Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov ...
12:38 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Ulu Öndər Heydər Əliyev Azərbaycana ilk rəhbərliyi dövründə qədim Naxçıvan torpağında ixtisaslı musiqiçi kadrlara olan ehtiyacın yerli potensial hesabına ödənilməsini təmin etmək üçün Naxçıvan Musiqi Kollecinin yaradılmasına nail olub. Bu yeni təhsil ocağı daim kollec Ümummilli Liderin qayğısını öz üzərində hiss edib. Ötən dövr ərzində şərəfli bir inkişaf yolu keçib. Muxtar respublikanın musiqi kollektivləri artıq həm də bu təhsil ocağının məzunları hesabına komplektləşdirilib. Bununla yanaşı, kolleci bitirən məzunların bir çoxunun səs-sorağı hazırda ölkəmizin müxtəlif musiqi kolleclərindən gəlir. Buranı bitirərək musiqi sahəsində çalışanlar sırasında dövlət mükafatlarına layiq görülmüş musiqiçilər də az deyil. Bu günlərdə şad bir xəbər aldıq. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecini müxtəlif ixtisaslar üzrə bitirmiş 5 məzun Qarabağ Universitetinin tələbəsi adını qazanıb. Biz də onlarla görüşüb təbrik etmək və qəzetimiz üçün yazı hazırlamaq qərarına gəldik.
Kamança ixtisası üzrə təhsil alacaq müsahibimiz Şəfəq Hüseynli deyir ki, Qarabağ Universitetində təhsil almaq böyük məsuliyyətdir. Biz bu ali təhsil ocağının azadlıqdan sonrakı tarixinin ilk tələbələri və həm də məzunlar, olacağıq. Bu sevinci bizə bəxş edən şəhidlərimizin ruhu şad olsun və qazilərimiz sağlam ömür yaşasınlar. Burada oxuyacağımız müddətdə, sonrakı fəaliyyətimizdə valideynlərimin və müəllimlərimin etimadını doğruldacağıma söz verirəm.
İnstrumental ifaçılıq Fortepiano ixtisası üzrə təhsil alacaq müsahibimiz isə Ehtiram Ağazadədir. O da qürur hissi ilə bildirir ki, Qarabağ Universitetində təhsil almaq hüququ qazanmış tələbələrdən biri kimi çox sevincliyəm. Təhsil ilinin başlamasını böyük həvəslə gözləyirəm. Etiraf edim ki, haqqında yalnız kitablardan, filmlərdən məlumat əldə etdiyimiz Qarabağa gedəcəyim üçün həyəcanlıyam da. Bizim bu ali təhsil ocağında oxumağımıza şərait yaratmış hər kəsə, başda ölkə Prezidentinə öz minnətdarlığımı bildirirəm.
Kamança ixtisası üzrə təhsil alacaq digər müsahibimiz isə Aytən Seyidovadır. Digər yoldaşları kimi o da çox sevinclidir. Deyir ki, “Qarabağ şikəstəsi”ni elə orada, Qarabağın özündə kamançası ilə ifa etmək arzusundadır. Milli musiqi alətimizin sədaları işğaldan azad olunmuş torpaqlarımızda daha gur səslənəcək. Təbii ki, onun da Qarabağ Universiteti ilə bağlı arzuları çoxdur. Ümid edir ki, arzuları elə Qarabağda çiçək açacaq.
Vokal sənətində təhsil alacaq müsahibimiz Həbib Hüseynovdur. Bülbülün, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin Vətəni olan Qarabağda vokal sənətinin sirlərini öyrənmək onun üçün ayrı bir məsuliyyətdir. Düşünür ki, öz məsuliyyəti ilə yanaşı, orada alacağı təhsillə gələcəkdə ölkəmizin musiqi mədəniyyətinə böyük xidmətlər göstərə bilər. Hətta deyir ki, oranın havası, suyu da onun səsinə öz təsirini göstərəcək və ona bəslənilən ümidləri doğruldacaq.
Vüqar İsmayılzadə isə Skripka ixtisası üzrə ali təhsil alacaq. O, yoldaşlarının fikirlərinə qoşularaq bildirir ki, işğaldan azad olunmuş torpaqlarımızda bu gün müharibə, mərmi səsləri deyil, musiqi sədaları ucalır. Bundan sonra da daim belə olacaq.
Aidə İBRAHİMOVA
Digər xəbərlər