NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

İllərin deyil, izlərin yubileyi

...

Xanəli Kərimli – 75

İnsan ömrünün dəyəri yalnız yaşadığı illərlə ölçülmür. Bəzi insanlar ömürlərini zamanın içində yaşayır, bəziləri isə yaşadıqları zamanın yaddaşında iz qoyurlar. Elə şəxsiyyətlər var ki, onların ömrünü təqvim vərəqləri ilə ölçmək düzgün deyil. Çünki belə insanların həyatında illər yalnız yaşanmış zaman deyil, həm də düşüncənin, sözün, zəhmətin, mənəvi dəyərlərin və insanlara bəxş edilən işığın ölçüsüdür. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli də ömrünü sözə, elmə, ədəbiyyata və insan yetişdirməyə həsr edən, yaşadığı illəri mənəvi izə çevirən şəxsiyyətlərdəndir.

75 yaş... Bu rəqəm bir ömrün uzunluğunu ifadə etməklə yanaşı, həm də yaşanmış həyatın, görülmüş işlərin, düşünülmüş fikirlərin, yazılmış əsərlərin və qazanılmış ehtiramın ifadəsidir. Lakin söz adamının, müəllimin, alimin ömrünü yalnız yaşla ölçmək doğru olmaz. Onun ömrü qələmə aldığı misralarda, elmi araşdırmalarında, tələbələrinin yaddaşında, həmkarlarının münasibətində, zamanın sınağından keçən fikir və duyğularında yaşayır.

Məlumdur ki, alimlik və şairlik fərqli düşüncə sahələridir. Çünki alim faktın, məntiqin, təhlilin və elmi qənaətin arxasınca gedir, şair isə duyğunun, obrazın, sözün və mənanın dərinliklərinə yol açır. Bu iki dünyanı özündə birləşdirən insanın düşüncə tərzi isə daha geniş mənəvi üfüqlər yaradır. Xanəli Kərimlinin şəxsiyyətində alim təfəkkürü ilə şair duyğusunun bir-birini tamamlaması onun həyat və yaradıcılıq yolunun diqqətəlayiq cəhətlərindəndir. Bu vəhdət onun sözə yanaşmasında, ədəbiyyata münasibətində, insan və həyat haqqında düşüncələrində özünü daha qabarıq göstərir.

Müəllimlik isə onun həyatında ayrıca bir mənəvi missiyadır. Müəllim yalnız bilik ötürən deyil, həm də düşünməyi öyrədən, insanın dünyagörüşünü formalaşdıran, tələbələrinin yaddaşında ömür boyu yaşayan şəxsdir. Mən Xanəli müəllimi yalnız yaradıcılığına, elmi fəaliyyətinə görə deyil, həm də vaxtilə mənə ali məktəbdə dərs deyən müəllimim kimi xatırlayıram və ona xüsusi hörmət bəsləyirəm. Bu gün eyni kafedrada çalışmaq, vaxtilə müəllimim olmuş insanla həmkar olmaq bəlkə də, həyatın insana bəxş etdiyi bir xoşbəxtlikdir. Bir vaxtlar onun dərslərində dinləyici olan tələbənin sonralar eyni elmi mühitdə həmkar kimi fəaliyyət göstərməsi təkcə peşə münasibətinin dəyişməsi deyil, həm də müəllim əməyinin, elmi və mənəvi təsirinin davamlılığını ifadə edir. Əsl müəllimin böyüklüyü yalnız öyrətdiyi dərslərlə deyil, yetişdirdiyi insanların həyatında qoyduğu izlərlə ölçülür. Onun elmi, ədəbi və insani dünyasından bəhrələnən tələbələri, həmkarları, oxucuları varsa, bu, ömrün ən qiymətli qazancı deyilmi? Bəlkə də, insanın arxasında qoyduğu ən böyük miras, iz nə maddi sərvət, nə də yalnız kitablar olur. Ən böyük miras onun düşüncəsinə, sözünə, davranışına və şəxsiyyətinə ehtiramla yanaşan insanların yaddaşıdır.

