NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

İsmini İsmayıl xandan alan qədim hamam

...

Qədim hamamlar Şərq xalqlarının həyatında önəmli rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə çevrilmişdir. XVIII-XIX əsrlərdə Naxçıvan şəhərində də yerli sakinlər tərəfindən inşa olunmağa başlanmış məscidlər, karvansaralar arasında hamamlar da olub. Həmin binaların xüsusi zövqlə, Naxçıvana xas olan memarlıq üslubunda salınması şəhərin simasını gözəlləşdirmək məqsədi daşıyırdı.

Şəhərin mərkəzi küçələrinin birində, indiki “Təbriz” mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşən belə tikililərdən biri də XVIII əsrin ortalarında Şərq memarlığı üslubunda inşa olunmuş İsmayılxan (İsmayıl ağa) hamamıdır. Memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərovanın “Naxçıvanın mülki tikililərinin memarlığı” kitabında qeyd olunur ki, bu hamamın adı İsmayıl ağa – Naxçıvanın hakimi olmuş Kərim Sultan ağa Kəngərlinin oğlunun adından götürülüb. Hamamı da həmin dövrdə İsmayıl ağa inşa etdirib.

Şərq memarlıq üslubunun xüsusiyyətlərini özündə əks etdirən İsmayılxan hamamının binası giriş, xidmət zalı, çarhovuzlu yuyunma salonu, xəzinə və ocaqxanadan ibarət olub. Ümumi sahəsi 526 kvadratmetrə çatan hamamın planı düzbucaqlı, bişmiş kərpiclə inşa edilimiş binanın daxildən soyunma zalı isə səkkizbucaqlı formadadır. Yuyunma salonuna iki keçid olub. Hamamlara məxsus əsas tikililərdən olan zalın mərkəzində çarhovuz inşa edilmişdi ki, bu həm də estetik baxımdan binanın daxilinə xüsusi gözəllik bəxş edirdi. Sferik günbəzlə örtülmüş olan zalın tavanı 108 kvadratmetr sahəni əhatə edir. Yuxarı hissədə yerləşən kiçik bacalar günbəzlər üçün xarakterik idi. Həmin kiçik bacalar içərini işıqlandırır, eləcə də havalandırma rolunu oynayırdılar. Günbəzlər həm də suya çevrilmiş buxarın düzgün paylanmasına kömək edirdi. Belə olduğu halda günbəzli tikililərdə divarların səthi ilə axan su damcıları çimənlərə narahatlıq yaratmırdı. Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik yerləşdirilmişdi. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə olunmuş və hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsinə xidmət etmişdir. Həmin dövrə aid bir çox hamamlarda olduğu kimi, burada da otaqlara istilik yeraltı borular vasitəsilə verilmişdir.

Müəllifin araşdırmalarına görə, bu hamamda da girişdə, soyunma və yuyunma zalları arasında ensiz keçidlərin yerləşdirilməsi Naxçıvan hamamlarına xas olan əlamətlərdən biridir. Həmin alçaq və ensiz keçidlər, yuyunma zalının daxilində olan isti havanın soyunma zalına keçməsinin qarşısını alırdı. Hətta hamamın daxilində olan temperaturu müəyyən bir zaman daxilində saxlayır və qızmar yay aylarında isə isti havanın hamamın daxilinə keçməsinin qarşısını alırdı.

İsmayılxan hamamının ən maraqlı memarlıq elementlərindən biri də onun baştağıdır. Bu, fasad kompozisiyasının önəmli elementlərindən biridir. Hamamın tikintisində bişmiş kərpicdən istifadə olunsa da, interyerinin bəzədilməsində kaşı və mərmər daşından istifadə edilib. Bir vaxt bu hamama gələnləri  həndəsi və nəbati naxışlı divar bəzəkləri ilə heyran edən hamamın daxili bəzəkləri, təəssüf ki, günümüzədək gəlib çatmamışdır.

Orta əsrlər dövrünə aid olan hamamlar bu gün qiymətli memarlıq abidələri sırasındadır. Onu da qeyd edək ki, XX əsrin 70-90-cı illərinə kimi hamamların əksəriyyəti yerli əhalinin istifadəsində olmuşdur. İsmayılxan hamamı isə 1982-ci ildə Naxçıvan şəhərində abadlıq-quruculuq işləri aparılan zaman  aşkar edilmişdir. Bakıdan gələn bir neçə arxeoloq Azərbaycan Memarlıq və İnşaat İnstitutunun tələbələri ilə birlikdə hamamın bərpa edilməsi və təmizlənməsində çalışmışlar.

Gələk bu günə. Bunun üçün bir qədər qısa keçmişə ekskursiya edək. 2005- ci ildə həyata keçirilən əsaslı təmir və bərpa işlərindən sonra “İsmayıl xan” hamamının adının niyəsə “Şərq hamımı” kimi qeyd olunduğunu, tarixi tikilinin üzərindəki kiçik lövhədə də “Şərq hamamı. XVIII əsr memarlıq abidəsi” sözlərinin yazıldığını görürük. Nə üçün tarixi qaynaqlarda, elmi məqalələrdə adı “İsmayıl xan” hamamı kimi qeyd olunan tarixi tikili, sonradan “Şərq hamamı” kimi təqdim edilməyə başlanılıb. Bu məsələni aydınlaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə məktub ünvanladıq. Redaksiyamıza göndərilən cavab məktubundan bir hissəni olduğu kimi oxucularımıza təqdim edirik: “Həmin dövrdə “Şərq qapısı” qəzetində hamamın təmir və bərpası, eləcə də “açılışı” ilə bağlı xəbər yer aldığından sizə də məlum olduğu kimi, hamamda 2005-ci ildə əsaslı təmir və bərpa işləri aparılmışdır. Lakin hamamın təmir və bərpası işlərinin gedişatında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi iştirak etməmişdir. Eyni zamanda hamamın üzərindəki lövhədə “Şərq hamamı” adının yazılmasında da nazirliyin hər hansı məsul şəxsinin fikrinə müraciət olunmamışdır. Haliyədə hamamın adının dəyişdirilməsi istiqamətində iş aparılır”.

Şəhərimizin mərkəzində keçmişlə bu günün vəhdətini yaşadan bu tikili bərpadan sonra qızılı metal üzlüklə üzlənib. Bu gün sanki bir xəzinənin ləl-cəvahiratı kimi bərq vurmaqda olan bu tarixi tikili qiymətli keçmişimizdən bu günümüzə yadigar qalan və gələcəyimizə daşınan bir mirasdır.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 29.07.2024 15:01