NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

İqtisadi siyasət komitəsində 11 məsələyə baxılıb

...

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, iclasda 11 məsələ – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələri müzakirəyə çıxarılıb.

Komitənin sədri Azər Əmiraslanov cari ilin payız sessiyasında görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, növbəti sessiyanın iş planının layihəsinə qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri, bəzi qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlər, habelə 2027-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edilib. Sessiya ərzində, həmçinin komitədə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, milli iqtisadiyyatın müxtəlif aspektləri ilə bağlı ictimai dinləmələrin təşkili nəzərdə tutulub.

İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Daha sonra gündəlikdəki qanun layihələrinə baxılıb.

Əvvəlcə, komitə sədri Azər Əmiraslanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.

Gündəliyin növbəti 3 məsələsinin beynəlxalq sazişlərin təsdiqi ilə bağlı qanun layihələri olduğu bildirilib. Bu məsələləri komitənin üzvü Zaur Şükürov təqdim edib.

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, Saziş Azərbaycan Respublikası ilə Monqolustan arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir.

Digər məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi haqqında söhbət açılaraq qeyd edilib ki, sənəd tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verilib. Bildirilib ki, sözügedən Saziş iki dövlət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır.

Növbəti məsələni – Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin sədr müavini Azər Badamov təqdim edib.

Gündəliyin digər məsələsini – “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin üzvü Vüqar Bayramov diqqətə çatdırıb.

Sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Növbəti məsələ – “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı iclasda iştirak edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev və Agentliyin Aparat rəhbəri Tural İsmayılov fikirlərini açıqlayıblar.

Gündəliyin sonuncu məsələsi – “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı komitənin sədr müavini Azər Badamov təqdim edib.

Müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nəşr edilib : 17.09.2026 16:12