Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb...
02:05 24.06.2026
0
0
0
NAXÇIVAN :
24 Iyun 2026, Çərşənbə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft-qaz sektorunun inkişafı, ixrac potensialının artırılması və sahibkarlığın təşviqi istiqamətində növbəti mühüm addım atıb. Dövlət başçısının 9 iyun 2026-cı il tarixdə imzaladığı “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı yaranan nəqliyyat-daşıma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq. Bu qərar yerli istehsalçılar, xüsusilə də Naxçıvan Muxtar Respublikasının sahibkarları üçün mühüm əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, qeyri-neft-qaz məhsullarının xarici bazarlara çıxarılması zamanı logistika və daşıma xərcləri istehsalçıların və ixracatçıların üzləşdiyi əsas problemlərdən biridir. Xüsusilə yeni bazarlara çıxış zamanı yaranan əlavə xərclər məhsulların rəqabət qabiliyyətinə ciddi təsir göstərir. Bir çox hallarda yüksək daşıma xərcləri yerli məhsulların xarici bazarlarda qiymət üstünlüyünü zəiflədir və potensial alıcıların alternativ təchizatçılara yönəlməsinə səbəb olur. Yeni dəstək mexanizmi məhz bu yükün azaldılmasına və yerli məhsulların xarici bazarlardakı mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Fərmana əsasən dəmir yolu, hava, dəniz və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış avtomobil nəqliyyatı ilə həyata keçirilən daşınmalar üzrə çəkilən xərclərin 70 faizi dövlət tərəfindən ödəniləcək. Xarici dövlətlərdə qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitəsilə daşınma zamanı isə daşıma xərclərinin 50 faizinin subsidiyalaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, ixrac olunan məhsulların gömrük dəyəri nəzərə alınmaqla əlavə dəstək mexanizmi də müəyyən edilib. Belə ki, avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınan mallar üçün məhsulun gömrük dəyərinin 15 faizi, dəniz nəqliyyatı ilə daşınan mallar üçün isə 5 faizi həcmində əlavə dəstək hesablanacaq.
Yekun ödəniş qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış məbləğlər arasında daha az olan göstərici əsasında həyata keçiriləcək. Dəstəyin verilməsi ixracatçıların və satıcıların müraciəti əsasında aparılacaq. Rüb ərzində həyata keçirilən daşınmalar üzrə hesablanmış dəstək məbləği müvafiq rüb başa çatdıqdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
Naxçıvan sahibkarlarına xüsusi dəstək: region iqtisadiyyatında yeni mərhələ
Fərmanın ən diqqətçəkən və strateji əhəmiyyətli müddəalarından biri Naxçıvan Muxtar Respublikasının istehsalçıları üçün nəzərdə tutulan xüsusi dəstək paketidir. Sənədə əsasən Naxçıvan Muxtar Respublikasında istehsal edilmiş qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru nəqliyyatı vasitəsilə daşınması zamanı çəkilən xərclərin 70 faizi dövlət tərəfindən qarşılanacaq. Beləliklə, Naxçıvan sahibkarı məhsulunu Bakıya, Gəncəyə və ya ölkənin digər şəhərlərinə göndərərkən daşıma xərclərinin yalnız 30 faizini özü ödəyəcək.
Bu dəstək mexanizmi Naxçıvan sahibkarları üçün bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, logistika xərclərinin azalması məhsulların son qiymətinin daha rəqabətli olmasına imkan verəcək. Eyni zamanda həm daxili, həm də xarici bazarlara çıxış imkanları genişlənəcək, kiçik və orta sahibkarların fəaliyyətini genişləndirməsi üçün əlavə stimul yaranacaq. Bu proses region iqtisadiyyatının canlanmasına, yeni iş yerlərinin açılmasına və yerli istehsalın artmasına da müsbət təsir göstərəcək.
Beləliklə, dövlət bu addımla Naxçıvanın coğrafi məhdudiyyətlərindən irəli gələn iqtisadi çətinlikləri müəyyən dərəcədə kompensasiya etməyə çalışır. Bu təkcə subsidiya mexanizmi deyil, həm də regionun inkişaf potensialına verilən dəstəyin və dövlət qayğısının göstəricisidir.
Fərmanla Nazirlər Kabinetinə üç ay müddətində maliyyələşdirmə mexanizmləri ilə bağlı təkliflərin hazırlanaraq dövlət başçısına təqdim edilməsi, İqtisadiyyat Nazirliyinə isə dəstəyin şamil ediləcəyi malların siyahısının və müraciət qaydasının müəyyənləşdirilməsi tapşırılıb.
Sənədin müddəaları 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və 2036-cı il sentyabrın 30-dək daşınacaq məhsullara münasibətdə, yəni on il müddətində tətbiq olunacaq. Bu uzunmüddətli dövr sahibkarlara fəaliyyətlərini daha səmərəli planlaşdırmaq, yeni istehsal xətlərinə investisiya yatırmaq və xarici tərəfdaşlarla davamlı əməkdaşlıq qurmaq imkanı yaradacaq.
Qəbul edilən yeni mexanizm Azərbaycanın neft gəlirlərindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı strategiyasının davamı kimi qiymətləndirilir. Bu addım ixracın təşviqinə, yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə xidmət edən mühüm tədbirlərdən biridir.
Xüsusilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən istehsalçılar üçün nəzərdə tutulan əlavə dəstək regionun iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən tətbiq edilən yeni mexanizm logistika xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, yerli istehsalçıların daxili və xarici bazarlarda mövqelərinin möhkəmlənməsinə və regionun iqtisadi potensialının daha dolğun reallaşmasına şərait yaradacaq.
Teymur RZAYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər