Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Kəlağayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə doğma yurdumuz Azərbaycanın qədim və şanlı tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. İpək sapdan toxunmuş, dördkünc formalı bu qadın yaylığına bəzi yerlərdə “çarqat” da deyilir. Kəlağayı sənəti, əsasən, irsi olaraq nəsildən-nəslə ötürülür və ailə məşğuliyyəti hesab olunurdu. Kəlağayı tikmək və örtmək mədəni kimliyin, dini ənənələrin ifadəsi və ictimai birliyin simvoluna çevrilmişdir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişib.
Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda da tanınmışdı. “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşnilərindən daha çox istifadə olunurdu. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar da böyük şöhrət qazanmışdı. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.
Azərbaycan kəlağayılarının ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq Paris, London, Sankt-Peterburq, Moskva, Tiflis və digər şəhərlərdə təşkil edilmiş beynəlxalq sərgilərə çıxarılmışdı. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da Parisdə keçirilən 9-cu iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilib Kəlağayı istehsalı bir neçə mərhələdən ibarətdir: toxunma, boyama və taxtadan bəzək salma. Toxucular ipək istehsalçılarından nazik ipək sapları alaraq dəzgahlarda parçalar toxuyur, sonra onları qaynadıb qurudur və kvadrat forma şəklinə salırdılar. Sonra parçaları müxtəlif rənglərə boyayır və onları xüsusi məhlullarla örtülmüş taxta ştamplardan istifadə edərək naxışlarla bəzəyirdilər. Kəlağayıların rənglənməsində əsasən təbii bitki mənşəli boyalar istifadə olunurdu.
Kəlağayıların rəngləri simvolik məna daşıyır və çox vaxt toylar, yas mərasimləri, gündəlik fəaliyyətlər və şənliklər kimi xüsusi sosial hadisələrlə əlaqələndirilir. Daha çox istifadə edilən təbii boyalar kimyəvi boyalardan fərqli olaraq parçaya daha dərin və davamlı rənglər verir, həmçinin sağlamlıq və ətraf mühit üçün daha təhlükəsizdir.
Xanımların gözəlliyinə rəng qatan, ulularımızdan bizə yadigar qalan, həm də bəşəriyyətin incisi statusunu qazanmış kəlağayılar əsrlər boyu müxtəlif naxışlar vasitəsilə tərtib edilirdi.
Onlardan sadə gül, budaqlı gül, ləçəkli payız gülü, dörd ləçəkli alça gülü və başqaları daha yayğın olub. Xalq arasında daha çox sevilən və kəlağayıların bəzənməsində istifadə edilən basmanaxış üsullarından biri də butalardır. Butalar forma etibarilə bir növ badama bənzəyir. Butanın mənasına gəlincə, buta sözü, əslində, müqəddəs ağaclar, “həyat ağacı” hesab edilən sərv ağacının simvolik işarəsidir.
Kəlağayının orta əsrlərdə üzərinə vurulan buta naxışları həm də istehsalçının möhürü rolunu oynayıb. Bu möhürlər istehsalçı tərəfindən sağ qolunu yumruq halında təbii boyaya saldıqdan sonra kəlağayının üstünə vurulurdu və həmin yumruq izindən kəlağayının hansı ustaya məxsus olduğu bilinirdi. Kəlağayıların üzərinə yumruqla vurulan buta forması zaman keçdikcə formalaşaraq təkmilləşdirilib və ənənə halını alıb.
Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən də müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər. Bundan başqa yaşlı qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər.
İndi də kəlağayıya qayıdış hamımızı sevindirir. Deməli uzun müddət qadınlarımızın baş geyimi olan kəlağayı öz dəyərini saxlayıb. Və bu gün də rast gəldiymiz kəlağayı örtən qadınlarımıza bu baş geyiminin verdiyi yaraşığı görürsünüzmü?
Aygün RÜSTƏMOVA
Digər xəbərlər