NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

Naxçıvan Regional DOST Mərkəzi: “Bir pəncərə”, operativlik, şəffaflıq və vətəndaş məmnuniyyəti

...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 11-də açılışı olan Naxçıvan Regional DOST Mərkəzində əhaliyə sosial xidmətlər göstərilir. Biz də mərkəzdə yaradılan şərait, göstərilən xidmətlər, vətəndaşların müraciətləri və onların təəssüratları ilə tanış olduq.

Mərkəzə daxil olduğumuz ilk andan diqqətçəkən məqamlardan biri burada xidmət prosesinin vahid məkanda təşkil olunmasıdır. Vətəndaşlar müraciətləri ilə bağlı müxtəlif ünvanlara getmədən “Bir pəncərə” prinsipi əsasında lazımi xidmətlərdən yararlana bilirlər.

Mərkəzin direktor müavini, direktor vəzifəsinin səlahiyyətlərini icra edən Şamil Əliyev bildirir ki, burada 117 əməkdaş və 50 könüllünün fəaliyyət göstərməsi nəzərdə tutulur. Ümumilikdə, 15 istiqamət üzrə 164 müxtəlif sosial xidmət göstərilir.

Şamil Əliyevin sözlərinə görə, xidmətlər vətəndaşlara daha operativ, məsuliyyətli və rahat şəkildə təqdim olunacaq: "Mərkəzin xidmətlərindən yararlanmaq üçün vətəndaşın mütləq Naxçıvan şəhərində qeydiyyatda olması tələb edilmir. Muxtar respublikanın digər rayonlarında qeydiyyatda olan sakinlərlə yanaşı, digər vətəndaşlar da burada təqdim olunan xidmətlərdən yararlana bilərlər. Mərkəzin ilk iş günləri artıq hansı xidmətlərə daha çox ehtiyac olduğunu da göstərib. Ən çox müraciətlər pensiya, sosial müavinətlər, əmək və məşğulluq istiqamətləri üzrə qeydə alınıb. İlk günlər ərzində pensiya və əmək-məşğulluq istiqamətləri üzrə, ümumilikdə, 200-dən çox müraciətin daxil olması vətəndaşların bu xidmətlərə olan tələbatını göstərir".

Mərkəzin əsas məqsədlərindən biri isə vətəndaşın vaxtına qənaət etmək, müraciət prosesini mümkün qədər sadələşdirmək və xidməti daha əlçatan etməkdir. Bu xüsusilə yaşlılar, veteranlar, əlilliyi olan şəxslər və sosial dəstəyə daha çox ehtiyacı olan digər həssas qruplar üçün əhəmiyyətlidir. Mərkəzin övladlığagötürmə, əlillik, sosial xidmətlər üzrə sosial agenti Həsən Hüseynov da vətəndaşlarla ünsiyyətdə bu məqamın ön planda olduğunu deyir. 

Onun sözlərinə görə, hər bir müraciət diqqətlə dinlənilir, vətəndaşın sualları cavablandırılır və məsələ qanunvericiliyin tələbləri çərçivəsində həll edilməyə çalışılır. Həsən Hüseynov bildirir ki, burada bütün vətəndaşların müraciətləri ayrı-seçkiliyə yol verilmədən qəbul edilir və hər bir müraciətə fərdi yanaşılır. Vətəndaşlarla ünsiyyətdə  səbirli və anlayışlı davranmağa xüsusi diqqət yetirilir.
Bunun necə həyata keçirildiyini mərkəzə müraciət edən vətəndaşların timsalında da görmək mümkündür.

