Naxçıvan Regional DOST Mərkəzi: “Bir pəncərə”, ope...
14:57 17.08.2026
0
0
0
NAXÇIVAN :
17 Avqust 2026, Bazar ertəsi
Zamanın daşlaşmış yaddaşı adlandırırlar memarlığı. Dünyanın ən qədim sivilizasiya ocaqlarından biri olan Naxçıvan torpağına qədəm qoyanda bu həqiqət canlı nəfəs, vizual bir əzəmət kimi insanı qarşılayır. Əsrlərin, minilliklərin küləyi bu torpağın üzərindən keçib getsə də, Naxçıvanın memarlıq irsi öz möhtəşəmliyini, öz milli kimliyini və estetik ruhunu qoruyub saxlaya bilib. Bu gün həmin əzəmətli keçmişlə müasir Azərbaycanın parlaq reallığı arasında qurulan mənəvi körpü özünəməxsus bir təmtəraqla yenidən işıqlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana növbəti səfəri və bu səfər çərçivəsində Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində dahi memar Əcəmi Naxçıvaninin abidəsinin açılışı heç də təsadüfi hadisə deyil. Bu, tarixi yaddaşın bərpası, milli ruha ehtiram və ən əsası, keçmişdən gələcəyə atılan möhkəm addımların təcəssümüdür.
“Şəhərsalma və Memarlıq İli”ndə bu tarixi hadisənin baş tutması dərin məna daşıyır. Şəhərsalma binaların, küçələrin, parkların salınması ilə məhdudlaşmır. Şəhərsalma bir xalqın dünyagörüşünün, estetik zövqünün, dövlətçilik təfəkkürünün və zamanla idarəetmə bacarığının daşda, kərpicdə, məkanda ifadəsidir. Əgər bir millətin keçmişində Əcəmi kimi ustad durursa, deməli, onun memarlıq irsi sıradan bir sənət örnəyi yox, genetik yaddaşında kodlaşdırılmış möcüzədir. XII əsrdə dahi Əcəmi “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar” deyərkən həm də əsrlər sonrakı nəsillərin də mənəvi taleyini cızmışdı. Möminə xatun türbəsinin incə naxışlarında, Yusif Küseyir oğlu türbəsinin riyazi dəqiqliyində yaşayan o ruh, bu gün müasir Naxçıvanın küçələrində, tikililərində yenidən dil açır.
Prezident İlham Əliyevin dahi memarın heykəli qarşısında dayandığı o an, əslində, iki fərqli əsrin, iki böyük quruculuq təfəkkürünün görüşü idi. Biri XII əsrin Şərq intibahını daş üzərində mozaikaya, riyaziyyata, həndəsi gözəlliyə çevirən, orta əsrlər memarlığının zirvəsini fəth edən bir dahi, digəri gücünü zəngin tarixdən alan, lakin baxışları daim gələcəyə, müasirliyə, modernləşməyə yönəlmiş XXI əsrin qüdrətli dövlət xadimi. Bu görüşdə keçmişə, sadəcə, rəmzi bir ehtiram yox idi. Burada keçmişin təcrübəsindən güc alan, onu müasir şəhərsalma konsepsiyaları ilə sintez edən böyük dövlət iradəsi var idi. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən ucaldılan bu abidə böyük Azərbaycan memarının zəngin irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovun müəllifi olduğu bu sənət əsəri ustadın irsinə verilən dəyərin ifadəsidir.
Bu gün Azərbaycanda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, işğaldan azad edilmiş torpaqlarda yenidən dirçələn şəhərlər, Naxçıvanın daha da modernləşməsi məhz həmin tarixi memarlıq məktəbinin müasir müstəvidə davamıdır.
Naxçıvan memarlıq məktəbi tarixən yalnız bir bölgənin çərçivəsində qalmayıb, bütün Yaxın və Orta Şərqin memarlıq düşüncəsinə istiqamət verib. Əcəmi Naxçıvaninin yaratdığı üslub, bişmiş kərpicdən istifadə, firuzəyi kaşı naxışların zərifliyi, həndəsi fiqurların riyazi harmoniyası, əslində, dövrünün mühəndislik möcüzəsi idi. Bu gün Naxçıvana baxdıqda, o qədim ruhun müasir şəhər strukturu ilə necə təbii, necə ahəngdar şəkildə qovuşduğunu görürük. Şəhər öz qədimliyini qorumaqla yanaşı, müasir infrastrukturun, təmizliyin və estetik nizamın nümunəsinə çevrilib. Memar Əcəminin heykəlinin ucaldılması və onun şəxsən ölkə rəhbəri tərəfindən açılışı Naxçıvanın yalnız tarixi yaddaş məkanı deyil, həm də Azərbaycanın mədəniyyət, sənət və şəhərsalma paytaxtlarından biri olduğunu bir daha bəyan edir.
Şəhərsalma həm də yaddaşın bərpası və yaşadılması sənətidir. Bu gün azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sıfırdan salınan “ağıllı şəhərlər” və “ağıllı kəndlər”, bərpa edilən tarixi-mədəni abidələrimiz göstərir ki, Azərbaycan xalqı hər zaman qurucu, yaradıcı, daşa can verən bir xalq olub. Bu gün Naxçıvanda vurulan memarlıq möhürü, keçmişlə bu günü bağlayan əsas təməl xətt mənbəyini milli-mənəvi dəyərlərdən alan müasirlik modelidir.
Bu il Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Tarixə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dahi memarın 850 illik yubileyi hələ 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunmuşdu. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə təbliğində müstəsna rol oynayır.
Ustad Əcəminin daşa həkk etdiyi o incə naxışlar, Naxçıvanın səmasında ucalan həmin abidələr, küçələrini bəzəyən yeni memarlıq nümunələri göstərir ki, o arzu sönməyib. Əksinə, yeni dövrün tələblərinə, yeni şəhərsalma standartlarına uyğun olaraq daha da cilalanıb. Prezident İlham Əliyevin bu açılışda iştirak etməsi xalqın mədəni irsinə verilən dövlət qiymətinin ali təzahürüdür. Əslində, bu gələcək nəsillərə göndərilən aydın bir mesajdır. Öz keçmişinə, öz memarına, öz daş yaddaşına sahib çıxmayan bir millət möhkəm gələcək qura bilməz.
Naxçıvan bu gün həm də tarixi ipək yolunun, müasir nəqliyyat koridorlarının və strateji geopolitik qovşaqların mərkəzində durur. Belə bir məkanın estetik siması, şəhərsalma mədəniyyəti onun həm də vizual pasportudur. Memar Əcəminin əzəmətli heykəli bu pasportun ən qiymətli möhürlərindən biridir. Hər bir şəhərin öz ruhu, öz siması var. Naxçıvanın ruhunu və kimliyini dahi ustadsız, onun yaratdığı möhtəşəmliklərdən ayrı təsəvvür etmək mümkün deyil.
Şəhərsalma və memarlıq ilində baş tutan bu addım keçmişin möhtəşəm irsini müasir Azərbaycanın zəfər, quruculuq və inkişaf erasının tərkib hissəsinə çevirir. Zaman axıb gedir, nəsillər dəyişir, lakin daşların üzərində yazılan kəlamlar, dahi əllərin yaratdığı abidələr və onları yaşadan dövlət iradəsi əbədi qalır. Əcəmi Naxçıvaninin daşlaşmış möcüzələri necə ki əsrlərdir, zamanın sınağından üzüağ çıxıb, bu gün atılan addımlar, ucaldılan yeni memarlıq abidələri və bərpa olunan şəhərlər də gələcək nəsillərə qürurla ötürüləcək mirasdır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər