itirmiş, valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tələbə adını qazananları təbrik edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq-gənclər siyasəti çoxşaxəli inkişaf perspektivlərinə əsaslanır. Gələcəyimiz olan uşaq və gənclər hər zaman dövlətin qayğısı ilə əhatə olunublar. Onların hüquq və sağlamlıqlarının qorunması, bilik və bacarıqlarının artırılması, milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması daim dövlətin diqqətində saxlanılır, bu istiqamətdə davamlı və məqsədyönlü sosial tədbirlər həyata keçirilir. Uğurlu dövlət siyasətinin səmərəli nəticəsidir ki, sağlamlıq imkanları məhdud uşaqlarımız cəmiyyətə sosial inteqrasiya olunur və onlar tələbə adını qazanıblar. Bununla yanaşı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların da sosial müdafiələrinin gücləndirilməsi istiqamətində addımlar atılır, onların xeyrinə qanunvericilik bazası dəyişdirilərək daha da təkmilləşdirilir. Qeyd edilib ki, komitə tərəfindən mütəmadi olaraq uşaq hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqlər keçirilir, onların problemlərinin həlli istiqamətində işlər görülür. 
Səmimi şəraitdə keçən tədbirdə komitə sədri tələbələrin fikirlərini dinləyib, eyni zamanda tələbə adını qazanan uşaqlar, sağlamlıq imkanları məhdud uşaqların valideynləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların himayəçi və qəyyumları  göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. 
Sonda tələbə adını qazanaraq müstəqil həyata doğru addımlayan uşaqlara komitənin hədiyyələri təqdim edilib. 
Qeyd edək ki, görüşdə 16-sı sağlamlıq imkanları məhdud, 5-i valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaq olmaqla, 21 nəfər tələbə iştirak edib.

Nəşr edilib : 08.10.2024 16:49