NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Kamran Əliyev ŞƏT ölkələrinin baş prokurorlarını COP29-a dəvət edib

...

Bişkek şəhərində işgüzar səfərdə olan Baş Prokuror Kamran Əliyev həmkarlarını Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağına dəvət edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib.

Tədbirdə çıxış edən Baş prokuror milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.

Baş prokuror işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, həmçinin bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirib, Qarabağda bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Həmçinin Xankəndi şəhər prokurorluğunun açılışı barədə məlumat verərək bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Baş prokuror rusiyalı həmkarı İqor Krasnov və Çinin Baş prokuroru Ying Yong ilə görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb. İclasda Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.

Nəşr edilib : 25.07.2024 16:47