Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki ə...
14:56 02.12.2024
0
0
1
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Qədim xalq yaradıcılığı növlərindən olan dekorativ-tətbiqi sənətin ən qədim sahələrindən biridir xalçaçılıq sənəti. Bu sənət müasir dövrümüzdə də yaşadılmaqdadır. Xalqımızın yaşam tərzini özündə ehtiva edən xalçaçılıq sənəti xanımlarımızın zərif əllərindən ilmələr vasitəsilə ərişlərə toxunur. Naxçıvanda da uzun bir inkişaf tarixi olan xalçaçılığın yaşadılması yönündə məqsədyönlü addımlar atılır.
Bu dəfə qədim sənət növünə ömrünü həsr etmiş xalçaçı Gülüsüm Kəngərli fəaliyyətini qələmə almaq istədik. Onun toxuduğu xalçalar bu sahənin mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilir. Babək rayonunun Vayxır kəndində dünyaya göz açan Gülüsüm Əliyeva xalçaçılığın ilk sirlərini 9 yaşında olarkən böyük bacısından öyrənib. Onun toxuduğu xalçalar muxtar respublika ilə yanaşı, digər ölkələrdə də sərgilərin yaraşığına çevrilib. Müsahibimizlə söhbətimiz zamanı deyir ki, indiyə kimi 100-dən artıq müxtəlifölçülü xalçalar toxuyub. Adətən, toxuduğu xalçaların kiçikhəcmli olmasına daha çox önəm verir. Çünki hədiyyəlik üçün kiçikölçülü xalçalara tələbat daha çoxdur. Müsahibimiz deyir: “Fəxr edirəm ki, muxtar respublikaya qonaq gələn bir çox xarici ölkə nümayəndələrinə mənim də əl işlərim hədiyyə kimi təqdim olunub. Və həmin o xalçalar “Naxçıvan xalçası” adı ilə xarici ölkələrdə yaradıcılıq məhsulumuz kimi nümayiş etdirilir”.
Bu gün Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı kimi fəaliyyət göstərən Gülüsüm Kəngərli yaradıcılığını həmin muzeydə davam etdirir. Xüsusilə qeyd etmək istəyirik ki, Gülüsüm xanım bu sənəti həm də gələcək nəsillərimizə öyrədir. Xalça Muzeyi ilə yanaşı, o, Naxçıvan Regional Peşə-Tədris Mərkəzində müəllim kimi də çalışır.
Gülüsüm xanımın xalçaçılıq sənətinə olan sevgisi və əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb və “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər