Hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermən...
14:23 24.04.2025
0
0
0
NAXÇIVAN :
24 Aprel 2025, Cümə axşamı
İngilis dili beynəlxalq dil olduğu üçün bu dildə dünyanın bir çox ölkəsində ixtisaslar öyrədilir. Bunun üstünlükləri çoxdur, xüsusilə qlobal miqyasda təhsil və karyera baxımından əmək bazarında rəqabət qabiliyyəti artır. Muxtar respublikamızda savadlı kadrların hazırlanmasında böyük rolu olan Naxçıvan Dövlət Universitetində İngilisdilli Tibb ixtisasının tədris olunması bu baxımdan böyük əhəmiyyətə malikdir. Bu ixtisasa qəbul həm yerli, həm də əcnəbi tələbələr üçün nəzərdə tutulub. Tibb ixtisasının ingilis dilində tədrisi həm xarici ölkə universitetləri ilə əməkdaşlıqların inkişafı, həm də tələbələrin daha peşəkar mütəxəssis kimi yetişmələrinə imkan verib. Biz də mövzu ilə bağlı daha ətraflı məlumatı Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsinin müdiri Şahin Əliyevdən aldıq. Şahin müəllim bildirdi ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində İngilisdilli Tibb ixtisası 2023-2024-cü tədris ilindən tədris olunmağa başlayıb. Bu il tibb ixtisasında birinci kurs üzrə 36 tələbə təhsil alır, bunlardan 13 nəfəri xarici, 23-ü isə yerli tələbədir.
Şahin müəllimin sözlərinə görə Naxçıvan Dövlət Universiteti beynəlxalq səviyyədə akkreditasiya olunmuş ixtisasların sayını artırmağı və yeni ikili diplom müqavilələri imzalamağı, eyni zamanda xarici tələbə sayını artırmağı və xarici tələbələrin müraciət edəcəyi ixtisasları şaxələndirməyi hədəf kimi müəyyənləşdirib. Eyni zamanda universitetin əməkdaşlıq etdiyi xarici universitetlərin klinikalarında tələbələrin təcrübə keçməsi təmin olunur. Ümumilikdə, universitetdə ingilis dilində tibb təhsili tələbələrə beynəlxalq təhsil və karyera imkanları, müasir tədris resursları və geniş elmi əməkdaşlıq şəbəkəsi təqdim edir. İngilisdilli Tibb ixtisasında təhsil alan tələbələr Avropanın müxtəlif universitetləri ilə ikili diplom layihələrində iştirak imkanı qazanır, həmçinin mübadilə proqramları vasitəsilə xarici ölkələrdə təhsilalma imkanına sahib olurlar. Bu da onların beynəlxalq səviyyədə tanınan diplomlar əldə etmələrinə və geniş peşəkar şəbəkə qurmaqlarına şərait yaradır.
Universitetin İngilisdilli Tibb ixtisasında təhsil alan Şərqi Afrikadan gələn tələbə Olivier Rugamba deyir ki, buraya qəbul olduğum üçün çox sevindim, çünki mənim arzum tibb təhsili almaq idi. Ölkəmdə isə bu arzu gerçəkləşmirdi, çünki tibb tələbələri üçün yerlər çox az və hökumət tərəfindən subsidiyalar məhdud idi. Ona görə də mən fürsəti dəyərləndirib bura gəlməyə qərar verdim. Bu ixtisasda oxumağım və tədrisin ingilis dilində olması üçün çox şanslıyam. Gələcəkdə neyrocərrahiyyə və ya onkologiya üzrə ixtisaslaşmaq planım var.
Tibb fakültəsinin ingilis bölməsində təhsil alan digər tələbə Rüqəyya Məsimli deyir ki, bu ixtisas mənim üçün yalnızca bir peşə seçimi deyil, eyni zamanda gələcəkdə insanlara sağlamlıq bəxş etmək, cəmiyyətə töhfə vermək üçün bir yoldur. İngilis bölməsində təhsil almağın əsas üstünlüklərindən biri beynəlxalq səviyyəli tibbi biliklərə daha erkən mərhələdə yiyələnmək və dünyanın istənilən yerində peşəkar kimi çıxış edə bilmək imkanlarıdır. Dərslər müasir tədris metodları əsasında keçilir. Dərs prosesi yalnız dərs oxumaqdan ibarət deyil, bizdən aktiv iştirak, öz fikirlərimizi ifadə etmək və komanda şəklində işləmək də tələb olunur. Bu da özünü inkişaf etdirmək və həkim kimi formalaşmaq üçün gözəl bir fürsətdir. Rüqəyya onu da deyir ki, ingilis bölməsində oxumaq gələcək üçün möhkəm təməl yaradır. Ən böyük üstünlüklərdən biri də odur ki, burada beynəlxalq mənbələrlə işləmək, elmi ədəbiyyat oxumaq və xarici dillərdə tədqiqat aparmaq imkanları yaradılıb. İngilis dilində təhsil almaq, gələcəkdə istər rezidentura, istər hospitasiya, istərsə də beynəlxalq elmi konfranslarda iştirak üçün güclü bazanın formalaşmasına da imkan verir. Bu ixtisasın ingilis dilində tədris olunmasının üstün cəhətlərindən digər biri tələbələrin elmi yazı yazmaq, beynəlxalq tibbi protokolları başa düşmək və daha geniş perspektivdə düşünmək qabiliyyəti qazandırmasıdır. Bu sahədə ixtisaslaşmaq üçün Avropa ölkələrinə üz tutub, mütləq ki, ölkəm üçün çalışacağam. Hələ irəlidə 5 il var və bu, böyük bir zamandır, amma bir o qədər də şərəfli bir yoldur.
Müsahiblərimizin söhbətlərindən belə qənaətə gəldim ki, tibb elminə töhfə vermək, beynəlxalq jurnallarda məqalələr dərc etdirmək və elmi mühitdə tanınmaq üçün ingilis dilində təhsil alan tələbələrin daha geniş imkanları var. Bununla da onlar xarici xəstəxana və ya təşkilatlarda işləyə bilər. İngilisdilli təhsil həm də məzunlara gələcəkdə digər tələbələrə ingilis dilində dərs demək, yəni pedaqoji fəaliyyətlə məşğul olmaq və beynəlxalq layihələrdə konsultant kimi fəaliyyət göstərmək imkanı verəcək.
Bülbül QULİYEVA
Digər xəbərlər