Xanəli Kərimlinin 75 illik ömür yoluna nəzər salmaq həm də sözə sədaqətin, elmə bağlılığın, müəllimlik məsuliyyətinin və insan olaraq öz mənəvi dəyərlərini qorumağın əhəmiyyətini bir daha xatırlamaqdır. Təbii haldır ki, illər insanın üzündə izlər qoyur, amma hər kəsin ömründə mənəvi iz qoymaq imkanı olmur. Bu imkan zəhmətlə, vicdanla, yaradıcılıqla və şəxsiyyət bütövlüyü ilə qazanılır.

İlk növbədə, Xanəli Kərimlinin yaradıcılığında daha çox üstünlük təşkil edən şairliyindən bəhs etmək istərdim. Onun poeziyasına nəzər saldıqda diqqəti çəkən cəhət onun sözə münasibətindəki prinsipiallıq, düşüncəsindəki milli-mənəvi dayaq və insan taleyinə həssas yanaşmasıdır. Onun şeirlərində vətən, azadlıq, haqq, vicdan, insan xarakteri, zaman və ömür haqqında düşüncələr bir-birindən ayrı mövzular kimi deyil, vahid mənəvi dünyagörüşünün tərkib hissələri kimi meydana çıxır.

Şairin yaradıcılığında vətən anlayışı coğrafi məkan çərçivəsindən daha geniş məna daşıyır. Vətən onun üçün ürəyin yükü, insanın mənəvi borcu, ömrünə istiqamət verən müqəddəs dəyərdir. Bu bağlılıq bəzən sakit etiraf, bəzən isə qətiyyətli poetik bəyan şəklində ifadə olunur:

Hələ bir kimsədən minnət çəkmədən,
Beləcə bir ömür yaşayıram mən.
Odu səngiməyən şam ürəyimi,
Ey Vətən, səninçün daşıyıram mən.

Bu misralarda Vətən sevgisi çağırışdan çox, ömürlük məsuliyyət və daxili sədaqət kimi təqdim edilir. Şairin “Mən Turan şairiyəm” misrası ilə başlayan poetik bəyanında isə milli düşüncə daha geniş tarixi-mədəni müstəviyə yüksəlir:

Mən Turan şairiyəm,
Həqiqətin aşiqi!
Zəfərin dan yeriyəm!
Azadlıq bayraqdarı,
Köləliyin qənimi,
Bəşəriyyət hürriyyəm...
Mən Turan şairiyəm!.

Bu misralarda şair öz poetik kimliyini müəyyənləşdirərkən onu yalnız müəyyən coğrafiyanın, ədəbi mühitin və ya milli düşüncənin nümayəndəsi kimi deyil, həqiqət və azadlıq ideallarının daşıyıcısı kimi təqdim edir. “Həqiqətin aşiqi” ifadəsi poetik kimliyin əsasını müəyyənləşdirir. Aşiqlik burada romantik duyğudan daha geniş məna daşıyır, həqiqətə bağlılıq, onun uğrunda mübarizə aparmaq və bu yolda mənəvi məsuliyyət daşımaq anlamına gəlir. “Azadlıq bayraqdarı”, “köləliyin qənimi”, “bəşəriyyət hürriyyəm” ifadələri isə şairin düşüncə sərhədlərinin milli çərçivə ilə məhdudlaşmadığını göstərir. Bu poetik mövqedə azadlıq yalnız siyasi və ictimai anlayış deyil, insanın mənəvi varlığının əsas şərti kimi təqdim olunur. Şairin Turan ideyasını bəşəri hürriyyət düşüncəsi ilə əlaqələndirməsi milli duyğu ilə ümumbəşəri dəyərlər arasında poetik körpü yaradır.

