NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Kəngərli rayonunda “Azərbaycan gəncliyi: inkişaf, məsuliyyət və gələcək” mövzusunda tədbir keçirilib

...

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kangərli rayonunda yerləşən abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra tədbir Kəngərli rayon şahmat məktəbində davam etdirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəşad Həsənzadə çıxış edərək gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı naminə gördüyü misilsiz xidmətlərdən bəhs edən Rəşad Həsənzadə bildirib ki, dövlət gənclər siyasəti Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən etibarən əsas prioritet istiqamətlərdən biri olub. 
Həmçinin qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin gənclərin potensialının reallaşdırılması, onların vətənpərvər, savadlı kadrlar kimi yetişdirilməsi, həmçinin gənc ailələrin sosial təminatının gücləndirilməsinə yönələn tədbirləri dövlətin uzaqgörən və ardıcıl siyasətinin bariz nümunəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə və bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar yaradıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının əməkdaşı Lalə Mədətova və Rayon Təhsil Şöbəsinin əməkdaşı Şəfəq Camallı çıxış edərək bildirmişlər ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkənin sosial, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar. Gənc nəslin təşəbbüskarlığı və əməyi bütün sahələrdə açıq şəkildə hiss olunur. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən bir ölkədə yaşayır və bu onların gələcəyə inamla addımlamasına şərait yaradır.
Çıxışlardan sonra müxtəlif sahələr üzrə fərqlənən gənclər mükafatlandırılıb.
Tədbirin sonunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş film nümayiş etdirilib.

Nəşr edilib : 02.02.2026 20:43