NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

İnsanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə

...

Hazırda iqlim dəyişmələri dünyanı narahat edən ən qlobal problemlərdən biridir. Məlum olduğu kimi, XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.

Dünyada elə bir insan və ya ölkə yoxdur ki, iqlim dəyişikliyindən təsirlənməsin. İqlim dəyişikliyinin fəsadları sadalamaqla bitməz, bu uzun müddətli proses olaraq ilk dəfə 1750-ci illərdə insanların neft, qaz, kömürü intensiv yandırması nəticəsində və 1950-ci illərdə avtomobillərdən çox istifadə edilməsi ilə bağlı atmosferdə karbon qazının səviyyəsinin artması ilə bağlıdır. Hazırda iqlim dəyişikliyi kimi problemi aradan qaldırmağın yolları dünya dövlətlərinin qarşısında duran əsas vəzifədir. Atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetdə hava şəraitinin anomal hala gəlməsi bütün bunlar insanların həyatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. Təkcə bunlarmı? Yox, əlbəttə. Təbii resursların vəziyyəti və dövlətlərin dayanıqlı inkişafı da sual altındadır. Bir yandan da müharibələr…

Bu məqsədlə noyabr ayında dünyanın müxtəlif ölkələrindən ekspertlər dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişmələrini və onun planetimizə təsirini müzakirə etmək üçün ölkəmizdə toplaşacaqlar. Onlar qlobal istiləşmə ilə bağlı problemlərin mümkün həll yollarını müzakirə edəcək, tədqiqat və təcrübələrini bölüşəcək, həmçinin bu prosesin fəsadlarını azaltmaq üçün birgə strategiyalar hazırlayacaqlar. Bəs onları bir araya gətirən missiya nədir? Təbii ki, COP29 - yəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası.

İqlim dəyişmələri probleminə həsr olunan konfransın tarixinə nəzər salsaq görərik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə “insanların iqlim sisteminə təhlükəli müdaxiləsi” ilə mübarizə aparmaq üçün ölkələr arasında imzalanan beynəlxalq müqavilədir. Qeyd edək ki, 12 iyun 1992-ci ildə Rio de Janeyro şəhərində 154 ölkə bu beynəlxalq hüquqi sənədi imzaladılar və 1994-cü ildə Konvensiya qüvvəyə mindi. Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. COP-un missiyası isə konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır.

Hər il keçirilən konfransa rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Konfransa dünyada olan bütün ölkələr üzvdür və buna görə də COP tədbirləri ən çox dünya liderini bir araya gətirən toplantılar kimi tarixə düşüb. Xatırladaq ki, ilk Tərəflər Konfransı 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib.

Həmin ildən etibarən Konvensiyanın tərəfdarları iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il keçirilən Tərəflər Konfransında (COP) görüşürlər. COP 1997-ci il Kioto Protokolu və 2015-ci il Paris Sazişi kimi əsas beynəlxalq müqavilələr üzrə danışıqlar üçün forum olmuşdur. Bu sənədlər qeyd olunduğu kimi istixana qazları emissiyalarının azaldılması və baş verən iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində mühüm addımlardır.

Tərəflər Konfransına BMT-nin beş regional qrupu növbə ilə ev sahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. COP-un sonuncu toplantısı ötən il  Dubayda keçirilib. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi olaraq seçildi. Bu Konfrans iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur.

Azərbaycanın COP29-a, Braziliyanın COP30-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir. COP çərçivəsində Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 dərəcədə saxlamaq üçün birgə fəaliyyət göstərəcək.

Vurğulamaq lazımdır ki, ölkəmizin yekdil dəstəyilə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi, ilk növbədə, ciddi diplomatik uğurdur. Bu uğurun əldə edilməsi uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, ölkəmizin özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Adətən COP regional qruplara aid olan böyük, inkişaf etmiş və nüfuzlu dövlətlər tərəfindən təşkil edilir. Ona görə də Tərəflər Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi onun nüfuzunun beynəlxalq aləmdə yüksək səviyyədə olduğunu bir daha sübut edir. Xüsusilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransda bərpaolunan enerji gündəliyimizi təkcə günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmayaraq, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdirmək prioritet məsələlərdəndir.

Dövlət başçısının qeyd olunan ərazilərlə bərabər, Naxçıvanı da “yaşıl enerji” zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi müəyyənləşdirilib. Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır.

Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Belə ki, yeni Günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb.

Beləliklə, ölkəmizin apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir.

Həmçinin iqlim təsirlərinin, ətraf mühitin dəyişməsinin və ekoloji problemlərin milli təhlükəsizlik və sülhlə əlaqəli olduğunu da inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir. Bu konfrans, həmçinin dünyada gərginliyin azaldılmasına, sülhün bərqərar olunmasına da təsir göstərəcək. Göründüyü kimi, ölkəmizin bu qlobal tədbir vasitəsilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm "yaşıl enerji"nin inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə də böyük töhfələr verəcək.

Ümumiyyətlə, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ekoloji problemlərin müasir dünyada qlobal xarakter alması “yaşıl enerji”yə olan tələbatı daha da aktuallaşdırır. Ən önəmlisi isə bütün dünyada ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl yollar”la ödənilməsidir.

Bu baxımdan ölkəmizin qeyd olunan istiqamətdə atdığı addımlar dünya birliyi tərəfindən də müsbət qarşılanır. Azərbaycan şərq ilə qərb, Avropa ilə Asiya dövlətləri arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına əvəzsiz töhfələr verir və hal-hazırda da verməkdədir. Ölkəmiz qlobal problemlərin həllinə yüksək həssaslıqla yanaşır və “yaşıl enerji”yə keçidlə bağlı tutduğu mövqeyə hər zaman sadiqdir.

İradə QULİYEVA

Ədliyyə Nazirliyinin əməkdaşı,

  I dərəcəli ədliyyə qulluqçusu

Nəşr edilib : 04.09.2024 11:02