Şairin “Azərbaycan”, “Şəhidlər ”, “Xiyabani demiş”, “Gəzərəm vətəndə itən vətəni”, “Toğluqayanın Savalana məktubu”, “A Kür bacım” və başqa əsərlərində vətən düşüncəsi bütövlük, tarixi yaddaş, milli kimlik və ayrılıq ağrısı ilə birləşir. Onun vətən mövzulu şeirlərində coğrafi sərhədlərdən daha çox mənəvi sərhədsizlik, xalqın taleyi və bütövlük arzusu diqqəti çəkir. Həm də Xanəli Kərimli vətən sevgisini yalnız poetik pafosla deyil, insanın daxilində yaşayan nisgillə ifadə etməyə çalışır. Bu nisgil bəzən torpağın, bəzən tarixin, bəzən də insanın öz doğma kimliyinə qovuşmaq arzusunun ifadəsinə çevrilir. Şairin poetik düşüncəsində vətənə bağlılıq bir hiss olmaqdan çıxaraq mənəvi mövqeyə çevrilir. Məhz buna görə onun vətəndaşlıq lirikasında oxucu yalnız şairin duyğularını deyil, özünün də yaddaşında yaşayan milli və mənəvi həqiqətləri duyur.

Xanəli Kərimlinin “Şair haqqın yolçusudur” misrası isə onun poetik kredosunun mahiyyətini açan ifadələrdən biridir. Xanəli Kərimli üçün şairlik yalnız duyğuları ifadə etmək istedadı deyil, həqiqətin qarşısında məsuliyyət daşımaqdır. Onun “Şair haqqın yolçusudur” misrası ilə başlayan fikirləri sənətkarın mənəvi mövqeyini aydın şəkildə ifadə edir:

Şair haqqın yolçusudur,
Haqq yolu kəfən yoludur.
Kəfəni özü biçənin
Yolu da Vətən yoludu.

Xanəli Kərimlinin söz dünyasında haqq anlayışı yalnız abstrakt bir fəlsəfi kateqoriya deyil. Haqq insanın özünə, sözünə, əməyinə, vətəninə və mənəvi dəyərlərinə sədaqətidir. Belə bir sədaqət isə zamanın dəyişən münasibətlərinə, həyatın sınaqlarına və insanın qarşılaşdığı çətinliklərə baxmayaraq, öz mövqeyini qorumaq deməkdir. Haqq yolunun kəfən yolu ilə əlaqələndirilməsi şairin həqiqət uğrunda mübarizəni asan, rahat və təhlükəsiz yol kimi deyil, fədakarlıq tələb edən mənəvi seçim kimi qəbul etdiyini göstərir. Bu düşüncədə şairlik yalnız estetik fəaliyyət deyil, mövqe, məsuliyyət və mənəvi cəsarətdir. Vətən yolunun kəfən yolu ilə əlaqələndirilməsi isə vətəndaşlıq duyğusunun, vətənə bağlılığın və haqq uğrunda mübarizənin poetik ifadəsidir. Bu mövqe onun ucuz şöhrətə və zahiri münasibətlərə qarşı sərt münasibətində də davam edir:

Ucuz şöhrət üçün, ucuz ad üçün
Mən öz istəyimə dönük çıxmadım.
Ucuz şöhrətlərdə ucuz ölümdü,
Təmənna xatirinə əllər sıxmadım,
Mən öz istəyimə dönük çıxmadım.

Bu misralar sənətkarın öz yaradıcılıq və şəxsiyyət prinsipinə sadiqliyini ifadə edir. Şair üçün şöhrətin dəyəri onun necə qazanılmasından asılıdır. Mənəvi ölçünü itirən uğur isə onun düşüncəsində həqiqi uğur sayılmır.

Xanəli Kərimlinin söz dünyasına nəzər saldıqda insanın, vətənin, milli yaddaşın, mənəvi dəyərlərin və həyat həqiqətlərinin poetik ifadəsini görürük. Onun şair kimliyində yalnız duyğuların deyil, həm də düşüncənin, müşahidənin, həyat təcrübəsinin və mənəvi axtarışların izləri var. Həm də şairlik onun üçün sadəcə, sözlərin ahəngdar düzümü deyil, insanın daxili dünyasına, zamanın ağrılarına, cəmiyyətin mənəvi mənzərəsinə münasibət bildirmək vasitəsidir. Sözün məsuliyyətini duymaq, onu həqiqətin və düşüncənin ifadəsinə çevirmək isə hər qələm sahibinin bacardığı iş deyil. Şairin diqqət mərkəzində yalnız böyük ictimai ideyalar deyil, gündəlik həyatda insanı insan edən keyfiyyətlər də dayanır. O, insan münasibətlərindəki ziddiyyətləri bəzən bir neçə misra ilə açan yığcam və obrazlı ifadələrdən istifadə edir:

Əyri xətlər kimi əyri adamlar
Birləşə bilirlər istədiyi an.
Paralel xətlərtək düz adamlarsa,
Birləşə bilmirlər heç vaxt, heç zaman.

