Daşkənd dialoqu: strateji müttəfiqliyin iqtisadi v...
18:16 24.08.2026
0
0
0
NAXÇIVAN :
24 Avqust 2026, Bazar ertəsi
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Tarixi, milli-mədəni və mənəvi yaxınlıq üzərində formalaşan əlaqələr ticarət, investisiya, nəqliyyat, sənaye, enerji, kənd təsərrüfatı və turizm kimi çoxsaylı istiqamətlərdə konkret layihələrlə möhkəmlənir. Bu mənada, Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasında strateji müttəfiqliyin real iqtisadi məzmun qazanan nümunələrindən birinə çevrilir.
İki ölkə arasında münasibətlərin bugünkü dinamikasını şərtləndirən əsas amillərdən biri qarşılıqlı siyasi etimad və dövlət başçıları arasında formalaşmış möhkəm əməkdaşlıq iradəsidir. 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələrin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Beləliklə, illər ərzində formalaşan qarşılıqlı etimad rəsmi şəkildə strateji müttəfiqlik müstəvisinə keçib.
Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana səfəri isə bu ardıcıl siyasətin növbəti mühüm mərhələsi kimi diqqəti cəlb edir. Daşkənddə keçirilən yüksəksəviyyəli görüşlər və aparılan danışıqlar iki ölkə arasında mövcud potensialın daha geniş miqyasda reallaşdırılması, iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi və qarşılıqlı faydalı layihələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanan sənədlər ikitərəfli münasibətlərin strateji müttəfiqlikdən daha geniş və institusional əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Xüsusilə “Əbədi dostluq haqqında Müqavilə”, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması proqramı, investisiya və ticarət üzrə Yol Xəritəsi, eləcə də turizm, mədəniyyət, sosial təminat və diplomatik əməkdaşlıq sahələrində imzalanan sənədlər əlaqələrin uzunmüddətli və çoxşaxəli xarakterini nümayiş etdirir. Naxçıvan, Xankəndi və Laçın şəhərlərinin Özbəkistanın Ürgənc və Buxara şəhərləri ilə qardaşlaşma münasibətləri qurması isə əməkdaşlığın yalnız dövlətlərarası səviyyə ilə məhdudlaşmadığını, şəhərlər və regionlar arasında da yeni əlaqələrin formalaşdığını göstərən mühüm addımdır. Dövlət başçılarının qarşılıqlı şəkildə ən yüksək səviyyəli ordenlərlə – “Heydər Əliyev” və “Dostluq” ordenləri ilə təltif olunması isə iki ölkə liderləri arasında qarşılıqlı hörmət və etimadın mühüm siyasi və mənəvi ifadəsidir.
Azərbaycan-Özbəkistan əməkdaşlığının əsas xüsusiyyətlərindən biri siyasi razılaşmaların getdikcə konkret iqtisadi və investisiya layihələrinə çevrilməsidir. Avqustun 23-də prezidentlərin Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərində onlayn formatda iştirakı da bunu aydın şəkildə göstərdi. Bankçılıq, sənaye, təhsil, energetika və yanacaq infrastrukturu, şəhərsalma, turizm, mədən sənayesi və kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edən layihələr əməkdaşlığın artıq ənənəvi ticarət əlaqələrindən daha geniş məzmun qazandığını göstərir. Başqa sözlə, siyasi səviyyədə əldə olunan razılaşmalar real iqtisadi təşəbbüslərlə tamamlanır.
Prezident İlham Əliyevin səfər çərçivəsində tanış olduğu Özbəkistanın ən böyük şəhərsalma layihəsi – “Yeni Daşkənd” də bu əməkdaşlığın yeni istiqamətlərindən birini nümayiş etdirir. Layihə yalnız yeni yaşayış və inzibati məkanın yaradılmasını deyil, iqtisadiyyat, nəqliyyat, təhsil, elm, turizm, ekologiya və rəqəmsal texnologiyaların vahid şəhər mühitində birləşdirilməsini nəzərdə tutur. Layihənin 260 mindən çox yeni iş yeri yaratması onun Özbəkistan iqtisadiyyatı üçün əhəmiyyətli məşğulluq və investisiya potensialına malik olduğunu göstərir.
Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması isə ikitərəfli münasibətlərin yalnız siyasi və iqtisadi deyil, mədəni-humanitar müstəvidə də dərinləşdiyini göstərən mühüm rəmzdir. Bakıda “Özbəkistan”, Yeni Daşkənddə “Azərbaycan” parklarının yaradılması iki qardaş xalqın tarixi-mədəni bağlılığını və qarşılıqlı hörmətini şəhər məkanında əbədiləşdirən simvolik addımdır. Bu cür təşəbbüslər ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə açılışı keçirilən Nizami Gəncəvi adına Milli Pedaqoji Universiteti də iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın strateji xarakterini nümayiş etdirir. Universitetin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması və açılışında hər iki ölkənin dövlət başçısının iştirakı Nizami irsinə verilən yüksək dəyərin göstəricisidir.
Universitetin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlığı, tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, eləcə də Füzulidəki Mirzə Uluqbəy adına məktəbin məzunlarına yaradılan imkanlar təhsil sahəsində əlaqələrin genişləndirilməsi ilə yanaşı, iki ölkənin gənc nəsilləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə də xidmət edir.
Ölkələr arasındakı möhkəm siyasi baza iqtisadi əlaqələrin sürətli inkişafı üçün də əlverişli şərait yaradıb. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması bunun bariz göstəricisidir. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət dövriyyəsinin daha 33 faiz artaraq 144 milyon dollar təşkil etməsi iqtisadi əlaqələrin yüksələn dinamikanı qoruduğunu göstərir. Bu göstəricilər 2030-cu ilədək 1 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq hədəfinin real iqtisadi potensiala söykəndiyini deməyə əsas verir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakı isə iqtisadi əməkdaşlığa xüsusi mənəvi və siyasi məzmun qazandırır. Füzuli rayonunda 100 hektar ərazidə “Dostluq bağı” adı ilə nar bağının salınması, Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın “Böyük Qayıdış” proqramına və bərpa-quruculuq prosesinə verdiyi dəstəyin konkret nümunələridir. Burada söhbət təkcə investisiyadan getmir. Bu layihələr iki ölkə arasında strateji müttəfiqliyin real ərazilərdə və insanların həyatında özünü göstərən nəticələridir. Prezident İlham Əliyev avqustun 23-də Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında bu məsələyə xüsusi diqqət çəkərək, Prezident Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində müstəsna rolunu vurğulayıb. Sitat: “Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım – Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, – düşünürəm ki, on, bəlkə də, daha çox, – açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub”.
Ümumilikdə, avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana səfəri, Daşkənddə keçirilən yüksəksəviyyəli görüşlər, Ali Dövlətlərarası Şuranın 3-cü iclası və imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, tarixi dostluq və qardaşlıq artıq yalnız mənəvi-siyasi müstəvidə deyil, iqtisadi, investisiya, nəqliyyat, enerji, sənaye, təhsil və humanitar əməkdaşlıqda da konkret məzmun qazanır. Qarşılıqlı investisiyaların artırılması, Orta Dəhlizin inkişafı, “yaşıl enerji”, sənaye kooperasiyası və Qarabağın bərpasında əməkdaşlıq bu tərəfdaşlığın praktiki istiqamətlərini müəyyənləşdirir.
Bu baxımdan, Azərbaycan-Özbəkistan münasibətlərini fərqləndirən əsas cəhət siyasi iradə ilə iqtisadi imkanların, tarixi bağlılıqla müasir strateji maraqların bir-birini tamamlamasıdır. İki ölkə arasında formalaşan bu model təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Türk dünyasında regional əməkdaşlığın yeni imkanlarının göstəricisidir.
Daşkənddə atılan yeni addımlar bir daha göstərir ki, Azərbaycan və Özbəkistan arasında əbədi dostluq möhkəm siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlar üzərində yeni məzmun qazanır. Bu münasibətlər artıq yalnız keçmişdən gələn qardaşlıq bağlarının deyil, gələcəyə hesablanmış strateji tərəfdaşlığın da ifadəsidir.
Nail ƏSGƏROV
Digər xəbərlər