NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Kəlbəcər səfəri: Böyük Qayıdış, “Yaşıl Enerji Zonası” konsepsiyalarına yeni töhfələr

...

2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun yaratdığı reallıq, məxsusən də Ali Baş Komandanın siyasi iradəsi, diplomatik məharəti sayəsində azadlığına qovuşan Kəlbəcər Qarabağın, sözün əsl mənasında, cənnət guşəsidir. Təsadüfi deyil ki, bu rayonumuzu Azərbaycanın “qərb qapısı” adlandırırlar. Kəlbəcərin gözəl təbiəti, zəngin mineral suları ölkəmizdə turizmin inkişafına təkan verməklə iqtisadiyyatın gücləndirilməsi üçün böyük əhəmiyyət daşıya bilər. Ümummilli Liderimiz Heydər Əliyev bu yurdumuzun füsunkarlığını ən gözəl, səmimi sözlərlə dilə gətirib: “...Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”. Bu gün dövlət başçısının göstərişi, birbaşa diqqəti, nəzarəti ilə səfalı yurd yerimiz yenidən dirçəldilir, İstisuyun əvvəlki şöhrəti özünə qaytarılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 2-də Kəlbəcər rayonuna səfərləri çərçivəsində keçirilən təməlqoyma, açılış mərasimləri Böyük Qayıdış proqramının icrası, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” siyasətinin reallaşdırılması baxımından vacib məqamları ilə yadda qaldı...

Səfər, ilk növbədə, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına mühüm töhfə kimi diqqəti çəkdi deyə bilərik. Belə ki, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq oldu, şəhərdə ikinci yaşayış kompleksinin, inzibati binanın və İstisu qəsəbəsinin, təməli qoyuldu. Birinci kompleksin tikintisi və ikincisinin təməlinin atılması, eyni zamanda yeni Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlər həm də Kəlbəcərə Böyük Qayıdışın yüksələn sədalarıdır desək yanılmarıq. Bu əlamətdar hadisə yaddaşlarda təqvimi bir qədər geriyə çəkdi, xatirələr təzələndi. Bir neçə il öncə, daha dəqiq desək, 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunandan sonra Kəlbəcərə ilk səfərləri yada düşdü. Hələ həmin vaxt Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr edən dövlət başçımız tezliklə bu rayonumuzun bərpası, yenidən qurulması prosesinə start veriləcəyini əminliklə vurğulamışdı. Sitat: “Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq... Müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir”.

Ölkə başçısının bu qətiyyətli fikirləri səsləndirməsindən ötən bir neçə ildə Kəlbəcərdə yeni yaşayış məntəqələrinin, kəndlərin təməlinin qoyulması, yol, təhsil infrastrukturunun qurulması, eləcə də bir sıra su elektrik stansiyalarının, Hərbi hospitalın istifadəyə verilməsi Böyük Qayıdışa zəmin yaradan əsas amillər oldu. Və 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində cənab Prezident çoxdan gözlənilən bu qayıdışın müjdəsini verdi: “Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər –  Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur”. Cari il sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq zamanı isə ölkə başçısı və birinci xanıma bildirildi ki, birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə hər birində 27 mənzil olmaqla, dördmərtəbəli 6 bina tikilib. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə isə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün müxtəliftipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

İşğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış proqramının icra əhəmiyyəti barədə danışdıqda xüsusi vurğulamaq lazımdır ki, proqramın əsas prioritetləri sırasında əhalinin məskunlaşması ilə yanaşı, onların məşğulluqlarının təmini, eyni zamanda bütün sahələrdə, o cümlədən də uşaqların gələcəyi üçün müasir təhsil infrastrukturunun qurulması da vacib faktor olaraq yer alıb.  Məhz Kəlbəcərdə aparılan tikinti-quruculuq prosesində də bu amil xüsusilə diqqəti çəkir. İnşaası aparılan Kəlbəcər Şəhər Təhsil Kompleksi və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi də bu baxımdan böyük perspektivlər vəd edir. Müasir standartlara uyğun inşa olunan təhsil kompleksi, ümumilikdə, işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür. Xatırlatmaq yerinə düşər ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlayıb. İşğal edilməzdən əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərirdi. Bunlardan əlavə, rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdənkənar və dörd məktəbəqədər təhsil müəssisəsi də var idi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 2-də Kəlbəcər rayonuna səfərləri dövlət başçısının işğaldan azad olunan ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması siyasətinin növbəti təzahürü kimi də tarixə düşdü. Xatırlatmaq yerinə düşər ki, bu siyasətə uyğun olaraq artıq “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağ və Şərqi Zəngəzurda 32 yerdə su elektrik stansiyaları tikilib, Laçın şəhərində, rayonun Zabux, Sus, Zəngilanın Ağalı kəndlərində, Füzulidə yaşayış evlərində, məktəb və inzibati binalarda damüstü günəş panelləri quraşdırılıb və “yaşıl enerji”dən istifadə təmin edilib. “Yaşıl Enerji Zonası” konsepsiyasına uyğun paralel olaraq Kəlbəcər rayonunun timsalında da mühüm addımlar atılıb. Ötən dövrdə “Kəlbəcər-1”, “Çıraq-1” və “Çıraq-2”,  “Qamışlı” və “Meydan” Kiçik, bu il sentyabrın 2-də isə 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik stansiyalarının istifadəyə verilməsi həm çətin relyefə malik Kəlbəcərin elektrik enerjisi ilə tam təmin olunması istiqamətində reallaşdırılan əhəmiyyətli işlər kimi təqdirəlayiqdir, həm də sözügedən konsepsiyaya əvəzsiz töhfələr vəd edir...

Yeni tikilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbədən sonra regionda yaradılan ən böyük “yaşıl enerji” mənbəyi olaraq da məxsusi yerə və rola malikdir. Gücü 22,5 MVt olan bu SES-də istehsal edilən “yaşıl enerji” növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Bu layihə ölkəmizin həm “Yaşıl dünya naminə həmrəylik ili”nə həm də COP29-a ev sahibliyi missiyasına töhfə kimi əhəmiyyətlidir. Eyni zamanda “Yuxarı Vəng” SES Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin “yaşıl enerji” inkişafına, siyasətinə sadiqliyini göstərən bariz nümunədir, real göstəricidir...

Ümumi fikir olaraq onu deyə bilərik ki, ölkə başçısı və birinci xanımın budəfəki Kəlbəcər səfəri Xudavəng monastır kompleksi timsalında bölgəyə xas tarixi dəyərlərin təbliğinə, “İstisu” mineral su zavodunun istifadəyə verilməsi ilə İstisuyun şöhrətinin özünə qaytarılmasına, turizmin inkişafına, eyni zamanda Böyük Qayıdış və “Yaşıl Enerji Zonası” konsepsiyalarına növbəti töhfə kimi tarixə düşdü. Bu səfər həm də Kəlbəcər sakinlərinin cənab Prezidentə, aparılan uğurlu siyasətə olan sonsuz inamının, sevgisinin əyani təzahürünə çevrildi. Əminik ki, laçınlılar, şuşalılar, füzulilər, zəngilanlılar kimi, kəlbəcərlilər də tezliklə öz el-obalarına əbədi qayıdış edəcək, bənzərsiz təbiət gözəli bu yurdumuz ölkə turizminin inkişafında, iqtisadiyyatının gücləndirilməsində əvəzsiz rol oynayacaq. Qalib Ali Baş Komandanın dediyi kimi: “Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

 

Nail ƏSGƏROV

Nəşr edilib : 04.09.2024 10:44