Həndəsi anlayışlar üzərində qurulan bu bənzətmə insan xarakterinin mürəkkəbliyini açır. Şair düz insanların bir araya gəlməkdə çətinlik çəkməsini, əyri niyyətli insanların isə mənafe naminə asanlıqla birləşməsini düşündürücü poetik qarşılaşdırma ilə təqdim edir:

Utanmaq özü də bir ucalıqdı,
İndi çox az qalıb bu ucalıqlar.
Utanmaq hissindən mərhum olandan
Bütöv bir millətə qara qorxu var.

Bu misralarda utanmaq zəiflik deyil, mənəvi ucalıq kimi dəyərləndirilir. Vicdan, xəcalət və özünənəzarət insanın daxili aləmini qoruyan keyfiyyətlərdir. Şair bu hisslərin itirilməsini təkcə fərdi mənəvi problem deyil, bütöv cəmiyyət üçün təhlükə kimi görür:

Oxucum, zənn etmə bir mələyəm mən,
Mən də bir insanam insanlar kimi.
Haqqın tərəzisi elin gözüdür,
Məni eldən soruş bilənə kimi.

Şairin bu etirafı isə onun özünə və oxucuya münasibətində səmimiyyətini göstərir. O, özünü qüsursuz obraz kimi təqdim etmir, insan olduğunu etiraf edir və son qiyməti xalqın, elin ədalətli mühakiməsinə buraxır. Bu yanaşma bir növ şairin təvazökarlığını və ictimai məsuliyyət hissini göstərir.

Xanəli Kərimli poeziyasında diqqətçəkən digər istiqamət insanın öz mənəvi dünyası ilə üzləşməsidir. Onun şeirlərində insan bəzən cəmiyyətin qarşısında, bəzən həyatın sərt sınaqları qarşısında, bəzən isə öz vicdanı qarşısında dayanır. Bu poetik qarşılaşmalar insanı yalnız başqalarını deyil, özünü də sorğulamağa çağırır. “Bu da bir nağıldı...” şeirində şairin öz ömrünü nağıl metaforası ilə təqdim etməsi, yaşanan həyatın ağrılarını, insanlara münasibətini, haqq uğrunda mübarizəsini və daxili ziddiyyətlərini açması diqqətəlayiqdir. Şeirdəki “Mən özüm canlı bir nağılam, bala” misrası ömrün, sadəcə, yaşanmış hadisələr toplusu deyil, oxunmağa, anlaşılmağa və mənalandırılmağa ehtiyacı olan bir həyat kitabı olduğunu diqqətə çatdırırır.

Xanəli Kərimlinin poeziyasında zamanın keçiciliyi, insanın faniliyi və öz taleyi qarşısında məsuliyyəti də mühüm yer tutur. Şair bəzən özünə müraciət edərək şöhrət və iddia qarşısında təmkinli olmağı xatırladır:

Ay Xanəli, çox da zilə çıxma sən,
Tale də sən, qismət də sən, bəxt də sən.
Unutma ki, karvan adlı köçdəsən,
Bir gün o yan, bir gün bu yan...

Bax da sən!

Bu misralarda özünə ünvanlanan söz həm nəsihət, həm də ömür haqqında düşüncədir. Karvan obrazı həyatın dayanmadığını, insanın isə bu böyük köç içində öz yerini və ölçüsünü bilməli olduğunu xatırladır. Şairin özünə qarşı tələbkarlığı onun başqalarına ünvanladığı mənəvi çağırışlarla səsləşir:

Mənə bu dünyanın var-dövlətindən
Çatan bir qələmdir, bir də ağ kağız.
Narahat gündüzüm, yuxusuz gecəm,
Həmdəm olub mənə, qoymadı yalqız.