Pensiyası ilə bağlı problemi olan Gülüzar Həsənova bunun üçün DOST Mərkəzinə müraciət edib. O, pensiya xidməti üzrə əməkdaşlara müraciət etdikdən sonra məsələsinin qısa müddət ərzində həll olunduğunu dedi. 
“Pensiyamla bağlı problemə görə mərkəzə gəldim. Məsələmə diqqətlə yanaşdılar və qısa müddətdə həll edildi. Çoxdandır, bu mərkəzin açılmasını gözləyirdik. Naxçıvanımız inkişaf edir, burada belə yaxşı xidmətin yaradılması bizi sevindirir. Çox razı qaldım”, – deyə Gülüzar Həsənova qeyd etdi.

Məşğulluq məsələsi ilə bağlı mərkəzə müraciət edən Turanə İbrahimovanın da ilk təəssüratı müsbət olub. O, müraciətinin əməkdaşlar tərəfindən diqqətli, gülərüz və səmimi şəkildə qarşılandığını deyir. Turanə İbrahimovanın sözlərinə görə, ona müraciəti ilə bağlı ən qısa zamanda geri dönüş ediləcəyi bildirilib.
“Göstərilən xidmətdən çox razı qaldım. Personalın peşəkar və nəzakətli münasibəti, xidmət prosesində müasir və innovativ texnologiyalardan istifadə olunması məndə çox müsbət təəssürat yaratdı”, – deyə o qeyd etdi.

Vətəndaşların qarşılanmasında və xidmətlərə yönləndirilməsində isə DOST könüllülərinin də öz payı var. Mərkəzdə fəaliyyət göstərən könüllülər vətəndaşlara lazımi istiqaməti göstərir, xidmət bölmələrinin müəyyənləşdirilməsində kömək edir və xüsusilə yaşlı vətəndaşların mərkəzdə rahat hərəkət etməsinə dəstək olurlar. Bu fəaliyyət gənclər üçün də insanlarla birbaşa ünsiyyətdə olmaq, müxtəlif müraciətləri müşahidə etmək və iş təcrübəsi qazanmaq baxımından əhəmiyyətlidir.

Mərkəzdə diqqətçəkən digər məqam isə sosial xidmətlərlə yanaşı, həssas qrupların yaradıcılıq və iqtisadi fəallığının dəstəklənməsi üçün yaradılan imkanlardır. Burada Naxçıvan Regional İnformasiya Mərkəzinin  və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərindən ibarət sərgi də nümayiş olunur. Bu işlərin hər biri fərqli bir bacarığın, əməyin və yaradıcılığın nəticəsidir. Həmin əl işlərinin “dostart.az” portalı vasitəsilə onlayn satışının həyata keçirilməsi isə təşəbbüsü daha da əhəmiyyətli edir. Məqsəd yalnız hazırlanmış məhsulların nümayişi deyil, həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, iqtisadi fəallığının dəstəklənməsi və onların əmək bazarına inteqrasiyasına imkan yaradılmasıdır.

Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı üçün Tibbi-Sosial Ekspertiza Komissiyasının otağının yaradılması da diqqət çəkir. Qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan bu protezlər istifadəçilərə daha təbii, sərbəst və təhlükəsiz hərəkət etmək, müxtəlif səth və sürətlərə uyğunlaşmaq, sosial həyata və əmək fəaliyyətinə daha sürətli inteqrasiya olunmaq imkanı yaradır.

Beləliklə, Naxçıvan Regional DOST Mərkəzində fəaliyyətin ilk günlərindən etibarən vətəndaş müraciətlərinin operativ şəkildə həlli ilə yanaşı, sosial dəstəyə ehtiyacı olan müxtəlif qruplar üçün də imkanlar yaradılıb. Burada xidmət alan vətəndaşların müraciətləri, əməkdaşların işi və könüllülərin dəstəyi vahid məqsədə – sosial xidmətlərin daha əlçatan, rahat və çevik təşkilinə xidmət edir. İlk iş günlərində mərkəzə olan müraciətlər və vətəndaşların müsbət təəssüratları isə bu yeni xidmət məkanına olan etimadın göstəricisidir.

Nəşr edilib : 17.08.2026 14:57