NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

İllərin zəhməti öz bəhrəsini verib

...

Vətən uğrunda canından keçən qəhrəmanlarımızın bizə əmanət qoyduğu övladlar bu gün öz  nailiyyətləri ilə qürur mənbəyinə çevrilirlər. Onların hər bir uğuru həm şəhid atalarının ruhunu, həm də bizi sevindirir. 
Bu gün haqqında danışacağımız gənc qazandığı hər uğurla şəhid atasının adını ucaldan Məhəmməd Cəfərovdur. Atası şəhid kapitan Elnur Cəfərov Vətən uğrunda canını fəda edərək əbədiyyətə qovuşanda Məhəmmədin cəmi dörd yaşı var idi. Atası ilə uzun illərin xatirələrini bölüşmək ona qismət olmasa da, o, atasının qəhrəmanlığı ilə böyüyüb, onun adına layiq övlad olmağı özünə ən böyük məqsəd seçib. Bu gün qazandığı hər nailiyyətlə sanki atasının yarımçıq qalan arzularını yaşadır, onun ruhunu qürurlandırır.
İllərin zəhməti, əzmi və məqsədyönlü hazırlığı öz bəhrəsini verib. Məhəmməd qəbul imtahanında 650 bal toplayaraq böyük uğura imza atıb. Gələcəkdə hüquqşünas olmaq arzusunda olan Məhəmməd qazandığı yüksək nəticə ilə qarşısına qoyduğu məqsədə doğru inamla addımladığını sübut edib. Onun əldə etdiyi bu uğur təkcə bir abituriyentin nailiyyəti deyil, həm də şəhid övladlarının güclü iradəsinin, Vətən sevgisinin və əzmkarlığının parlaq nümunəsidir. Məhəmmədin uğuru bir daha göstərir ki, qəhrəmanların övladları da öz həyat yollarında qəhrəmanlıq ruhunu yaşatmağı bacarırlar.
Hüquq sahəsində təhsil almaq istəyən Məhəmməd gələcəkdə vicdanlı, ədalətli və prinsiplərinə sadiq bir hüquqşünas olaraq cəmiyyətə xidmət etməyi qarşısına məqsəd qoyub. O bu yolda atasının şərəfli ömür yolunu özünə nümunə seçir. Atası şəhid kapitan Elnur Cəfərov kimi Məhəmməd də gələcək fəaliyyətində haqqın və ədalətin yanında olmağı ən böyük amal hesab edir.
Atasının müqəddəs adını daim uca tutmağa çalışan Məhəmməd bu uğuru ilə bir daha sübut edir ki, şəhidlərimizin əmanətləri onların arzularını yaşatmağa, ölkəmizin gələcəyini qurmağa qadirdirlər. Onun qazandığı uğur ailəsinin, müəllimlərinin və onu tanıyan hər kəsin sevincinə çevrilib.
Bu gün Məhəmməd Cəfər­ovun əldə etdiyi nəticə bizə bir həqiqəti yenidən xatırladır: şəhidlər ölmür, onların adı da, amal uğrunda böyüyən övladları da yaşayır. Vətən uğrunda canından keçən qəhrəmanların əmanətləri yeni uğurlarla Azərbaycanın gələcəyini işıqlandırmağa davam edir.

Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 27.06.2026 17:50