“Araz-Naxçıvan” futbol klubuna yeni prezident təyi...
16:04 26.06.2026
0
0
0
NAXÇIVAN :
26 Iyun 2026, Cümə
“Cənnətin iqamətgahı” filminin ideyası bu ilin fevral ayında qədim Ordubad şəhərinin ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsindən sonra daha da aktuallaşıb. Əslində isə Ordubad haqqında musiqili, tarixi və folklor elementlərini özündə birləşdirən sənədli-bədii film çəkmək arzusu uzun illərdir, mövcud idi. Layihə Mədəniyyət Nazirliyi tərəfindən istehsal olunur və fürsətdən istifadə edərək təşəkkürümü bildirirəm. Eyni zamanda ICESCO-nun Bakı regional ofisi layihənin tərəfdaşları sırasındadır.
Bu sözləri "Şərq qapısı"na müsahibəsində filmin ssenari müəllifi, rejissor və prodüseri Kamran Qasımov deyib.
O bildirib ki, filmin musiqi tərtibatı üzərində Xalq artisti Siyavuş Kərimi çalışır. Ordubad bayatıları seçilərək onların motivləri əsasında yeni musiqi əsərləri bəstələnib. Bu işə bir sıra tanınmış musiqiçilər cəlb olunub, folklor materiallarının hazırlanmasında isə AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Aytən Cəfərovanın məsləhətlərindən istifadə edilib.
Kamran Qasımovun sözlərinə görə, çəkilişlərə mart ayında başlanılıb və hazırda işlər intensiv şəkildə davam etdirilir. Ekran əsərində Ordubadın qədim məhəllələri və tarixi küçələri, Sərşəhər, Mingis, Ambaras və Cümə məscidləri, Xaraba Gilan yaşayış yeri, eləcə də rayonun 10-dan çox kəndi lentə alınıb.
Ssenari müəllifi vurğulayıb ki, filmin əsas məqsədi Ordubadın zəngin tarixini, mədəni irsini, folklorunu və müasir həyatını musiqi ilə sənədli xronikanın vəhdətində tamaşaçılara təqdim etməkdir. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” fikri filmin əsas ideya xəttini təşkil edir. Çəkiliş prosesində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən mühüm təşkilati dəstək göstərilib. Təxminən, 45-50 dəqiqəlik “Cənnətin iqamətgahı” filmi Ordubadın keçmişini, bu gününü, tarixi-mədəni irsini və mənəvi dəyərlərini fərqli yaradıcılıq yanaşması ilə tamaşaçılara təqdim edəcək.
Digər xəbərlər