Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinald...
12:57 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Müasir dünyada təhsilin keyfiyyəti və beynəlxalq standartlara uyğunlaşmaq hər bir ölkənin inkişaf yolunda prioritet məsələlərdən biridir. Azərbaycanda da bu sahədə mühüm addımlar atılır, yeni təşəbbüslər irəli sürülür. Naxçıvanda keçirilən görüşdə uşaq cərrahı, Azərbaycan Böyük Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri İlhamə Cəfərli təhsil sistemində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb.
İlhamə Cəfərli bildirib ki, rəhbərlik etdiyi Assosiasiyanın əsas məqsədi Azərbaycan təhsil müəssisələrini daha yüksək səviyyəyə qaldırmaq, onların Avropa və xüsusilə də Böyük Britaniya təhsil standartlarına uyğun fəaliyyət göstərməsinə dəstək olmaqdır.
“Məqsədim buradakı tədris təşkilatlarını, universitetləri Böyük Britaniyada mövcud olan standartlara uyğunlaşdırmaqdır. Hansı sahələrdə, nələrdə çatışmazlığımız varsa, o istiqamətdə müqavilələr bağlanılır. Bunun əsasında biz Naxçıvan Dövlət Universiteti və digər universitetləri Avropa standartlarına çatdırmaq istəyirik”, – deyə o qeyd edib.
Assosiasiya sədri çıxışında Azərbaycan gənclərinin, xüsusilə də tələbələrin bacarıqlarını yüksək qiymətləndirib. Onun sözlərinə görə, tələbələrin innovativ ideyalara, yaradıcı təşəbbüslərə böyük meyli var və onların düzgün istiqamətləndirilməsi mühüm nəticələr doğura bilər.
“Çünki həqiqətən də, buradakı tələbələrdə olan potensial, onlarda olan innovativ ideyalar çox yüksəkdir. Sadəcə, onlara təkan vermək, dəstək göstərmək və yeniliklər etmək lazımdır”, – deyə İlhamə Cəfərli vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın son illərdə sürətli inkişafı bu cür layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb: “Günümüzdə Azərbaycan çox sürətlə inkişaf edir. Mən inanıram ki, bu bizim üçün ən düzgün vaxtdır. Çox sevinirəm ki, belə istedadlı tələbələrimiz var. Əgər onlar həm rəhbərlik, həm də tələbə yoldaşları tərəfindən dəstəklənsələr, biz birgə çox gözəl nailiyyətlər əldə edə biləcəyik”.
Azərbaycan Böyük Britaniya Peşəkarları Assosiasiyasının fəaliyyəti yalnız ideya mübadiləsi ilə məhdudlaşmır. İlhamə Cəfərlinin sözlərinə görə, müxtəlif universitetlərlə bağlanılan müqavilələr, həyata keçirilən birgə layihələr və proqramlar tələbələrin biliklərinin artırılmasına, onların qlobal əmək bazarına uyğun formalaşmasına imkan yaradır.
Hazırda Naxçıvan Dövlət Universiteti də daxil olmaqla ölkənin bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurulduğunu bildirən həkim bu təşəbbüslərin davamlı olacağına inandığını deyib.
“Assosiasiya yalnız bir təşkilat olaraq yox, həm də bir körpü rolunu oynayır. Buradakı universitetlərin, təhsil müəssisələrinin beynəlxalq təcrübədən bəhrələnməsi çox önəmlidir. Biz istəyirik ki, gənclərimiz Avropa standartlarına uyğun bilik və bacarıqlara yiyələnsinlər, onların xaricdə qazandıqları təcrübəni Azərbaycanda tətbiq etmələri üçün şərait yaradılsın”, – deyə o əlavə edib.
İlhamə Cəfərli vurğulayıb ki, bu gün Azərbaycan gəncləri ölkənin gələcək inkişafında mühüm rola malikdirlər. Onların elmə, təhsilə, texnologiyalara marağı, vətənə bağlılığı ölkənin sabahı üçün ümidverici faktordur.
“Əgər gənclərimiz hərtərəfli dəstəklənərsə, gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük uğurlara imza atacaqlar. Mənim üçün ən önəmli olan məqam tələbələrin öz ideyalarını reallaşdırmaq üçün güvən hissi duymalarıdır. Onlar bilməlidirlər ki, arxalarında həm dövlət, həm də cəmiyyət dayanır”, – deyə assosiasiya sədri qeyd edib.
Elnurə CƏFƏROVA
Digər xəbərlər