Qələm və ağ kağız şairin dünyasında, sadəcə, yaradıcılıq vasitəsi deyil, həm də mənəvi həmdəm, ömrün tənhalığını bölüşən sirdaşdır. Bu misralarda maddi sərvətdən çox sözə, düşüncəyə və yaradıcılıq zəhmətinə verilən dəyər hiss olunur. Şairin narahat gündüzü və yuxusuz gecəsi isə sözün arxasında dayanan daxili əməyi, yaradıcı nigarançılığı ifadə edir.

Xanəli Kərimlinin təqdim olunan şeir nümunələri göstərir ki, onun poetik dünyasının mərkəzində insanın azadlığı, Vətənə sədaqəti, həqiqətə bağlılığı və vicdan qarşısında məsuliyyəti dayanır. Bu poeziyada şair özünü həm cəmiyyətin içində, həm də öz vicdanı qarşısında hesabat verən insan kimi təqdim edir. Onun sözü bəzən etiraz edir, bəzən etiraf edir, bəzən nəsihət verir, bəzən də oxucunu susaraq düşünməyə çağırır.

Onu da qeyd edim ki, Xanəli Kərimlinin şəxsiyyətini yalnız poetik yaradıcılığı çərçivəsində dəyərləndirmək onun mənəvi portretini tamamlamaq üçün kifayət etmir. Alimlik, şairlik və müəllimlik bir-birindən fərqli fəaliyyət sahələri olsa da, onların ortaq mənəvi mənbəyi var: düşünmək, həqiqəti axtarmaq və insanlara fayda vermək. Alim həqiqəti araşdırır, şair onu duyğu və obrazlarla ifadə edir, müəllim isə həmin həqiqətə aparan düşüncə yolunu başqalarına göstərir. Bu mənada, onların vəhdəti bir insanın peşə kimliyindən daha artıq, mənəvi bütövlüyünün göstəricisidir.

Xanəli Kərimlinin 75 illik ömür yoluna nəzər salarkən yubileyin yalnız yaşın tamamlanması olmadığının bir daha şahidi oluruq. Bu həm də sözə sədaqətin, elmə bağlılığın, müəllimlik məsuliyyətinin və insanın öz mənəvi dəyərlərini qorumasının əhəmiyyətini bir daha bizlərə xatırladır. Və son olaraq düşünürsən ki, həqiqətən də, illər insanın ömründə izlər qoyur, lakin hər kəsin başqalarının yaddaşında mənəvi iz buraxmaq imkanı olmur. Bu iz zəhmətlə, vicdanla, yaradıcılıqla, elmi axtarışla və şəxsiyyət bütövlüyü ilə qazanılır.

75 yaşın zirvəsindən geriyə baxmaq təkcə keçmişi xatırlamaq deyil, həm də gələcək sözün məsuliyyətini duymaqdır. Çünki həqiqi söz adamı, müəllim, alim üçün yaşın tamamlanması yaradıcılığın tamamlanması demək deyil. Sözün hələ deyilməmiş həqiqətləri, qəlbin hələ ifadə olunmamış duyğuları, düşüncənin hələ açılmamış yolları var.

Hörmətli Xanəli müəllim! Sizi 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, mənalı ömür, yeni yaradıcılıq uğurları arzulayıram. Əlbəttə ki, vaxtilə müəllimim olmuş, bu gün isə həmkar kimi çalışdığım bir insanın yubileyini sözlə ifadə etmək mənim üçün həm mənəvi borc, həm də xüsusi bir qürurdur. Arzu edirəm ki, ömrünüzün bundan sonrakı illəri də sağlamlıq, könül rahatlığı, yeni yaradıcılıq uğurları, sevgi və ehtiramla dolu olsun. Qələminiz susmasın, sözünüzün işığı azalmadan yeni nəsillərin düşüncəsinə yol açsın!

Yubileyiniz mübarək, əziz müəllimim!

Aypara BEHBUDOVA

filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 27.11.2026 09:15