Vətəni namus, bayrağı şərəf bilən qəhrəman...
22:05 08.01.2025
0
0
0
NAXÇIVAN :
09 Yanvar 2025, Cümə axşamı
Durduğum yer Zəngəzur dəhlizinin əsas nöqtələrindəndir. O nöqtə ki bizi Vətəndən Vətənə qovuşduracaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini böyük həyəcan və qürurla izlədik. Bizim qulağımız səsdə, gözümüz yolda qalıb. Ali Baş Komandanın verdiyi mesajlar həm də bütün naxçıvanlıların səsi idi. Ali rəhbərin: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?” qənaəti tam tarixi ədalətə söykənən fikirdir.
Bəli, axı biz niyə Vətənimizdən coğrafi olaraq ayrı düşmüşük. Bu hansı ədalətə sığır. Düzdür, bu gün bütöv Azərbaycan olaraq öz sözümüzün sahibiyik. Güclüyük. Qalibik. Suverenik. Amma… Amma bizim hələ ki, özümüzdə olmayan quruca yolumuzdur. O yol tarixən bizim olub. Min illər boyu naxçıvanlılar bu yoldan istifadə edərək Böyük Vətənə gedib-gəliblər. Ancaq bu gün Naxçıvan coğrafi cəhətdən Azərbaycandan ayrıdır. Tarixdən məlumdur ki, strateji mövqeyi ilə seçilməsi Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirib. Buna baxmayaraq, qarşılaşdığımız bütün sınaqları qətiyyətlə dəf etmişik. İllərdir, çəkdiyimiz əziyyətlər, blokadanın həyatımıza gətirdiyi çətinliklərə dözmüşük. Milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişik. Yaşamışıq və yaşayırıq. Qazsız, işıqsız qaldığımız günlər olub. Amma sınmamışıq. O vəziyyətdə böyüyən gənclər 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Zəfər tariximizə öz adlarını yazdırdılar. Dünya Azərbaycan əsgərinin qələbəsini izlədi. Azərbaycan isə döyüşdü; cəbhədə, siyasət meydanında, informasiya məkanında. Və hər üç müharibənin qalibi oldu. Bütün dünya gördü ki, biz bizim olanı canımız bahasına da olsa, qaytarmağı bacarırıq. Sinəsini düşmən gülləsinə sipər edən igid oğullarımızın şəhidlik məqamına üzülsək də, qürurla, göz yaşlarımızla alqışladıq, qarşıladıq onları. Vətəni əmanət etdiyimiz igidlərimizi Tanrıya əmanət etdik. Bütün bunlar bu yolun açılmasına mane olanlara bir dərsdir. Nədir istədiyimiz? Bir quruca yoldur… Bizim heç kəsin torprağında gözümüz yoxdur. 30 il əsarətdə qalan torprağımızı geri aldığımız kimi o özümüzə məxsus olan yolu da alacağıq. Sülh yolu ilə…
Əslində, bizə qarşı olan maneələri görür və başa düşürük. Və bu maneələri yaradanlar da yaxşı bilirlər ki, Naxçıvanın Azərbaycana qovuşması, bu qədim diyardan yol açılması dövlətimizin gücünə güc qatacaq.
Naxçıvan Şərqin qapısı olaraq tanınır. Naxçıvan Şərqlə Qərb arasında körpü, Avropa ilə Asiya arasında bağlılıq, türk dövlətlərinin həmrəylik qapısıdır. Bu qapının dünyaya açılması Azərbaycanın xarici ölkələrlə əməkdaşlığını daha da möhkəmləndirəcək. Bu isə bizi sevməyənlərə sərf etmir axı...
Amma biz Vətənə qovuşmaq üçün səbir edirik, dua edirik. Biz naxçıvanlılar səbrimizin, duamızın, mübarizəmizin cavabını alacağımıza əminik. Əminik ki, uzun illərdir, yaşadığımız bu nisgil, bu həsrət bizim haqlı istəyimizlə bitəcək.
Ali Baş Komandanın jurnalistlərə verdiyi müsahibədən də bir daha gördük ki, onun hər bir qərarının arxasında məqsəd və hədəf dayanıb. Biz Prezidentimizə güvənir və ona arxalanırıq. Dünya səviyyəli diplomatın və qətiyyətli, uzaqgörən SİYASƏTÇİNİN gələcəyə hesablanmış strateji gedişlərinin müsbət sonluğu şəksizdir.
Cənab Prezident! Biz bir xalq olaraq sizin bütün qərarlarınızın yanındayıq. Düz deyirlər: “Bütün qələbələr əvvəlcə insanın zehnində qazanılır”. 22 ildir ki, çıxdığınız bu yolda nə dedinizsə, onu da etdiniz. Dünən Zəngəzurla bağlı verdiyiniz mesaj da bu gün-sabah öz reallığını tapacaq. Biz naxçıvanlılar VƏTƏNDƏN VƏTƏNƏ qovuşacağıq.
Digər xəbərlər